EN

“Nyukasl” Lyuis Hollun transfer hüquqlarını aldı - ARENA.AZ

“Nyukasl” heyətini 2 yeni qapıçı – Con Raddi və Odisseas Vlaxomidosla gücləndirib, eləcə də müdafiəçi Lyuis Hollun transfer hüquqlarını alıb.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Nyukasl” Lyuis Hollu 2023-cü ilin yayında “Çelsi”dən satınalma şərti ilə icarəyə götürmüşdü. 19 yaşlı müdafiəçi bu komandanın heyətində 22 oyuna çıxıb, 2 qol vurub. “Nyukasl” onun transfer hüquqlarını almaq üçün “Çelsi”yə 33 milyon avro ödəyib. İngilis futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmayıb.

Daha öncə “Çelsi”nin əsas komandasında 12 oyuna 1 assistlə yadda qalmış Holl, İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinib. Ötən ildən isə o, U-21-ə dəvət alır.

“Nyukasl” “Birmingem Siti”nin 37 yaşlı qapıçısı Con Raddini də heyətinə qatıb. Azad agent statusuna malik ingilis qolkiperlə 1 illik müqavilə imzalanıb.

Con Raddi karyerası ərzində “Kembric Yunayted”, “Everton”, “Uolsoll”, “Raşden end Deymonds”, “Çester Siti”, “Stokport Kaunti”, “Reksem”, “Bristol Siti”, “Kru Aleksandra”, “Motervell”, “Norviç Siti”, “Vulverhempton” kimi klublarda da forma geyinib. Raddi vaxtilə İngiltərə yığmasında da 1 oyun keçirib.

Odisseas Vlaxomidos isə “Nottingem Forest”dən alınıb. Yunanıstandan olan 30 yaşlı qapıçı ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Ötən mövsüm “Nottingem Forest”də 7 oyuna 16 qol buraxmış yunan qolkiper karyerası ərzində “Benfika”, “Panatinaikos”, “Ştutqart” kimi klublarda da oynayıb. Vaxtilə Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinmiş Vlaxomidos 2018-ci ildən Yunanıstan millisində oynamağa başlayıb. O, yığmada 42 oyuna çıxıb.

“Nyukasl” iki futbolçu satdı, 80 milyon avro qazandı

“Nyukasl” mərkəz yarımmüdafiəçisi Elliot Andersonu da “Nottingem Forest”ə satıb. “Nyukasl” bu satışdan 41,2 milyon avro qazanıb. 21 yaşlı şotland futbolçu yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa kimi) müqavilə bağlayıb.

Vaxtilə icarə əsasında “Bristol Rovers”də icarədə də oynamış Elliot Anderson “Nyukasl”ın öz yetirməsidir. O, bu klubun əsas komandasında 55 oyuna 3 assistlə yadda qalıb.

Yeri gəlmişkən, “Nottingem Forest” Serbiyanın “Srvena Zvezda” klubunun yarımmüdafiəçisi Marko Stameniçi də heyətinə qatıb. İngiltərə klubu bunun üçün 5,5 milyon avrosundan keçib. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalansa da, o, dərhal Yunanıstan “Olimpiakos”una icarəyə verilib.

“Nyukasl” sağ vingeri Yankuba Minteni də “Brayton”a satıb. 19 yaşlı futbolçunun satışı klubuna 38,8 milyon avro qazandırıb. “Nyukasl” Yankubanı 2023-cü ilin yayında Danimarkanın “Odense” klubundan 8 milyon avroya almış və dərhal Niderland “Feyenoord”una icarəyə vermişdi. Bir sözlə, “Nyukasl” oynatmadığı Mintenin bazarlığından bir ilə 30 milyon avro irəli düşüb.

Minte geridə qalmış mövsümdə “Feyenoord”da 37 oyuna 11 qol vurub. O, 2023-cü ilin sentyabr ayında debüt etdiyi Qambiya yığmasında 6 oyuna 3 qol vurub.

Chosen
109
arena.az

1Sources