Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının zirvə toplantısı ilə bağlı Qazaxıstanda, xüsusilə paytaxt Astanada, həmçinin Almatı, Karaqandı və Kökşetau şəhərlərində terror təhlükəsinin “sarı” həddə çatdırılacağı bildirilib.
Redaktor.az xəbər verir ki, Qazaxıstan Terrorla Mübarizə Baş Qərargahından verilən yazılı açıqlamada 2-4 iyul tarixlərində ŞƏT Dövlət Başçıları Şurasının 24-cü Zirvə Toplantısı üçün bir çox ölkədən yüksək səviyyəli nümayəndə heyətinin paytaxt Astanaya gələcəyi bildirilib.
Bəyanatda xarici liderlərin və nümayəndə heyətlərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görüldüyü vurğulanıb.
Açıqlamada, sözügedən şəhərlərdə 2 iyul saat 00.01-dən 4 iyul 23.59-a qədər terror təhlükəsinin orta səviyyə olan “sarı” səviyyəyə qaldırılacağı və müəyyən rayonlarda, ictimai yerlərdə, qatar və avtovağzallarda avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinə məhdudiyyətlər qoyulacağı, hava limanlarında və metro obyektlərində patrul xidmətinin gücləndiriləcəyi, hava limanlarında və avtovağzallarda, metropoliten, qatarlarda yoxlama tədbirlərinin gücləndiriləcəyi bildirilib.
İyulun 3-4-də paytaxt Astanada təşkilata hazırda rəhbərlik edən Qazaxıstanın ev sahibliyi ilə ŞƏT Dövlət Başçıları Şurasının 24-cü Zirvə Toplantısı keçiriləcək. “ŞƏT+” formatında keçiriləcək sammitdə 16 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.