EN

Ekspert: Tərbiyəçilərin sertifikasiya imtahanına cəlb olunmasına çox ehtiyac var

Bu günədək məktəbəqədər təhsil müəssisələrində çalışan 350-ə yaxın tərbiyəçi müəllim mərkəzləşdirilmiş qaydada imtahanla işə qəbul olunub.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov APA-ya açıqlaması zamanı deyib.
"Eyni zamanda bu ildən etibarən ilkin olaraq tərbiyəçi müəllimlərin diaqnostik qiymətləndirməsi aparılacaq. Növbəti ildən isə tərbiyəçi müəllimlər də sertifikatlaşdırma imtahanında iştirak edəcəklər", - o əlavə edib.

Təhsil eksperti Elçin Süleymanov“Sherg.az”a bildirib ki, tərbiyəçilərində sertifikasiya imtahanına cəlb olunması müsbət haldır:

“Orta təhsildə təhsil verənlərin sertifikasiya imtahanlarına diqqət yetirəndə görürük ki, kifayət qədər savadlı və bacarıqlı müəllimlərimiz tədris prosesinə qoşulmur. Ancaq buna baxmayaraq öz keçdiyi dərsi bilməyən, fənni zəif mənimsəyən və şagirdlərin təhsilində bilik və bacarığı yetərsiz olan müəllimlərimiz də var. Sertifikasiyadan keçmədiyi zaman onlara şans verilir ki, özlərini daha da inkişaf etdirərək təhsillərini artırsınlar. Məktəbəqədər təhsil müəssisələrində bu daha vacibdir. Çünki şagirdin dünya görüşünün formalaşması məktəbəqədər yaşa kimi olur. Artıq məktəbəqədər müəssisələrdə həm direktor, həm də müəllim seçimi müəllimlərin işə qəbulu imtahanı ilə həyata keçirilir. Əgər qəbul imtahanla olursa müəyyən dövrdən sonra müəllimlərin peşəkarlığının ölçülməsi də müsbət addımdır. Sertifikasiyadan keçən müəllimlərin əmək haqqlarının artırılması isə keyfiyyətin yüksəlməsinə təsir göstərər”.

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu isə söyləyib ki, bağça adlandırdığımız məktəbəqədər təhsil müəssisələrində durum acınacaqlı vəziyyətdədir:

“İnkişaf etmiş ölkələrdə bağçaya önəm verilsə də, bizdə yola verirlər. Əvvəllər bağça icra hakimiyyətlərinin tabeliyində idi. Bu müddət ərzində bağçanın başına açılmayan oyunlar qalmadı. Çünki burada işlə təmin olunanların çoxu tərbiyəçi müəllimlər deyildi. İxtisası tərbiyəçi müəllim olmayan, yəni xadimə, bağban, çilingər və gözətçi gəlib müəllim kimi fəaliyyət göstərirdi. Bizdə bağça mahiyyəti ondan ibarətdir ki, uşağı apar bağçaya, yemeyini ver və yatızdır. Ancaq baxça bu deyil. Bərbad günə qalmış baxçalarda bərpa işləri aparılır. Birinci diaqnostik qiymətləndirmə, daha sonra isə sertifikatlaşdırma olacaq. Bu il baxçalarda sertifikasiya nəzərdə tutulmur. Sertifikasiya gələn il olacaq. Birinci sertifikasiyadan kəsilən müəllim növbəti sertifikasiyadan da kəsilirsə, işdən uzaqlaşdırılacaq. Artıq məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi müəllim kimi işləyən şəxslər imtahan verəcək. Sevindirici halda odur ki, növbəti illərdən artıq kolleclərdə bu ixtisas yığışdırılaraq ali məktəbə verilir. Çünki inkişaf etmiş bütün ölkələrdə belədir. Pedaqoji yönlü ixtisasların kolleclərdə olması düzgün deyil. Təssüf ki, Nazirlik ixtisası olmayan şəxsləri də sertifikasiya imtahanına buraxacaq. Fikrim budur ki, bu şəxslər təhsil sistemindən uzaqlaşdırılmalıdır. Kollec diplomu uyğun gələn şəxsləri saxlamaq olar. Bunu düzəltmək üçün ilk növbədə diaqnostik imtahan və sertifikasiya olacaq. O sertifikasiyadan uğur qazanan müəllimlər işləyə biləcək. Tərbiyəçilərin sertifikasiya imtahanına cəlb olunmasına çox ehtiyac var. Baxçalarda vəziyyət orta məktəbdəndə acınacaqlıdır. Düşünürəm ki, yersiz müdaxilələr olmasa 10-15 ildən sonra bu məsələ öz həllini tapacaq”.
Chosen
125
sherg.az

1Sources