İyunun 25-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının növbəti iclası keçirilib.
“Cebhe.info” xəbər verir ki, iclasda 2022 və 2023-cü illərdə təşkil olunmuş sertifikatlaşdırma prosesindən 31 948 nəfər ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəlliminin uğurla keçdiyi qeyd edilib.
Ümumilikdə prosesdə iştirak edən müəllimlərdən Azərbaycan dili və ədəbiyyat üzrə 95%-i, ibtidai sinif üzrə 86%-i sertifikatlaşdırma prosesində uğur qazanıb.
Xatırladaq ki, cari ilin əvvəlindən etibarən ötən il sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərə onların ehtiyaclarına uyğun Təhsil İnstitutu tərəfindən təlimlər keçirilib, müxtəlif vebinar və sınaq imtahanları təşkil olunub.
Təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 10-13 iyun tarixlərində apellyasiya müraciətləri qəbul edilib. Apellyasiyaya daxil olan müraciətlər müvafiq qaydada araşdırılıb və cavablandırılıb. Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı səhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyən edilməyib.
Qeyd edək ki, iclasın yekun nəticələri Elm və Təhsil Nazirliyinə təqdim edilib.
Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdə iştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam veriləcək.