EN

AnalitikaAŞPA və Konqresdəki saxtakarların davam edən qərəzi - ŞƏRH

Erməni lobbisinin əlində alətə çevrilən Avropa Şurası Parlament Assambleyası (AŞPA) növbəti dəfə anti-Azərbaycan bəyanatla çıxış edərək qərəz və ikili mövqeyin ortaya qoyub. Qurum terrorçuluqda, insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunan şəxslərin "dərhal azad olunması" çağırışı ilə çıxış edib.

AŞPA heç bir səbəb və arqument göstərmədən Bakıda həbsxanada məhkəmə qərarlarının icrasını gözləyən erməni separatçı və terrorçuların buraxılmasını zəruri sayıb. Təbii ki, göstərə də bilməz. Çünki onların cinayətini sübut edən kifayət qədər fakt və arqument var, hətta bunu özləri hələ azadlıqda olarkən belə etiraf ediblər. Təşkilat bunun ardınca guya sülh prosesinə sadiq olduğunu göstərməyə çalışıb. Bəyan edib ki, Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqlarını dəstəkləməklə yanaşı, iki ölkə arasında sərhəddə delimitasiya prosesini alqışlayır.

Maraqlıdır ki, AŞPA ilə eyni gündə ABŞ Konqresinin 48 üzvü dövlət katibi Antoni Blinkeni işğaldan azad edilən torpaqlarda “erməni milli irsini" Azərbaycandan qorumağa çağırıb. İddia ediblər ki, 500 mədəni irs abidəsi Azərbaycan tərəfindən məhv edilmə təhlükəsi ilə üz-üzə qalıb.

Bu bədnam müraciətin müəllifləri də bir fakt belə ortaya qoymayıb, kimə və ya nəyə istinad etdiklərini açıqlamayıblar. Sabah açıqlansa ki, bu "abidələr" içərisində məscidlər də var, yəqin ki təəccüblənmərik.

Təbii ki, bu kimi təşəbbüslər birbaşa erməni lobbisindən qaynaqlanır. Məhz onların təqdim etdikləri “rəqəmlər”dən istifadə edərək belə iddialar ortaya atılır. Bu qüvvələr hər vəchlə Ermənistanla Azərbaycan arasında sülh prosesinin qarşısını almağa çalışırlar.

Artıq İrəvan rəsmiləri sülhə gedən yolda heç bir problem olmadığını açıq bəyan edirlər. Məsələn, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün bildirib ki, İrəvan bir ay ərzində Azərbaycanla sülh sazişinin yekun mətnini hazırlayaraq imzalamağa hazırdır. “Səmimi qəlbdən inanıram ki, bizim Cənubi Qafqazdakı münaqişə ilə bağlı səhifəni bağlamaq və regionumuzda sülh bərqərar etmək imkanımız var. İnanıram ki, bu sülh regionun bütün xalqlarına və ölkələrinə xeyir verəcək”, - Ermənistanın XİN başçısı vurğulayıb. O qeyd edib ki, Ermənistan ərazi bütövlüyünün qarşılıqlı tanınması və 1991-ci il Almatı Bəyannaməsi əsasında dövlət sərhədinin müəyyən edilməsi əsasında münasibətləri normallaşdırmağa hazırdır.

Beləliklə, belə bəyanatların səsləndiyi bir vaxtda 30 il ərzində Ermənistanın işğalçılıq siyasətini görməzdən gələn Avropa Şurası Parlament Assambleyası, eləcə də konqresmenlər, görünür, yenə də öz ənənəvi amplularından çıxa bilmirlər.

Əvvəla, barələrində çıxarılacaq məhkəmə qərarları gözləyən həmin şəxslərin az qala “siyasi məhbus” kimi qələmə verilməsi heç bir əndazəyə sığmır. Bakı təcridxanasında saxlanılan bu şəxslərin hər biri separatizmdə, terrorçuluqda, mülki şəhərləri bombalamaqda ittiham olunurlar.

İkincisi, bu şəxslərin azad olunmasını Ermənistan belə diqqətə almadığı halda, Qərb strukturlarının onlarla bağlı bəyanat və açıqlamalarlaə çıxış etmələri absurd yanaşmadır. Onların diqqətinə çatdırmaq istərdik ki, Ermənistanın özündə belə separatçı liderlərin həbsi prosesi aparılır. Bu yaxınlarda separatçıların keçmiş lideri Samvel Şahramanyana qarşı İrəvanda yaşananlar da bunun təsdiqidir.

Üçüncüsü, ABŞ konqresmenləri iddia edirlər ki, işğaldan azad edilən ərazilərdə ermənilərə məxsus abidələr məhv olmaq üzrədir. Heç bir fakt göstərilmədən belə iddia ilə çıxış edilməsi isə qərəzin növbəti təzahürüdür. Halbuki Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandallar tərəfindən dağıdılıb. İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistanın maddi-mədəni irsimizi məhv etməsi təkcə Azərbaycana qarşı deyil, həm də ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik və vandalizm aktıdır. Rəsmi məlumata görə, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

Dördüncüsü, AŞPA ilk dəfə deyil ki belə mövqe ortaya qoyur. İkili standartlardan xilas ola bilməyən təşkilat xüsusilə İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə də belə mövqe nümayiş etdirib. Bu yaxınlarda bir qrup ermənipərəst deputatın iştirakı ilə AŞPA-nın iclasında "erməni hərbi əsirləri” ilə bağlı məsələni müzakirəyə çıxarmaq cəhdini yada salaq. Halbuki Azərbaycan dəfələrlə rəsmi şəkildə bəyan edib ki, ermənilərin "hərbi əsir" adlandırdıqları şəxslər əslində terrorçulardır. Çünki onlar Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən 20 gün sonra müxtəlif təxribatlar törətmək, daha doğrusu, mülki əhaliyə qarşı diversiya və terror aktları törətmək məqsədilə işğalçı ölkə tərəfindən Azərbaycan ərazilərinə göndəriliblər. AŞPA-nın ermənipərəstləri və okeanın o tayındakılar yaxşı bilirlər ki, müharibədə əsir düşmüş bütün şəxslər üçtərəfli müqavilə imzalanandan dərhal sonra qarşılıqlı olaraq qaytarılıb. Amma onlar buna məhəl qoymurlar. Başqa sözlə desək, əsassız arqumentlərlə haqsız Ermənistanı nəyin bahasına olursa-olsun müdafiə etməyə, dəstəkləməyə çalışırlar.

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, AŞPA və onabənzərlər üçün beynəlxalq hüququn qorunması prioritet deyil, ya da onu görməzdən gəlməyə çalışırlar. Təşkilat, eləcə də, amerikalı ermənipərəst konqresmenlər Cənubi Qafqazda sülhün bərqərar olmasında, xalqların birgəyaşayışında maraqlı deyillər. Əksinə, hər vəchlə prosesə mane olmağa çalışırlar.

Chosen
110
far.az

1Sources