EN

Keniyada etirazlar davam edir: İğtişaşlarda 30 nəfər öldü

Keniyada vergi artımını ehtiva edən maliyyə qanun layihəsinə qarşı başlayan etirazlarda 30 nəfər həyatını itirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə \"Human Rights Watch\" beynəlxalq insan haqlarının müdafiəsi təşkilatı açıqlama verib. 
 
Təşkilatdan bildirilib ki, polisin qaçan etirazçılara atəş açması və hadisə ilə bağlı ümumi araşdırma aparılacaq.

Təşkilatdan verilən açıqlamada deyilir:
 
\"Keniya təhlükəsizlik qüvvələri 25 iyun 2024-cü il tarixində qaçan etirazçılar da daxil olmaqla, etiraz edən kütləyə birbaşa atəş açıb\".

Paytaxt Nayrobidə və digər şəhərlərdə öldürülənlərin dəqiq sayı ilə bağlı heç bir təsdiq olmasa da, \"Human Rights Watch\" şahid ifadələri, ictimaiyyətə açıq məlumatlar, Nayrobidəki xəstəxana və meyitxana qeydləri əsasında həmin gün ən azı 30 nəfərin öldürüldüyünü müəyyən edib.
 
\"Keniya hakimiyyəti öz qüvvələrinə başa salmalıdır ki, onlar dinc nümayişçiləri müdafiə etməlidirlər və polis vəhşiliyinə görə cəzasızlığa artıq dözmək olmaz”, - deyə təşkilatın nümayəndəsi deyib.

Nümayişlər keçən həftə dinc şəkildə başlasa da, sonradan millət vəkillərinin Beynəlxalq Valyuta Fondunun (BVF) təzyiqi ilə vergi artımını qəbul etməsi etirazçıların qəzəbini artırıb.

Səsvermə elan edildikdən sonra əksəriyyəti gənclərdən ibarət fəallar parlament binasına basqın edərək binanı yandırıblar.
 
Dövlət tərəfindən maliyyələşdirilən Keniya Milli İnsan Haqları Komissiyası qarşıdurmalarda yaralanan 300 nəfəri müəyyən etdiklərini və araşdırmaya başlayacaqlarını açıqlayıb.

\"Səkkiz əsgər çölə çıxıb insanlara atəş açıb. Onlar aksiyalarda iştirak etməyənlər də daxil olmaqla çoxlu insanı qətlə yetiriblər\", - deyə məlumatda deyilir.

Qeyd edək ki, Keniyada nağd pul böhranı hökm sürür.
 
Mikayıl
Chosen
107
azxeber.com

1Sources