EN

Valyuta ehtiyatlarımız 70 milyard dollara çatıb

Bu ilin ilk 5 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 69,7 milyard ABŞ dollarına çatıb. Mərkəzi Bankın bu barədə məlumatına görə, həmin göstərici ilin əvvəli ilə müqayisədə 1,8 faiz və ya 1,3 milyard ABŞ dolları çoxdur.

Məlumatda qeyd edilib ki, cari ilin ilk 5 ayında profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayıb. 2024-cü ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti isə 10,1 faiz təşkil edib.

Ekspertlərin fikrincə, ölkənin strateji valyuta ehtiyatlarının davamlı olaraq artması  bir sıra amillərlə şərtlənir. Bu, ilk növbədə, Azərbaycanın bu gün qeyri-neft sektorunun inkişafı istiqamətində gerçəkləşdirdiyi islahatların ardıcıl xarakter daşıması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional layihələrin həyata keçirilməsi sayəsində dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilməsi ilə bağlıdır.   

Dövlətimizin başçısının çıxışlarının birində bununla bağlı qeyd etdiyi kimi, uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı  iqtisadiyyatın dayanıqlı surətdə inkişaf etməsinə, bir sektordan – neft-qaz sektorundan asılı olmamağa imkan verib. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına təsir etməyib. Bu, Azərbaycanın iqtisadi modelinin unikallığı və ölkəmizin  seçdiyi yolun nə qədər düzgün olmasını bir daha göstərirb.  

Yeri gəlmişkən, Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin təminatı olan valyuta ehtiyatlarının getdikcə artması iqtisadi islahatların daim diqqət mərkəzində saxlanılmasının məntiqi nəticəsidir. Xatırladaq ki, 2004-cü ildə birinci regional Dövlət Proqramı hazırlanıb qəbul edilən zaman respublikamızın valyuta ehtiyatları cəmi 1,8 milyard dollar olub. Azərbaycan, hətta ən çətin illərdə, dünyada maliyyə böhranı hökm sürdüyü dövrdə  – 2015-ci, 2016-cı, 2017-ci illərdə belə valyuta ehtiyatlarını qoruya və artıra bilib. Təkcə 2019-cu ildə ölkəmizin valyuta ehtiyatları  6,4 milyard dollar, hazırda isə yuxarıda xatırlatdığımız kimi, cari ilin ilk 5 ayında 69,7 milyard ABŞ dollar olub. 

Azərbaycanın valyuta ehtiyatlarının artmasında son illərdə yaradılan  sənaye zonalarının da mühüm təsiri olub. İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, respublikada  2024-cü ilin I rübündə sənaye zonalarında 640 milyon manat dəyərində məhsul satışı həyata keçirilib, bunun da 224 milyon manatı ixracın payına düşüb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,6 faiz, ixracında isə 28,2 faiz təşkil edib.

2015-ci ildən 2024-cü ilin I rübünün sonunadək sənaye zonalarında 12,74 milyard manat dəyərində məhsul satılıb ki, bunun da 4,1 milyard manatlıq hissəsi ixraca yönəldilib.  Bununla yanaşı, sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə ixrac edilib. Sənaye zonalarına sahibkarların cəlb olunması, investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması istiqamətlərində müsbət addımlar atılıb.

Qeyd edək ki, 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,79 milyard manat olan 142 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,7 milyard manatdan çox investisiya yatırılıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiyanın yatırılması və 6 min 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.

İqtisadi şərhçi Emin Bağırovun sözlərinə görə, bu gün ölkədə iqtisadiyyat üçün yeni istiqamətlər formalaşıb. Bu istiqamətlər idxaldan asılılığın azaldılması, qeyri-neft əmtəə və xidmət ixracının genişləndirilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının asanlaşdırılması, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun təmin edilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və kölgə iqtisadiyyatının səviyyəsinin minimuma endirilməsindən ibarətdir. Yeni məqsədlərə doğru yolda əldə edilən ilkin nəticələr müsbətdir. Yuxarıda xatırladılan göstəricilər də bunun bariz ifadəsidir.

Son illərdə iqtisadi inkişafın dinamik xarakter almasında kapital qoyuluşu da mühüm rol oynayıb. Reallaşdırılan investisiya yeni istehsal və xidmət sahələrinin, iş yerlərinin açılmasını şərtləndirib. Nəticədə məhsul istehsalı artıb, göstərilən xidmətlərin keyfiyyəti yaxşılaşıb. 

Respublikamızda xarici və daxili investisiyaların iqtisadiyyata cəlb edilməsi istiqamətində də müxtəlif proqramlar həyata keçirilib. Məhz elə buna görə də Azərbaycan kapital qoyuluşunda nəinki MDB məkanında, hətta bir çox Şərqi Avropa ölkələrindən öndə olub.  

Bu ilin ötən ayları ərzində ölkəyə investisiya qoyuluşunda  da  müsbət dinamika nəzərə çarpıb. Belə ki, ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri, habelə dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi fonunda cari ilin ilk 5 ayında əvvəlki dövrlərlə müqayisədə əsas kapitala investisiyaların real artım tempi müsbət göstəricilərlə diqqət çəkib. 

Dövlət Statistika Komitəsinin bununla bağlı məlumatında bildirilir ki,  cari ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitala 6 milyard 641 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çox investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 9,2  faiz, qeyri neft-qaz sektoruna investisiyalar isə 12,1 faiz  artıb. 5 aylıq investisiyanın 3 milyard 623  milyon manatı və yaxud 54,6 faizi  məhsul istehsalı sahələrinə, 2 milyard 379  milyon manatı və yaxud 35,8  faizi xidmət sahələrinə, 638  milyon manatı və yaxud 9,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 5 milyard 387  milyon manatını və yaxud 81,1 faizini daxili investisiyalar təşkil edib, 4 milyard 644 milyon manatı və yaxud 69,9 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Chosen
157
xalqqazeti.az

1Sources