Adətən belə deyirlər, çox gülənin dərdi də çox olar. Ən güclü adamlar ən böyük ağrı-acılarını, qəm –qüssələrini təbəssümlərinin arxasında ustalıqla gizlədənlərdir. Hər adamın işi deyil, ürəyi qan ağlayarkən üzü gülsün… O da ürəkdən gülə bilmədi bu həyatda. Yaşadıqları, yaşatdıqları buna mane oldu hər zaman. Bu da onun qədərinə yazılan qisməti imiş. Bəlkə elə bunu bildiyinə görə üsyan etmədi, səsini ucaltmadı, alnına yazılan yazını qəbul edib həyatını yaşadı. Acılı-şirinli, pis-yaxşı, enişli-yoxuşlu yaşadı payına düşən 77 illik ömür yolunu. Amma hər şey başqa cür də ola bilərdi… Onda alınmadı…
Müsahibələrinin birində deyib ki, “Deyirlər ki, insan öləndən sonra yenə təkrar dünyaya gəlir. Əgər nə vaxtsa mənim kimi bir aktyor görsələr, demək, o elə mənəm, gəlmişəm”. Zaman isə əksini sübut edir. Onun qoyub getdiyi boşluğu dolduran ikinci aktyor hələ yoxdur. Çətin ki ola!
Ulusal.az xəbər verir ki, bu gün Xalq artsiti , “Şərəf” ordenli gülüş ustadı, kiçikdən böyüyə hamının sevimlisi Səyavuş Aslanın anım günüdür.
O, bizim uşaqlığımızın, yeniyetməliyimizin, gəncliyimizin aktyorudur. Nə yaxşı ki, Səyavuş Aslanı zamanında yaxından görmək, tanımaq, ən son tamaşasına baxmaq, müsahibə almaq imkanım olub. Sadə idi, səmimi idi, güləndə gözləri qıyılardı gülüşdən. Mərhəmətli, ədalətli, həm də cəsarətli idi Səyavuş Aslan. Bəzən bütün bunlar kifayət etmir hər şeyin öhdəsindən gəlməyə. Onda da belə idi…
Səyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda kasıb bir ailədə dünyaya göz açıb. Balaca Səyavuş nədənsə tara həvəs göstərməyə başlayıb. Tara güclə gücü çatarmış. Hər gün dərsdən sonra musiqi məktəbinə gedər, tar ifaçılğının sirlərini öyrənərmiş. 3-cü sinifdən sonra onda teatra qəribə maraq yaranır. Bunda onun dram dərnəyinə gedən Hacıağa adlı dostunun rolu az olmayıb. O, hər dəfə teatr dərnəyindən elə gözəl danışardı ki, Səyavuş bir gün dostuna qoşulub dərnəyə gedir. Elə o gediş böyük səhnələrə açılan qapıların açarı olur.
Dövrünün çətinliklərinə sinə gərmək, ailəsinə kömək etmək üçün 7-ci sinfi bitirib Dəmiryol Texnikumuna üz tutur. Həm oxuyur, həm işləyir və beləcə, həyatın hər üzünü görməyə başlayır. Ona ən böyük təsəlli, kömək elə getdiyi dram dərnəyi olur. Dərnəkdəki müəllimi Ağadadaş Qurbanov onu hər zaman dinləyir, ruhdan düşməyə qoymur, sənətin sirlərini ustalıqla öyrədir. O, bu dərnəkdə ən yaxın dostunu, sirdaşını da qazanır – Həsən Turabovu. Azərbaycan teatr və kino sənətinin iki əvəzolunmaz, yeri dolmaz nəhəngləri.
Ağadadaş Qurbanov Səyavuşu peşəkar teatr səhnəsinə gətirmək üçün çox sınaqlara çəkirdi, ən çətin, fərqli obrazlar verirdi. Səyavuş da hamısının öhdəsindən gəlirdi. 1954-cü ildən başlayaraq Musiqili Komediya Teatrında peşəkar aktyor kimi müxtəlif səhnə əsərlərində rol almağa başlayır. 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışmağa başlayır. Elə çox sevdiyi yarı ilə də burada tanış olur. Əslində adamın ürəyindən “kaş ki, heç tanış olmasaydılar, qarşılaşmasaydılar” demək keçir. Çünki bu sevgi onlara yaxşı heç nə verə bilmir. Bəlkə də özləri də mübarizə aparmaq istəmirlər. Hadisələrin sonrakı gedişatı bunu göstərir…
Əsgərlikdən qayıdan Səyavuş Aslanı Quba Teatrına göndərirlər. Rza Əfqanlının və Bədurə Əfqanlının qızı Ofeliya isə orada işləyən anasının yanına gəlir, rejissorların ona verdiyi kiçik rolları təqdim edirdi. Səyavuş Aslan Ofeliyanı teatrda görüb ona vurulur. Bədurə xanım isə qızının aktyorla ailə qurmasına razı olmur. “Mən artistə qız vermərəm” deyib, onu Qubadan Bakıya qaçırır. Səyavuşun ailəsi də oğullarının aktrisa ilə evlənməsinə razılıq vermirlər. Lakin o, “ya Ofeliya ilə evlənəcəm, ya da heç kimlə” – deyib inad edir və istəyinə nail olur. Səyavuş sevdiyi qızın ardınca Bakıya gəlir. Onu evliliyə razı salır. Ancaq deyilənə görə o vaxtlar o qədər kasıblıq imiş ki, Səyavuş Aslanın toy günündə əyninə geyinməyə bəylik paltarı olmur. Musiqili Komediya Teatrının direktoru Şəmsi Bədəlbəylinin göstərişi ilə Səyavuşa teatrın paltar sexindən bəylik kostyumu tapırlar. Və beləcə, onlar evlənir.
Bu evlilikdən onların Çingiz və Eldar adlı iki oğlu olur. Ana olduqdan sonra Ofeliya xanım uzun müddət işləmir. 1997-ci ildə yenidən teatra qayıdır. Övladlar böyüdükcə, hər iki sənətkarın şöhrəti artdıqca, söz-söhbətlər də çoxalmağa başlayır. Aktrisa özünə qapanır, sakitliyə, öz dünyasına çəkilir. Deyilənə görə, Səyavuş Aslan bir neçə məşhur qadınla Ofeliya xanıma xəyanət edir. Amma bunlar sadəcə ortada söz aparıb-gətirənlərin şayiələri olur. Çünki Səyavuş Aslan hər dəfəsində Ofelya xanımı sevdiyini, ona xəyanət etmədiyini deyir. Amma bu söz-söhbətlər Səyavuş Aslanla Ofelya xanımın ayrılmasına gətirib çıxarır. Onlar ayrılsalar da, bir evdə yaşamağa davam edirlər. Daha dəqiqi, evi ortadan bölüb, bir-biri ilə heç bir ünsiyyət qurmadan yaşayırlar.
“Həmişə deyirdi ki, çalış səni sevənlə evlən, öz sevdiyinlə yox. Sevdiyinə görə həmişə sənə dözəcək. Biz Ofeliya ilə bir-birimizi dəlicəsinə sevmişik. Hayıf ki, Allah ağlını aldı əlindən. Deyirdi ki, mən evin bu otağından o biri otağına keçəndə də darıxır…”
Təsəvvür edin, bir adamı lap çox sevirsən, həm də onu dəlixanaya aparacaq gücü özündə tapırsan. İnandırıcı olmasa da, bu bir gerçəkdir. Səyavuş Aslan həyat yoldaşını psixi problemləri səbəbi ilə dəlixanaya göndərir… Çox uzun olmasa da, Ofeliya xanım həyatın o üzünü də görür.
Ayrılsalar belə bir damın altında sevdiyi qadının, uşaqlarının anasının hənirini alan Səyavuş Aslan bu ayrılığı həzm edə bilmir. Gün-gündən sozalır. Ömrünün sonuna yaxın, elə son müsahibəsində o, keçmiş günlərini xatırlayıb hönkür-hönkür ağlayır:
“Köhnə sənət dostlarım üçün darıxıram. Teatr əvvəlki teatr deyil. Öləndən sonra istəmirəm desinlər ki, kimdənsə nəsə istədi, kiməsə ağız açdı, kömək istədi. Mənə bu yaşda yaraşmaz ki, gileylik edib, kimdənsə kömək istəyim. Səhvlərim çox olub. Günahlarımın olduğunu bilirəm. Amma peşmanam. Həyatımdakı yaşananlar üçün bu gün daha çox peşmanam. Amma çox gecdir.”
Onlar 3 dost olurlar. Tamaşaçı da həmişə onları birlikdə görüb, sevib, qəbul edib. Onları bir-birindən ayırmaq ağlagəlməzdir. Bəzən ağıla gəlməyənlər isə başa gəlir. Ofelya Aslan ilə yaşananlar səbəbindən Nəsibə Zeynalova Səyavuş Aslandan küsür. Hətta bir çox tamaşaları belə küsülü olaraq oynayırlar. Təbii ki, tamaşaçı bunu bilmir və ya çox sonralar öyrənir. Hacıbaba Bağırov isə ən yaxın dostunun postuna göz dikərək ona xəyanət edir… Son iş yeri olan Akademik Milli Dram Teatrında yaşananları və övladlarının dərdini də üstünə gəlsək, həyat hər tərəfdən zərbələrini endirməyə başlayır Səyavuş Aslana…
Onun oynaya bilməyəcəyi rol yox idi. O, “Hamlet”, “Böyük Romul”, “Ax, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Hicran” , “Poçt şöbəsində xəyal”, “Varlı qadın”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Bizim qəribə taleyimiz” tamaşalarında, “Ulduz”, “Bəyin oğurlanması”, “Yol əhvalatı” filmlərində, “Yaşıl eynəkli adam”, “Qaynana əməliyyatı” və digər teletamaşalarda yaratdığı bir-birindən yaddaqalan obrazlar qalereyası ilə böyük tamaşaçı sevgisi qazana bildi sağlığında.
Akademik Milli Dram Teatrında məxsusi Səyavuş Aslana həsr olunan, rejissor Bəhram Osmanovun quruluş verdiyi iki hissəli tragikomediya “Kaş araba aşmayaydı” tamaşasını izləmək imkanım olub. Sənətkarın 70 illik yubileyinə həsr olunmuşdu səhnə əsəri. Sanki elə özünü canlandırırdı Səyavuş Aslan…
Ofeliya xanım 2010-cu ilin 18 mayında səssizcə vəfat edir. Onunla vidalaşarkən göz yaşları axıdan Səyavuş Aslan uzun müddət xəstə yatandan sonra 27 iyun 2013-cü ildə 77 yaşında Ofeliya xanımın ölümündən cəmi üç il sonra dünyasını dəyişir.
2012-ci il, senytabrın 3-də doğum günü ərəfəsində müsahibə alırdım. Ən çox milli parkda vaxt keçirdiyi məkana gedib bir xeyli söhbət edib, çəkilişimizi etdik. Gözləri dilə gəlib danışırdı sanki… Sonda ona belə bir sual verdim.
-Səyavuş Aslan özünü xoşbəxt hiss edirmi?
Bir xeyli baxdı, kövrəldi, gözlərini bir nöqtəyə dikərək cavab verdi:
-Bilirsən qızım, kim məni xoşbəxt bilirsə, dünyanın ən xoşbəxti mənəm. Kim ki, məni bədbəxt bilirsə, bilsin ki, dünyanın ən bədbəxt insanı elə özüməm…
Cəmilə Hətəmxanova