Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( "Buraxılış vəsiqəsi" və "Buraxılış kartı") alan sürücülərin sayı 11 mini ötüb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, bugünədək təlim keçən taksi sürücülərinın sayı 24 482 təşkil edir.
Qeyd edək ki, bu gündən ölkədə buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələrinin taksi kimi fəaliyyət göstərməsi qadağan edilib.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, 11 min rəqəmi azdır:
“İndiyə qədər Bakı şəhərində 70 min civarında taksi olub. Bu rəqəmin birdən birə 11 minə düşməsi kasadçılıq yaradır. Yəni hazırda 11 min sürücü qanuni fəaliyyət göstərir. Düzdür 24 mindən çox sürücü sertifikat alıb. Ancaq sertifikat alandan sonra taksi sürücüsü ola bilməzsən. Çünki sağlamlıq haqqında arayış, taksi buraxılış kartı və fərqlənmə nişanı qaydasında olmalıdır ki, vətəndaş taksi sürücüsü kimi fəaliyyət göstərə bilsin. Deməli 13-14 min taksi sürücüsü hələ gözləyir. Ancaq nəyi gözlədikləri bəlli deyil. Digərləri də özlərini inandırıblar ki, dövlət tərəfindən güzəşt olunacaq. Yəni onlara heç bir cərimələr yazılmayacaq. Bunların isə hər biri absurd fikirlərdir. İnsanlar belə fikirlərlə özlərini aldadaraq əllərinə düşən gözəl şansı da qaçırdılar. Dünənə kimi 15 ili ötməyən avtomobil ilə taksi fəaliyyəti göstərə bilərdilər. Ancaq bu gün avtomobilin ili 8 ildən yuxarı olmamalıdır. İndi 15 ilin maşınını ala bilməyən adam, 8 ilin maşınını necə alacaq..? Təbii ki, bu çətin məsələdir. Yol polisi və AYNA-nın əməkdaşları reydlər keçirəcək. Yəqin ki, bu reydlərdən sonra taksi sürücülərinin sayı artacaq. Məcburiyyətdən cərimə olunmamaq arzusu ilə qanuni fəaliyyət göstərəcəklər. Bizim təxmini hesablamalarımıza görə bu rəqəm qanuni taksi fəaliyyəti göstərən sürücülərin sayı 30-35 min civarında olacaq. Hesab edirəm ki, Bakı şəhəri üçün də ən uyğun rəqəm budur”.