EN

Azərbaycan dövlətinin dəstəyi ilə Rustavidə açılan Mərkəzdə kursları bitirən şagirdlərə sertifikatlar təqdim olunub

Tbilisi, 1 iyul, AZƏRTAC

Gürcüstanın Rustavi Şəhər Təhsil və Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 3 aylıq dil kurslarını uğurla başa vuran şagirdlərə sertifikatlar təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzin direktoru Raidə Dərziyeva aprel, may və iyun aylarını əhatə edən kurslarda şagirdlərin və digər dinləyicilərin Azərbaycan, gürcü və ingilis dillərini öyrəndiklərini diqqətə çatdırıb.

Kurslarda Rustavinin müxtəlif məktəblərindən 130-a yaxın şagird iştirak edib və onlardan 90 nəfəri sertifikatla təltif olunub.

“İlk buraxılışımızın müvəffəqiyyətlə başa çatmasına çox sevinir və inanıram ki, bu xeyirxah işimizi layiqincə davam etdirəcəyik”, - deyə R.Rzayeva bildirib. Onun sözlərinə görə, Mərkəzdə dil kurslarından əlavə bir çox tədbirlər də həyata keçirilib.

R.Rzayeva göstərilən dəstəyə görə Azərbaycan dövlətinə və Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

Şagirdlərə sertifikatlar verildikdən sonra “Bilik nurdur” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Məktəblilərin ifasında Səməd Vurğun, Mikayıl Müşfiq, Məhəmmədhüseyn Şəhriyar, Akaki Sereteli, İlya Çavçavadze və Qoderzi Çoxelinin şeirləri səsləndirilib, Azərbaycan, gürcü və ingilis milli rəqsləri təqdim edilib.

Tədbirdə çıxış edən valideynlər Azərbaycan dövlətinə, Mərkəzin rəhbərinə, müəllimlərdən Rafiq Hümmət, Fidan Osmanlı, Tsiuri Londaridzeyə və digərlərinə təşəkkürlərini bildiriblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Chosen
62
azertag.az

1Sources