ABŞ prezidentliyinə potensial namizədlər - keçmiş dövlət başçısı respublikaçı Donald Tramp və indiki prezident demokrat Cozef Bayden Atlantada keçiriləcək seçkiqabağı televiziya debatlarında iştirak edəcəklər.
“Report” xəbər verir ki, noyabrda keçiriləcək prezident seçkilərinə 4 ay qalmış onlar “CNN”in studiyasında üz-üzə gələcəklər.
Teledebat ABŞ vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə cümə günü saat 05:00) başlayacaq və bir saat yarım ərzində bütün əsas televiziya şirkətləri tərəfindən yayımlanacaq. Bu müddət ərzində potensial prezidentliyə namizədlərin köməkçilərlə məsləhətləşmələri qadağandır.
Debatın moderatorluğu “CNN”in jurnalistləri Ceyk Tapper və Dana Beş olacaq. Siyasətçilər sonuncu dəfə 22 oktyabr 2020-ci ildə teledebatda görüşüblər.
Cari teledebatların keçirilməsi prosesi 2020-ci ildəkindən xeyli fərqlənir. Bundan əvvəl ABŞ-da televiziya debatları heç vaxt ənənəvi tarixlərdən üç ay tez - iyun ayında başlamamışdı.
Onlar adətən Demokratlar və Respublikaçılar partiyaları öz milli qurultaylarında prezidentliyə namizədlərini rəsmən elan etdikdən sonra baş verir.
Birləşmiş Ştatlarda televiziya debatları adətən auditoriya qarşısında, çox vaxt universitet şəhərciyindəki akt zalında keçirilir və ikitərəfli Prezident Debatları Komissiyası ilə əlaqələndirilir.
Lakin bu dəfə studiyada yalnız Tramp, Bayden və iki CNN jurnalisti olacaq. Bayden və Tramp debata yalnız qələm, kağız və bir şüşə su götürə biləcəklər. Onlara tezislər, qeydlər və ya əvvəlcədən yazılmış nitq mətnləri götürmək qadağandır. Siyasətçilərin mikrofonları onlardan danışmaq tələb olunana qədər səssiz qalacaq.