EN

«Bolt»un Azərbaycan rəhbəri: «Taksilərin sayı azaldıqda, gediş haqqının artması təbiidir» - MÜSAHİBƏ

Son aylar Azərbaycanda hamının diqqəti böyük dəyişikliklərin baş verdiyi taksi xidmətləri sahəsinə yönəlib.

FED.az xəbər verir ki, taksi xidmətləri bazarı artıq bir neçə ildir ki, ölkədə ən güclü real rəqabətin olduğu sahəyə çevrilmişdi. Təqribi və dövlət qurumlarının səsləndirdiyi hesablamalara görə, 60-70 min taksi avtomobilinin iştirak etdiyi bu bazarda biznesin bütün səviyyələri  avtomobil sahiblərindən tutmuş, kiçik sahibkarlar və iri biznes, hətta beynəlxalq şirkətlər təmsil olunurdu. Bu sahəyə 10 milyonlarla dollar vəsait yatırılmışdı.

Bir qədər əvvəl başlayan dəyişikliklər – dövlətin sərt tənzimlənməsinin bərpa edilməsi, taksi avtomobillərinə və operatora aid yeni tələblər isə bazarı tamamilə dəyişib.

Yeniliklər təkcə taksi sürücülərinə deyil, ölkəmizdə fəaliyyəti göstərən beynəlxalq şirkətlərin fəaliyyətinə də təsirini göstərib. Dəyişikliklərin taksi biznesinə, xususilə də beynəxalq taksi operatorlarına təsiri, və qarşıdakı planları ilə bağlı FED.az-ın suallarına «Bolt» şirkətinin Azərbaycandakı meneceri Naim Əzizov cavablandırıb.

- Naim müəllim, «BOLT» şirkətinin Azərbaycanın taksi xidmətləri bazarındakı yerini necə qiymətləndirirsiniz?

- «Bolt» xidmətinin Azərbaycandakı fəaliyyəti 2017-ci ildən başlanıb və 2024-cü ilin fevralında bizimbu bazarda işləməyimizin 7 ili tamam olub.

Hazırda «Bolt» Azərbaycanda 11 şəhərdə fəaliyyət göstərir: Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt, Şəki, Şirvan, Yevlax, Quba və Lənkəran. Biz xidmətin coğrafiyasını daha da genişləndirməyi planlaşdırırıq, məsələn 2024-cü ildə daha bir neçə yeni şəhərdə işləməyi planlaşdırırıq.

Azərbaycanın avtomobil bazarı üzrə analizlərimiz göstərir ki, «Bolt» ölkədə lider mövqelərdədir. Bizim üçün əsas məsələ - sərnişinlərin gediş qiymətlərindən, sürücülərin isə qazanclarından razı qalmasıdır.

«Bolt» şirkəti Azərbaycandakı taksi sürücülərinə yeni maşın almaqda kömək edəcək – BİR NEÇƏ MİN AVTOMOBİL

- Şirkətlə əməkdaşlıq edən taksi avtomobillərinin sayı nə qədərdir, onlar hər il nə qədər sərniinə xidmət göstərirlər və ümumiyyətlə BOLT-un Azərbaycanda bazar payı necədir? 

- «Bolt»la çoxlu sayda sürücü əməkdaşlıq edir, amma onlar «Bolt»un işçiləri deyil. Aktiv sürücülərin dəqiq sayını demək mümkün deyil, çünki onların bir hissəsi daimi işlədiyi halda, bir çoxu öz «Bolt» hesabından hərdənbir işləmək üçün istifadə edir. Bizim çox çevik əməkdaşlıq şərtlərimiz var, məsələn, biz sürücülərə eyni vaxtda bir neçə platforma (bir neçə taksi şirkəti) ilə əməkdaşlıq etməyi qadağan etmirik.

«Bolt»un əsas üstünlüklərindən biri həm sərnişinlərin, həm də sürücülərin sayınn çox olmasıdır. Bu, sürücülərin sabit gəlir əldə etməsinə, sərnişinlərin isə öz səfərləri üçün tez bir zamanda avtomobil tapmasına imkan verir. Biz işlədiyimiz sürücülərə hörmət edirik, əsas məqsədimiz sürücüləri layiqli saatlıq qazancla təmin etməkdir. Biz həmişə vəziyyəti təhlil edirik və tariflərin müştərilərimiz üçün məqbul olmasını təmin etmək üçün səylər göstəririk və qazanc sürücüləri həvəsləndirir, lakin bizdən asılı olmayan bir çox xarici təsir edən amillər var. Bolt davamlı olaraq sürücü tərəfdaşlarımız üçün xüsusi təkliflər, endirimlər və digər yardımlara sərmayə qoyur.

- Bazar payınızı niyə açıqlamırsınız? 2017-ci ildən ölkədə işləyən şirkət öz bazar payını bilməlidir.

- Bizim sahə ənənəvi biznesdən, yəni bazar payı dəqiq görünən sahələrdən fərqlidir. Çünki sürücülərin və sifarişlərin axını çox dinamikdir, üstəlik biz bilirik ki, bizim sürücülərin böyük hissəsi birdən çox platformadan istifadə edir, yəni başqa şirkətlərlə də işləyir. Vəziyyət müxtəlif amillərin təsiri altında gündən-günə dəyişə bilər. Bununla belə, biz özümüzü Azərbaycan bazarında liderlərdən biri hesab edirik.

- Azərbaycanda taksi fəaliyyəti haqqında qanunvericiliyə edilən dəyişikliklər «Bolt»un işinə necə təsir edib? «Bolt» qanunun qəbul olunduğu vaxtdan indiyədək qanuna uyğunlaşmaq üçün hansı yeniliklər etməli olub?

- Yeni tənzimləmə qaydalarının xidmətlərə təsiri barədə danışmaq hələ tezdir, çünki yeni qaydalar bu yaxınlarda qüvvəyə minib. Dəyişiklikləri yalnız bir neçə aydan sonra görə biləcəyik.

Ümumilikdə isə «Bolt», müxtəlif bazarlarda fəaliyyət göstərən bir şirkətdir və sürətli öyrənəndir və işlədiyimiz hər bir ölkədə müxtəlif tənzimləyici mühitlərə uyğunlaşmaq üzrə yaxşı təcrübəyə malikdir.

- Taksilərlə bağlı baş verən dəyişikliklər sizin üçün gözlənilməz olmadı ki?

- Xeyr, bu dəyişikliklər bizim üçün gözlənilməz olmadı, çünki biz belə dəyişikliklərə hazırlaşırdıq.

- Taksi şirkətləri bu dəyişikliklərlə bağlı müzakirələrdə iştirak edibmi?

- Belə deyək, bütün ölkələrlə olduğu kimi, Azərbaycanda da şirkət olaraq fəaliyyətimiz yerli qanunvericiliyə ciddi şəkildə uyğundur. Biz həmişə yerli hakimiyyət orqanları ilə işləməyə hazırıq. Taksi xidmətləri bazarı ilə bağlı hər bir qərar minlərlə insana və onların dolanışıq vasitələrinə təsir etdiyi üçün biz hesab edirik ki, hər hansı bir dəyişiklik hərtərəfli və diqqətlə təhlil edildikdən sonra təsdiq edilməlidir. Biz tənzimləyici qurumların bu barədəki qərarlarına heç cür təsir etməmişik.

- Gələk dəyişikliklərin özünə, «Bolt» şirkətinin taksilərlə bağlı yeniliklərə münasibəti necədir, bu yenilikləri necə qiymətləndirirsiniz?

- «Bolt» taksilərlə bağlı dəyişikliklərə ehtiyatlı optimizmlə yanaşır. Bu dəyişikliklərin tam təsirini bilmək hələ tez olsa da, onların məqsədi aydındır: xidmətin keyfiyyətini artırmaq.

Bununla belə, nəzərə alınmalı olan mühüm iqtisadi nəticələr də var. Mövcud avtomobillərin sayı azaldıqda dinamik qiymət prinsipləri işə düşür ki, bu da tariflərin artmasına səbəb olur. Bu, təbii nəticədir, çünki təklif azalır, tələb eyni qalır və ya artar.

- Sizcə, taksilərə yeni tələblər bazardakı taksi avtomobillərinin sayını nə qədər azaldacaq?

- Baxın, AYNA-nın yeni qaydalarına əsasən, sərnişindaşıma sahəsində yaşı 15 ildən artıq olan avtomobillərin istismarı qadağandır. Yəni köhnə avtomobillər tədricən sistemdən çıxarılır.

Biz başa düşürük ki, hazırda platformada qeydiyyatdan keçmiş bütün avtomobillər yenilənmiş tələblərə cavab verməyəcək. Bu o deməkdir ki, xidmət müəyyən təsir hiss edəcək.

Biz həmişə sürücü partnyorlarımızı dəstəkləyirik, lakin başa düşmək lazımdır ki, sürücülər bizim işçilərimiz deyil və ilk növbədə öz şəxsi avtomobillərində işləyirlər. Biz onların işinə təsir edən bütün amilləri nəzərə alırıq, lakin bu, həmişə bizdən asılı deyil.

Biz mütəmadi olaraq sürücü tərəfdaşlarımıza qanuna əməl etməyi xatırladırıq, əks halda «Bolt»dan sifariş ala bilməyəcəklər. Eyni zamanda, daha çox sürücünün tələblərə əməl etməsinə kömək etmək üçün əlavə təşəbbüslər planlaşdırırıq. O cümlədən

«Bolt» olaraq sürücülərimizə yeni tələblərə cavab verməkdə dəstək olmaq fikrindəyik.

- «Bolt»un sürücülərə dəstək olacağını bildirirsiniz, bu dəstək özünü nədə göstərəcək?

- Əvvəla «Bolt» daimi olaraq vətəndaşlara öz şəxsi avtomobillərdən istifadə üçüe alternativ təklif etmək üçün yeni yollar araşdırır. Azərbaycanda avtomobillə səyahət ən populyar variant olaraq qalsa da, biz bu yaxınlarda Bakıya elektrik skuterləri təqdim etdik. Bu təşəbbüs nəqliyyat variantlarını genişləndirmək və davamlı mobillik həllərini təşviq etmək öhdəliyimizi əks etdirir.

Digər tərəfdən, biz tərəfdaşlarımıza yeni avtomobillərin alınmasında, o cümlədən maliyyə yardımı göstərməklə dəstək olmağa çalışırıq. Bura xüsusi maliyyələşdirmə proqramlarının hazırlanması və avtomobillərin alınması üçün əlverişli şəraitin təmin edilməsi üçün banklar və lizinq şirkətləri ilə əməkdaşlıq daxildir.

- Yəni «Bolt» köhnə avtomobillərin sahiblərinə maşınlarını yeniləməyə kömək edir? Bu necə edilir, «Bolt»un prosesdə rolu nədir?

- Bəli, yeni investisiya proqramının bir hissəsi olaraq, Bolt seçilmiş taksi şirkətlərinə və özəl sürücülərə yeni avtomobillərin alınması və ya köhnə avtomobillərin (yəni yeni qaydalara uybun gəlməyən) dəyişdirilməsi üçün maliyyə vəsaiti təqdim edir. Proqramın pilot mərhələsi çərçivəsində «Bolt» yayın sonuna qədər bir neçə min avtomobilin alınmasına dəstək verəcək. Eləcə də «Bolt» bu proqram vasitəsilə sürücüləri «Avro 5» standartlarına cavab verən və ya onları aşan elektrik və ya az yanacaq işlədən sərfəli avtomobilləri seçməyə təşviq edir.

Bundan əlavə, ətraf mühitin mühafizəsi üzrə qlobal öhdəliyinə uyğun olaraq və Azərbaycan Prezidentinin 2024-cü ilin “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edilməsi haqqında fərmanına sadiqliyin əlaməti olaraq, həmçinin Bakıda keçiriləcək ÇNL 29 tədbiri Bakı, Bolt tezliklə Bakıda tamamilə yaşıl rəngə boyanmış 22 müasir premium elektrik taksisini istifadəyə verəcək.

- Taksi sahəsində dəyişikliklər və yeni tələblər və müxtəlif məhdudiyyətlər taksi tariflərinin qiymətini nə qədər artıracaq? Yoxsa qiymətlər dəyişməyəcək?

- AYNA-nın 15 yaşdan yuxarı avtomobillərin istismarını qadağan edən artıq qeyd olunan qətnaməsinə qayıdaq. Xatırladıram ki, köhnə avtomobillər tədricən sistemdən çıxarılır ki, bu da platformada aktiv sürücülərin sayını azaldır. Təbii olaraq, daha az avtomobil daha yüksək qiymətlərə səbəb olacaq, çünki «Bolt» kimi platformalar dinamik qiymət rejimində işləyir. Tələb və təklif arasında disbalans yarandıqda, xidmətin alqoritmləri onu pik əmsallardan istifadə edərək düzəldir. Bu o deməkdir ki, tələbin (sərnişinlərin sayının) təklifi (sürücülərin sayı) üstələyən sürətlə artdığı bir şəraitdə səfərin son dəyəri də arta bilər.

Amma avtomobillərin sayının azalması qiymətlərə təsir edən yeganə amil deyil. Məsələn, yeni vəziyyətlərin istifadəçi davranışına necə təsir edəcəyini hələ bilmirik. Ola bilsin ki, qiymətə çox həssas olan müştərilər taksi xidmətindən daha az istifadə edəcəklər və ya digər nəqliyyat növlərinə keçəcəklər. Bu tələbi azalda bilər. Bütün bu amillər bir-birinə bağlıdır və bazar bu transformasiyadan keçməlidir.

- «Bolt» qarşıdakı dövrdə Azərbaycan bazarında hansı yenilikləri tətbiq etməyi planlaşdırır?

Biz platforma olaraq həm sərnişinlərin, həm də sürücülərin rahatlığı üçün mütəmadi olaraq yeniliklər təqdim edirik. Təhlükəsizlik - Boltun №1 prioritetidir, buna görə də biz təhlükəsizlik xüsusiyyətlərimizi daim təkmilləşdiririk. Məsələn, sərnişinlərin rəyləri və sürücü reytinqləri əsasında məlum olsa ki, «Bolt»un sürücüsünün davranış tərzi və ünsiyyəti əksər istifadəçilər üçün təhlükəsiz deyil və ya kobuddursa, onun reytinqi aşağı düşür. Bu halda şirkət belə sürücünün platformaya girişini bloklaya bilər.

Boltun 24/7 dəstək xidməti istifadəçiyə səfər zamanı qarşılaşdığı istənilən problemi həll etməyə imkan verir. Menecerlər bu cür sorğulara tez cavab verir, lazımi məlumatları təqdim edir və mübahisəli məsələlərin həllinə kömək edir, çünki Bolt proqramı vasitəsilə onlarla ünsiyyət gecə-gündüz işləyir.

Eləcə də qeyd etmək istərdim ki, biz Azərbaycan bazarında ilk olaraq nəqliyyat xidməti sərnişinləri üçün həyat və sağlamlıq sığortası funksiyasını tətbiq etmişik.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
fed.az

1Sources