Artıq məlumdur ki, Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smartfonu olacaq CMF Phone 1-i 8 iyul tarixində təqdim edəcək. Təqdimata az müddət qalmış subbrend sözügedən smartfonun əsas özəlliyi barəsində məlumatı bölüşüb. CMF-nın X-dəki (keçmiş Twitter) hesabında paylaşmış olduğu videoya əsasən CMF Phone 1 smartfonu fərdi şəkildə çıxarıla bilən arxa panelə sahib olacaq. Bunun üçün smartfonun komplektində həmçinin burğac da olacaq. Heç istisna deyil ki, smartfonun arxa panelini fərdiləşdirmək (customization) də mümkün olacaq. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən CMF Phone 1 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym ölçülü OLED ekranı əldə edəcək və MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfonun 50 MP + 50 MP ikili arxa kameranı və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir.