Avropa Birliyi (AB) Rusiyanın “Life” layihəsinin təsisçisi, “News Media” qrupunun baş direktoru Aram Qabrelyanovu sanksiya siyahısına daxil edib.
Teleqraf.com xəbər verir ki, bu barədə AB-nin rəsmisaytında dərc olunan qərarda deyilir.
Sənəddə erməni əsilli şəxsin rəhbərlik etdiyi media qrupunun köməyi ilə aqressiv təbliğat, saxta xəbərlər və dezinformasiya yaydığı bildirilir.
“Qabrelyanov Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini pozan və təhdid edən hərəkətləri dəstəkləyir və həyata keçirir”, - mətndə vurğulanır.
Qeyd edək ki, Aram Qabrelyanov həm də 44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini hədəfə alan bədnam “War Gonzo” layihəsinin müəllifidir. O zaman bu təxribatçı projenin icraçısı rolunda çıxış edən rusiyalı jurnalist Semyon Peqov Qabrelyanovun “yerdəki yazan əl”i hesab olunurdu. Amma nədənsə Avropa Birliyi onda buna səsini çıxarmamışdı, əksini görmüşdük.
O günlərdə bir sıra Qərb nəşrləri Peqovun Qarabağdan ötürdüyü dezinformasiya və təxribatçı məlumatları böyük həvəslə “yerdən dürüst və operativ xəbər” kimi tirajlamışdılar. Qərbdə Peqova münasibət Rusiyanın təcavüz etdiyi Ukraynadan reportajlara başlayanda dəyişdi. Sahibi Qabrelayanov kimi o da Qərbin “qara siyahı”sına düşdü.
Azərbaycana gələndə “operativ jurnalist”, Ukraynaya gələndə “təxribatçı”?! Bəli, Peqov da, onun sahibi də təxribatçıdır - Ukraynada da, Azərbaycanda da. Qiymət belə olmalıydı. Ukrayna ayrı, Azərbaycan ayrı?! Riyakarlığın beləsi!