EN

Türkiyənin Ermənistanla görüşdən imtinasının səbəbi Azərbaycanla bağlıdır...

Image

Sahil İsgəndərov: “Bu görüşün baş tutmaması, yaxud təxirə salınması son vaxtlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ətrafında gedən proseslərlə bağlı ola bilər və daha çox bağlıdır”

Rəsmi Ankara Türkiyə  və Ermənistan nümayəndələri arasında görüşdən imtina edib. News.am-a məlumatlı diplomatik mənbədən bildirilib ki, Ankara fikrini dəyişərək Türkiyə və Ermənistan nümayəndələri arasında iyulun 2-nə planlaşdırılan görüşdən imtina edib. 

Erməni mediasının yazdığına görə, bundan əvvəl xəbər verilmişdi ki, iyulun 2-də Ermənistan-Türkiyə sərhədində iki ölkə nümayəndələrinin görüşü planlaşdırılır. “Son anda Türkiyə tərəfi görüşdən imtina etdi. Qərarın rəsmi səbəbləri açıqlanmayıb”.

Yazılanlara görə, iclasın ləğv edilib-edilmədiyi hələlik məlum deyil.

Erməni mediasına görə,  iyunun 11-də Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib ki, “uzun müddətdir rəsmi görüş olmayıb, amma bizim aramızda razılıq var. Ermənistan və Türkiyə nümayəndələri arasında görüş yeni tarixdə baş tutacaq və yerlə bağlı hələlik razılaşmamız yoxdur”. Rubinyan bildirib ki, Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsü artıq təmir olunub və hazırdır. Türkiyənin xüsusi elçisi 7 il ABŞ səfiri və Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində çalışmış Serdar Kılıçdır.

Türkiyənin bu görüşdən imtinası Ermənistanın Azərbaycanla sülh sazişini  imzalama prosesini gecikdirməsi ilə bağlı ola bilərmi?

Bəzi ekspertlərə görə, Ermənistan prosesi ləngitdiyi üçün Türkiyə də bu görüşü lazım bilməyib.

“Bütün dövrlərdə rəsmi Ankara birmənalı şəkildə bəyan edib ki,  Türkiyə-Ermənisan münasibətlərinin normallaşması yolu ilk növbədə Ermənistanın Azərbaycanla münasibətlərini tənzimlənməsindən keçir” 

Politoloq Sahil İsgəndərli “Bakı-Xəbər”ə şərhində “Əlbəttə ki, bu görüşün baş tutmaması, yaxud təxirə salınması son vaxtlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ətrafında gedən proseslərlə bağlı ola bilər və daha çox bağlıdır. Bilirik ki, Azərbaycan tərəfi artıq Ermənistanla münasibətlərin normallaşması və sülh sazişinin imzalanması ilə bağlı öz tələbini konkret şəkildə ortaya qoyub”-deyə bildirdi.

S.İsgəndərli vurğuladı ki, bu da məhz Ermənistan konstitutsiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddələrin çıxarılması tələbidir. Azərbaycanın birmənalı şəkildə Ermənistan konstitutsiyasında dəyişikliklər gözlədiyini deyən S.İsgəndərov qeyd etdi ki, Azərbaycan bunu dəfələrlə bəyan edib, bu müxtəlif ölkələrin ən yüksək vəzifəli rəsmiləri ilə görüşlərdə   də bildirilib. S.İsgəndərli onu da dedi ki, yəni artıq Azərbaycan dövləti beynəlxalq miqyasda bu tələbi konkret şəkildə ortaya qoyub. Türkiyə ilə Ermənistan arasında təyin olunan görüşün  Azərbaycanın Ermənistana qarşı tələbi ilə bağlı təxirə salındığını istisna etməyən S.İsgəndərli qeyd etdi ki, əvvəlcə Ermənistan Azərbaycanın tələbinə əməl etməlidir. “Bu görüşün təxirə salınması niyə məhz bununla bağlı ola bilər? Çünki bilirik ki, Ermənistan konstitutsiyasındakı ərazi iddiaları yalnız Azərbaycan əraziləri ilə bağlı deyil, orada qardaş Türkiyəyə qarşı da ərazi iddiaları var. Azərbaycan Ermənistan qarşısında konstitutsiyasından ərazi iddiaları ilə bağlı maddələrin çıxarılması tələbini qoyanda təkcə özünü nəzərdə tutmur, həm də qardaş Türkiyəyə qarşı ərazi iddialarının çıxarılmasını nəzərdə tutur. Belə ola bilməz ki, Azərbaycana qarşı ərazi iddiaları Ermənistan konstitutsiyasından çıxarılsın, amma Türkiyəyə qarşı ərazi iddiaları qalsın. Bu baxımdan düşünürəm ki, rəsmi Ankaranın bu mövqeyi, yəni Türkiyə və Ermənistan arasında görüşü ləğv etməsi bu məqamla bağlı ola bilər. Amma mən demirəm ki, bu birmənalı şəkildə belədir. Aydındır ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsi kontekstində artıq tərəflər müəyyən işlər görüblər, müəyyən qədər irəliləyiş olub. Amma bir məsələni də yaddan çıxarmayaq, son 35 ildə, hətta İkinci Qarabağ savaşına qədər də, ondan sonra da, bütün dövrlərdə rəsmi Ankara birmənalı şəkildə bəyan edib ki,  Türkiyə-Ermənisan münasibətlərinin normallaşması yolu ilk növbədə Ermənistanın Azərbaycanla münasibətlərini tənzimlənməsindən keçir. Bunu Türkiyə dəfələrlə vurğulayıb. Yeri gəlmişkən, “Zəngəzur dəhlizi” də elə bu kontekstə daxildir. Ona görə də düşünürəm ki, bəli, bu məqamlar bir-birini tamamlayır. Görüşlə bağlı Ankaranın fikrindən daşınması, istisna deyil ki, bununla bağlıdır. Burada ikinci bir məqam da ola bilər. Bilirik ki, son zamanlar Ermənistan regiondan kənar oyunçularla, ilk növbədə Amerika Birləşmiş Ştatları (ABŞ), Fransa ilə, yəni kollektiv Qərblə ikibaşlı oyunlar aparır. Yeri gəlmişkən, bu qüvvələrin də Cənubi Qafqazda möhkəmlənməsi çox vaxt heç də Türkiyənin geosiyasi maraqları ilə üst-üstə düşmür. İkinci bir tərəfdən də, bilirik ki, xüsusilə Fransanın Ermənistanı silahlandırması və ABŞ-ın da bu və digər şəkildə dolayısı ilə, yaxud pərdəarxası və ya açıq-aşkar dəstəyi heç də rəsmi Ankaranın ürəyindən deyil. Təbii ki, belə oyunlar regionda da vəziyyəti gərginləşdirir ki, bu da Türkiyənin milli və geosiyasi maraqlarına heç də müsbət xallar gətirmir, əksinə təhdid yaradır. Yaddan çıxarmayaq ki, Azərbaycan Türkiyə və Ermənistanın yaratdığı 3+3 formatı kontekstində ilk növbədə regionda bütün proseslərin məhz region dövlətlərinin iştirakı ilə, bilavasitə, onlar arasında gedən proseslərin, danşıqların, münasibətlərin tənzimlənməsini nəzərdə tutur. 3+3 formatı, əksinə, regiondan kənar qüvvələrin burada  mövqeyinin möhkəmlənməsinin, bu və digər proseslərə müdaxiləsinin, onların ədavəti qızışdırmaq planlarının qarşısına sədd çəkib. Bu baxımdan düşünürəm ki, Ermənistanın son zamanlar, xüsusilə də ABŞ-la və Fransa ilə belə pərdəarxası, ikibaşlı oyunları heç də Türkiyəni qane etmir. Çünki bildiyimiz kimi, Türkiyə, Azərbaycan və Rusiya ilə bərabər burada yeni bir geosiyasi konfiqurasiya  yaranır. Buna görə də düşünürəm ki, Türkiyənin Ermənistanla görüş fikrindən daşınması bu iki məqamla bağlı ola bilər. Amma bu heç də o demək deyil ki, bu görüş bir də olmayacaq, belə deyək, hər iki tərəf siyasi iradə ortaya qoyub və xeyli irəliləyiş var. Ancaq istənilən halda düşünürəm ki, Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi birbaşa olaraq Ermənistan Azərbaycan münasibətlərinin tənzimlənməsindən və sülh sazişindən keçir. Başqa cür də ola bilməyəcək”-deyə S.İsgəndərov qeyd etdi.

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources