EN

Yaşıl enerjinin dünya bazarlarına nəqli əsas hədəflərdəndir

Tarixi Zəfərimizin reallıqları fonunda hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir

Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının yenidən qurulması prosesində əsas prioritetlərdən biri də ekosistemin bərpası və ətraf mühitin qorunmasıdır. Artıq 2050-ci ildə bu ərazilərin sıfır tullantılı zonaya çevrilməsi planlaşdırılır. Azərbaycan bərpaolunan enerji sahəsində Yaşmada elektrik stansiyasının tikintisi layihəsini həyata keçirməyi, Naxçıvanı Qarabağ və Şərqi Zəngəzurla yanaşı, yaşıl enerji zonasına çevirməyi, Böyük Britaniyanın bp şirkətinin birbaşa xarici sərmayədar qismində çıxış etdiyi Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyasının işə salınmasını, eləcə də Azərbaycandan Avropaya yaşıl enerjinin nəqli üçün Qara dənizin dibi ilə sualtı kabelin tikintisi layihəsini həyata keçirməyi planlaşdırır. Dövlət başçısı İlham Əliyevin bu günlərdə ənənəvi keçirilən Bakı Enerji Həftəsi çərçivəsində “Euronews” televiziyasına müsahibəsi bu kimi məqamlara bir daha işıq saldı. Gələcək planlar barədə məlumat verən cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. “Masdar” bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır.

Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik: “Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Siz Günəşi, istəyimizi və o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.” İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndiriləsi günümüzün əsas çağırışlarındandır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2020-ci il Azərbaycanın həyatında tamamilə fərqli bir dövrün əsasını qoydu. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Bu sənəd bir daha təsdiqlədi ki, hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsidir. Bu sənəddə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair  beş Milli Prioritetin  reallaşdırılması əsas hədəf kimi qarşıya qoyulur.

Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;  təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Milli Prioritetlərin təmiz ətraf mühit və «yaşıl artım ölkəsi» hədəfində  bu çağırışlar xüsusi yer tutur ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq. O da vurğulanır ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir.

Bu prioritet daxilində strateji dövrdə iki məqsədin reallaşdırılmasına nail olunmalıdır: yüksək keyfiyyətli ekoloji mühit; yaşıl enerji məkanı. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də hədəflərin təqdimatında əhəmiyyətli rol oynayır. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə imzalanan bu sənəddə o da qeyd olunur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. O da qeyd edilir ki,  işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olundu.  Azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri

Chosen
59
2
ikisahil.az

3Sources