Yaşam koçları və falçılar: Əmlakları müsadirə olunsun və HƏBS EDİLSİNLƏR - TƏKLİF
Rusiyada okkultizm qadağan ediləcək. Okkultizmin içinə aldığı məlumatlardan magiya (cadu və cadugərlik), astrologiya (nücum elmi), numerologiya (rəqəmlərin sirri), simvolizm (simvolların sirri), teologiya (ruhi varlıqlar) kimi bilgilər xüsusi yer tutur.
Bu gün Azərbaycanda okkultizm açıq bisnes kimi fəaliyyət göstərir. Falçılar, dələduzlar "yaşam koçu" adı altında vətəndaşları müxtəlif vədlər altında aldadır və pullarını mənimsəyirlər. Artıq bu biznes öz fəaliyyətini sosial şəbəkədə davam etdirir. Hazırda bəzi dələduzlar falçılıq adı ilə vətəndaşları aldadaraq pul müqabilində şantaj edirlər. Belə olan halda Azərbaycanda sözügedən qanun layihəsi tətbiq edilə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Elçin Bayramlı deyib ki, Rusiyada tətbiq edilən qanun layihəsi təqdirəlayiq bir təşəbbüsdür və qüvvəyə minəcəyi halda çox yaxşı bir qərardır:
"Bu qadağanın tətbiq edilməsinə ehtiyac var və sovet dövründə də bu kimi işlərlə məşğul olmaq qadağan idi. Əfsuslar olsun ki, bir çox şəxslər son dövrlərdə yaranmış boşluqdan istifadə edirlər. Bir çox ölkələrdə və bizdə bu sahə çiçəklənir. Falçılıq və digər adıçəkilən işlər dələduz və fırıldaqçılıqdır. Belə bir elm sahələri yaxud araşdırma sahələri ola bilər. Bu sahələr hər hansı bir küçə adamlarının, tamamilə savadsız və quldur insanların kütləni talayaraq sərvətini əlindən almaq vasitəsinə çevrilə bilməz. Belə insanlara azar şərait yaradılmamalıdır. Şərt şəkildə cəzalandırılmalı və qadağalar tətbiq olunmalıdır. Son zamanlar saxta adlardan biri olan "yaşam koç"u yaranıb. Qoç məlum olduğu kimi, qoyun deməkdir. Açıq şəkildə bu yaşayış qoyunu mənasını verir. Yəni yaşayan qoyun insanlara nələrsə vəd edir. Onlara xoşbəxtlik, var-dövlət, sərvət və təcili pul qazanmaq, başqalarının evini yıxmaq yaxud müxtəlif vədlər altında üsullardan istifadə edirlər. Bir dövlətin və cəmiyyətin gözü qabağında belə biabırçılıqlara yol verilməsi qəbuledilməzdir".
Sosioloqun sözlərinə görə, sağlam bir cəmiyyət və dövlətdə belə hallara şərait yaradıla bilməz. Təcrübə onu göstərir ki, hər hansı bir maariflənmə yaxud izah etmə ilə bunun qarşısını almaq mümkün deyil:
"Çünki savadsız cəmiyyətlərdə bu sahələr çiçəklənir. Yalnız sərt inzibati metodlar, qadağalar və cəzalar şəklində bu proses aradan qaldırılmalıdır. Son vaxtlar Rusiyada bu kimi istiqamətlərdə çox müsbət qərarlar qəbul edilir. Bu da çox müsbət təsir göstərir. Biz də isə sözügedən sahədə tam nəzarətsizlik var. Yaxşı olar ki, deputatlarımız boş-boş mövzulardan danışmaqdansa, belə bir problemi qabartsınlar. Qanun layihələri hazırlanmalı yaxud müvafiq dəyişikliklər edilməlidir. Ciddi şəkildə bu məsələnin üzərinə gedilməlidir. Bu şəxslər adekvat cəzalandırılmır. Ağır cəzalar tətbiq edilməlidir. Çünki bütün bu neqativ hallar bizim cəmiyyətimizi hər cəhətdən məhv edir. Burada yalnız dövlətin mövqeyi və rolu oynaya bilər. Başqa heç nəyə ümid yoxdur. Biz gözləyə bilmərik ki, cəmiyyətimiz nə vaxtsa tam savadlı olacaq. Bunu gözləmək olmaz. Ümid yalnız dövlətədir və biabırçılıqların qarşısı alınmalıdır".
Elçin Bayramlı bildirib ki, artıq uzun illərdir problemlər və faktlar ortaya qoyulur. Daxili İşlər Nazirliyi dəfələrlə belə cinayətkarları ifşa edir. Amma cəzalar adekvat deyil:
"Belə insanların bütün əmlakları müsadirə olunmaqla həbs olunmalıdır. Vətəndaşlara dəyən zərər geri ödənilməlidir. Paralel olaraq insanlara mövcud məsələlər izah olunmalıdır. Adıçəkilən məsələlər tədqiqat araşdırması ola bilər və bununla mütəxəssislər məşğul olmalıdır. Özü də bu cür fəaliyyət göstərməməlidir. Elmi tədqiqat formasında işlər aparıla bilər. Dünyanın bir çox universitetlərində bununla bağlı ixtisaslar var. Sahə üzrə araşdırmalar gedir və elmi şəkildə yanaşılır. Bu mövzulara dövlət səviyyəsində yanaşılır, biznes və dələduzluq kimi baxılmır. Ona görə də bizim ölkəmizdə məsələyə ciddi yanaşılmalıdır. Xüsusi qanun qəbul olunmalıdır. Başqa heç bir halda problem aradan qalxmayacaq".
Sevda Səfərova