EN

"Regionda sülhü təmin etməyin yeganə yolu..."

“Hazırda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycan üçün ən əsas məsələdir. Bu səbəbdəndir ki, ərazilərini işğaldan azad etmiş dövlətimiz Ermənistana sülh sazişi imzalamağı təklif edib. Rəsmi İrəvan da sülhdən danışır, amma görünür ki, bu, yalnız spekulyasiya xarakteri daşıyır. Ermənistanın bəzi rəsmi şəxslərinin, o cümlədən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son açıqlamaları da bundan xəbər verir”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Ermənistan Cənubi Qafqazda sülhün tərəfdarıdırsa, Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Çünki bu ölkənin konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Azərbaycan rəsmi səviyyədə bununla bağlı dəfələrlə rəsmi xəbərdarlıq edib. Nəzərə almaq lazımdır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərar yer almaqdadır. Yəni rəsmi olaraq Ermənistan hələ də Azərbaycan torpağına iddia ortaya qoyur. Yəni, fakt açıq-aşkar ortadadır və əlavə şərhə ehtiyac yoxdur. Lakin erməni tərəfi bu mövzuda spekulyasiyanı davam etdirməkdədir. Əslində, bu, beynəlxalq ictimaiyyətin diqqətini iki ölkə arasında sülhə nail olmaq üçün maneə təşkil edən çağırışlardan yayındırmaq niyyətindən başqa bir şey deyil.

Millət vəkilinin sözlərinə görə, bu gün həqiqətən də əsas problem başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarıdır. Azərbaycanın milli təhlükəsizliyinə bilavasitə təsir edən bu iddianın Konstitusiyadan çıxarılmasını tələb etməyə legitim hüququ var və bu, Ermənistanın daxili işlərinə müdaxilə kimi qələmə verilə bilməz. Görünən odur ki, erməni tərəfi dayanıqlı sülhdə maraqlı deyil və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı ərazi iddialarına başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışır.

Sevinc Fətəliyeva qeyd edib ki, digər bir narahatedici məqam isə rəsmi İrəvanın hərbiləşmə siyasətini davam etdirməsidir. Ötən ildən başlayaraq Fransa Ermənistana silah tədarük edir. Eyni zamanda, Hindistan da İrəvana müxtəlif növ silahlar satır. Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir. Bu baxımdan, Fransa xüsusi canfəşanlıq edir. Bu ölkə Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır. Parisin məqsədi regionda yeni müharibə alovlandırmaqdır və Ermənistan buna görə hərbiləşdirilir. Hərbiləşmə siyasətini davam etdirməsi Ermənistanın Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir. Son vaxtlar şərti dövlət sərhəddində erməni hərbi birləşmələrinin Azərbaycan ordusunun mövqelərini atəşə tutması da bunun göstəricisi ola bilər.

“Ermənistan anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrin suverenliyinin və ərazi bütövlüyünün tanınmasıdır. Eyni zamanda, həmin şərtlərə əməl etməklə münasibətlər qurulmalı və bu istiqamətdə təhlükə yaradan çağırışlar aradan qaldırılmalıdır. Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir. Əks halda, revanşizmin artması, silahlanmanın davam etməsi Ermənistanın özü üçün ciddi problemlər yaradacaq”,-deyə deputat vurğulayıb. yap.az

Chosen
129
2
sia.az

2Sources