EN

Elmi işi sosial şəbəkələrdə yaymaq olmaz?..Nazirin mübahisə doğurmuş fikri...

Image

“Heç bir özünə hörmət edən elm işçisi tədqiqatını sosial şəbəkədə, “Facebook” postunda dərc etmir”. Bu fikri elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib. 

Nazir qeyd edib ki, elmi tədqiqatlar elmi jurnallarda dərc edilir: “Bu həm də onu göstərir ki, həmin tədqiqata başqa alimlər də baxıb, rəy verib. Tədqiqatın yalnız sosial şəbəkədə paylaşılması düzgün deyil. Bu elm deyil və bununla təhsil siyasəti aparıla bilməz, hətta aparılması qadağan edilməlidir”. 

Elmi işin sosial şəbəkədə paylaşılmaması fikri ictimaiyyət arasında narazılığa səbəb olub. Bildirilir ki, elmi tədqiqat jurnallarla yanaşı, sosial şəbəkədə də paylaşıla bilər. 

Ilqar Orucov: “Yaxşı olar ki, alimlər öz elmi işlərini sosial şəbəkə vasitəsilə deyil, ciddi platformalarda yayımlasın” 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, elmi tədqiqat elmi jurnallarda çap olunmalıdır. Adətən elmi tədqiqatlar  dünyanın tanınmış elmi jurnallarında dərc olunur: “Onu da deyim ki, bir çox hallarda bu vəziyyətdən sui-istifadə halları da mövcud olur.  Yəni elmi jurnallardan kommersiya məqsədilə istifadə olunur. Bu səbəbdən də həmin jurnalların xeyli hissəsi  açıq deyil. Bu jurnallara giriş açıq olmur. Girişin məhdud olması ona gətirib çıxarır ki, hansısa şəxs həmin jurnala sərbəst daxil olub, istənilən elmi işlə tanış ola bilmir. Bunun üçün ödəniş etməlidir. Bu səbəbdən də son illər dünyada yeni çağırışlar, trendlər baş qaldırıb. Artıq “open science”, yəni “açıq elm” trendi aktuallaşıb. Hazırda açıq elmə daha böyük maraq var. Ölkəmizdə də açıq elmə böyük tələbat var. Ümumiyyətlə, elmi tədqiqatların yayımı, çapı kommersiya məqsədli olmamalıdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, son illər  dünyada elmi işlərin sosial platformalar vasitəsilə yayılması müşahidə olunur. Bu hal geniş yayılıb: “Hesab edirəm ki, elmi tədqiqatların sosial şəbəkədə yayılması elə də böyük rezonansa səbəb olmur. Məlumdur ki, sosial şəbəkədə fərqli paylaşımlar olur. Onu da nəzərə almaq lazımdır ki, sosial platforma nizamsız, xaoitik bir mühitdir. Yaxşı olar ki, alimlər öz elmi işlərini sosial şəbəkə vasitəsilə deyil, ciddi platformalarda yayımlasın. Zamanla elmi işlərin paylaşımı üçün sırf rəqəmsal platforma yaradıla bilər. Ancaq  biz  elm adamına deyə bilmərik ki, tədqiqatını sosial şəbəkədə paylaşma. Bununla bağlı qadağa tətbiq edilə bilməz”. 

Kamran Əsədov: “Elmi tədqiqat işləri ilə bağlı məsələlər sosial platformada paylaşılmalıdır ki, geniş ictimaiyyət ondan xəbər tutsun” 

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün Azərbaycanda elmin populyarlaşmasına ciddi ehtiyac var. Elə elmi tədqiqat işləri var ki, onlar yalnız alimlər, tədqiqat müəssisələri üçün araşdırılmır: “Alimlərin cəmiyyətdə fikri mütləqdir. Təəssüf ki, bu gün sosial şəbəkələrdə ehtiyac olmayan fikirlər səslənir. Hesab edirəm ki, mütləq şəkildə alimlərin öz tədqiqat işləri ilə bağlı sosial şəbəkədə məlumat paylaşmalıdır.  Bu gün Azərbaycanda və dünyada elmi jurnalların oxunaqlığı elə də yüksək deyil.  Hətta universitetlərin elmi jurnallarına məqalə müəllifləri belə nəzər yetirmir. Bu danılmaz faktdır.  Bu səbəbdən də hesab edirəm ki, elmi tədqiqat işləri ilə bağlı məsələlər sosial platformada paylaşılmalıdır ki, geniş ictimaiyyət ondan xəbər tutsun. Bu sahə ilə bağlı fikri olan da sosial şəbələ istifadəçisi həmin paylaşıma öz fikrini bildirə bilər. Tədqiqatların sosial şəbəkə vasitəsilə insanlara çatdırılmasına ehtiyac var”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources