EN

Cokoviç: “Tennisdən getməyə hazırlaşmıram”

Serbiyalı tennisçi Novak Cokoviç dizindəki əməliyyatdan sonra kortda məşq etməyə başlayıb.

O, sosial şəbəkə hesabında məşqdən videosunu paylaşıb:
“Tennis, səndən ötrü darıxmışam. Hər gün işləməyə davam edirəm”.

Xatırladaq ki, 37 yaşlı ulduz iyunun 3-də “Rolan Qarros”un 4-cü dövrəsində argentinalı Fransisko Çerundolonu məğlub edəndən sonra diz qapağındakı zədə üzündən mübarizədən çəkilib. İyunun 18-də isə Serbiyanın Milli Olimpiya Komitəsi Cokoviçin Paris Olimpiadasında iştirak edəcəyini təsdiqləyib.Serbiyalı ulduz bazar ertəsi, yəni iyunun 24-də Londona yollanıb. Düzdü, o, hələ ki iyulun 1-də start götürəcək “Uimbldon” turnirinə qatılıb-qatılmamaqla bağlı son qərarını verməyib:
“İşlərin axarından çox razıyam. Hələ ki kortda 100 faiz gücümü qoya bilmirəm, ancaq qarşıdakı bir neçə gündə bunu bacaracağıma ümid edirəm. Bərpa prosesi doğru istiqamətdə gedir. Qarşıdakı 4-5 gündə işlərin necə gedəcəyindən asılı olaraq qərara verəcəm. Qələbəmə əmin olduğum halda turnirə qatılacam? Əlbəttə, bura yalnız ilk bir neçə dövrədə oynamaq üçün gəlməmişəm. Hələ ki tennisdən getməyə hazırlaşmıram. Yəni bu, mənim üçün son “Uimbldon” olmayacaq. Başqa oyunçulara münasibətdə ədalətli olmaq üçün püşkatmaya qədər qərar verəcəm. Turnir başlayana qədər nələrin baş verəcəyini bilmirəm”.

“Uimbldon”dan söz düşmüşkən, turnirə qatılmaq istəyən bütün rusiyalı tennisçilər neytallıqla bağlı bəyannaməyə imza atmalıdılar. İdmançılar 2023-cü ildə də analoji sənədi imzalayıb. Turnirin mətbuat xidmətinin əməkdaşı TASS agentliyinə belə deyib:
“Rusiya və Belarusdan olan tennisçilər ötən il turnirə qatılmaq üçün neytrallıqla bağlı bəyannaməyə imza atmışdı. Bu il də həmin razılaşma qüvvədədi, yəni yenidən imzalamalıdılar”.

Xatırladaq ki, 2022-ci ildə bu iki ölkədən olan tennisçilər “Uimbldon”a buraxılmamışdı. Bunun cavabında isə ATP və WTA turniri reytinq xallarından məhrum etmişdi. Ötən il Rusiya və Belarus tennisçiləri bəzi şərtləri gözləməklə neytral idmanmı statusu ilə London turnirinə qatıla bildi. Onlar konkret Rusiyanın “xüsusi hərbi əməliyyat” adlandırdığı Ukrayna ilə müharibəni dəstəkləmək, dövlətdə və ya dövlətin himayəsində olan şirkətlərdə maliyyə ardımı almaq qadağan olunmuşdu.
Chosen
91
football-plus.az

1Sources