EN

Qanunsuz cinsi münasibət quran uşaqların valideynləri cəzalandırılacaq...

Image

Fatimə Hacıbəyli: “Hüquqi məsuliyyət bir qədər də sərtləşdirilməli, qanunvericiliyin icrasına nəzarət gücləndirilməlidir”

Parlamentdə Cinayət Məcəlləsinin 152-ci maddəsində tövsif edilən əməlin (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) on səkkiz yaşına çatmayan şəxslərə qarşı törədilməsi ilə bağlı maddəyə dəyişiklik edilməsi təklif olunur. 

Eyni zamanda, nikah yaşının 18 yaş olduğu nəzərə alınaraq yetkinlik yaşına çatmayanlarla qeyri‑rəsmi nikaha daxil olan şəxslər və buna şərait yaradan valideynlər barəsində İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət tədbirlərinin əks olunması istənilir. Qeyd etdiyimiz kimi, Milli Məclisdə 18 yaşına çatmamış, rəsmi nikah olmadan cinsi münasibətlərdə olan uşaqların valideynlərinə cərimə tətbiq olunması müzakirə edilir. Bildirilib ki, belə valideynlərə 5000 manat cərimə tətbiq edilməlidir. Cəmiyyəti sağlamlaşdırmaq istəyiriksə, belə valideynlər maddi və mənəvi cəhətdən ziyan çəkməlidir.

Maraqlıdır, bu qərarlar erkən nikahların, qanunsuz cinsi münasibətlərin qarşısını alacaqmı?

“Erkən nikaha cəlbetmə ilə bağlı valideynlər hüquqi məsuliyyətini başa düşməli, onlar arasında maarifləndirmə işləri aparılmalıdır” 

Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Cinayət Məcəlləsində 16 yaşlı biri ilə cinsi münasibətdə olmaq hüquqi məsuliyyət yaradır. Eyni zamanda, Ailə Məcəlləsində də nikaha məcburetmə və erkən nikahla bağlı ayrıca hüquqi məsuliyyət var: “Bu hüquqi məsuliyyət bir qədər də sərtləşdirilməli, qanunvericiliyin icrasına nəzarət gücləndirilməlidir. Hüquqi müstəvidə tədbirlər sərt olmalı, kampaniya xarakteri daşımamalı, icra olunmalıdır. Erkən nikaha cəlbetmə ilə bağlı valideynlər hüquqi məsuliyyətini başa düşməli, onlar arasında maarifləndirmə işləri aparılmalıdır”.

Sosioloq onu da qeyd etdi ki, təcrübə göstərir ki, erkən nikah əsasən maddi durumu zəif və valideynlərin təhsil səviyyəsi aşağı olan ailələrdə baş verir: “Demək ki, maddi təminat mühüm rol oynayır. Azyaşlıların təhsildən yayındırılmasına və erkən nikahların yaranmasına səbəb olan problemlər araşdırılmalıdır. Bu problemlər ilk növbədə sosial problemlərlə əlaqədardır. Ailələrdə işsizlik aradan qaldırılsa, ailə büdcəsinin gəlirləri artsa, erkən nikah problemi olmayacaq. Yaş həddini yuxarı qoymaqla bir şeyə nail olmaq olmaz, yenə qeyri-rəsmi nikahların sayı artacaq. Qanunlarımızı hansısa ölkənin qanunvericiliyinə uyğunlaşdırmaq əvəzinə, sosial problemlərin həllinə çalışmalıyıq”.

Sosioloqun fikrincə, 18 yaşa çatmayanların erkən nikaha cəlb edilməsi, eləcə də onlara qarşı törədilən huquqazidd əməllər daha çox insanların hüquqi savadsızlığından, huquqi maarifləndirmə işlərinin zəif aparılmasından xəbər verir: “Yaxşı olar ki, orta məktəblərdən başlayaraq uşaq və yeniyetmələrə hüquqi biliklər aşılansın, valideynlərlə, xüsusilə erkən nikah bölgələrində olan valideynlərlə hüquqi maarifləndirmə, sosial-psixoloji iş aparılsın”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources