EN

ADY platformalara keçid və qatarlara minik qaydalarını yeniləyir » AzadMedia.az


ADY platformalara keçid və qatarlara minik qaydalarını yeniləyir
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) xidmət keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyin tam təmin edilməsi baxımından dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyin təşkili ilə bağlı qaydalara dəyişikliklər edir. Belə ki, təlimata uyğun olaraq sərnişinlərin qeydiyyatı və qatara minik 20.07.2024-cü il tarixindən etibarən səfərdən bir saat əvvəl başlayacaq və qatarın yola düşməsinə beş dəqiqə qalmış dayandırılacaq. Bu, sərnişinlərin qatarlara rahat və vaxtında daxil olmasına və yerləşməsinə imkan yaradacaq.

Bundan başqa, platformalara keçid yalnız bileti olan sərnişinlərə şamil edilir. Sərnişinlərin rahat hərəkətinin təmini, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təşkil edilməsi məqsədilə yola salan şəxslərin platformalara keçidi qəti qadağan edilir. Sərnişinlərə əl yükünü ödənişsiz olaraq vağzallarda yerləşdirilmiş arabalarla qatara qədər daşıma imkanı yaradılır. Yaşlı, fiziki məhdudiyyətli şəxslərə, uşaqlı valideynlərə yüklərini rahat daşıması üçün vağzal əməkdaşları tərəfindən operativ dəstək göstərilir.

Həmçinin təlimata uyğun olaraq 08.06.2024-cü il tarixdən etibarən üzərində şəxsiyyəti təsdiq edən sənədin əsli olmayan və ya sənədinin vaxtı bitmiş sərnişinlərin qatara buraxılmasına icazə verilmir.

Yeni qaydalara əsasən, qatara minik zamanı təqdim edilən sənəd növləri ilə bağlı sərnişinlərə əlavə imkanlar təqdim olunur.

Sərnişin qatara minik zamanı biletini və həmin bileti alarkən istifadə edilmiş şəxsiyyəti təsdiq edən sənədini və ya həmin sənədlə eynilik təşkil edən digər bir sənədini təqdim edə bilər. Məsələn, şəxsiyyət vəsiqəsi ilə bilet alınıbsa, xarici pasportun əsli (və ya əksinə) təqdim edilməklə sərnişin qatara daxil ola bilər.

Eləcə də bilet almış sərnişin səfər tarixinədək hər hansı səbəbdən şəxsiyyəti təsdiq edən sənədini yeniləyərsə, yeni sənədin əsli ilə qatara daxil ola bilər.

Bu zaman sərnişinlərin təqdim edə biləcəyi şəxsiyyəti təsdiq edən sənədlər aşağıdakılardır:

• Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

• ümumvətəndaş pasportu;

• hərbi bilet (həqiqi hərbi xidmətdə olan və kursantlar);

• 16 yaşına qədər uşaqlara doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi. Yeni doğulmuş körpələrə (bir ay müddətində) doğum evindən verilmiş arayış;

• azadlığa buraxılma barədə arayış;

• şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd;

• əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsi vəsiqəsi.

Sərnişinlərdən ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə bilet alan zaman təqdim olunmuş qaydalarla yaxından tanış olması və hər kəsə rahat səyahət imkanı yaratmaq üçün bu qaydalara əməl etməsi xahiş olunur. Hər hansı sual yarandıqda ADY-nin 24 saat fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzinə müraciət olunması tövsiyə edilir
Chosen
143
24
azadmedia.az

10Sources