EN

ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev bəyanatla çıxış edib

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyevin bəyanatla çıxış edib. 
 
Bəyanatı təqdim edirik.
 
ATƏT PA-nın illik sessiyası, Buxarest, Rumıniya
Plenarda ümumi müzakirə, 02 iyul 2024-cü il.
 
Hörmətli Xanım Prezident,
 
Azərbaycan və Ermənistan arasındakı münaqişə başa çatdıqdan sonra Ermənistanın dövlət rəsmiləri öz bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb, ərazi iddialarından əl çəkdiklərini bildiriblər. 
 
Ancaq kritik bir sual qalır: bu öhdəlik həqiqi fəaliyyətə çevrilirmi?
 
Cavab YOX-dur.
 
Ermənistan Konstitusiyasında təəssüf ki, hələ də Azərbaycan ərazisinin bir hissəsinin Ermənistana birləşdirilməsi ilə bağlı ərazi iddiaları var. 
 
Bu, qlobal anomaliya yaradır, çünki dünyada münasibətləri normallaşdırmaq və qonşusu ilə sülh müqaviləsi bağlamaq istəyən heç bir dövlət özünün əsas sənədində belə iddiaları müdafiə etmir.
 
Bu paradoks və ziddiyyət Ermənistanın bəyan etdiyi sülh istəyini və öhdəliklərini sarsıdır.
 
Azərbaycan haqlı olaraq onun milli təhlükəsizliyinə birbaşa təsir edən bu qanunsuz iddiaların aradan qaldırılmasını tələb edir. 
 
Lakin Ermənistanın Azərbaycanın haqlı narahatlığını daxili işlərə qarışmaq kimi qələmə verməklə onu kənara qoyması onsuz da kövrək olan etimadı sarsıtmaqdan başqa bir şey deyil.
 
Həmkarlar, razılaşırsınız ki, qonşuya qarşı ərazi iddiaları heç bir ölkənin daxili işi ola bilməz! 
 
Bu cür rəsmi iddialar regionda sülh və təhlükəsizliyə birbaşa təhdiddir, hətta beynəlxalq narahatlıq doğuran məsələyə çevrilir və buna görədə Ermənistan Konstitusiyasından bu iddia mümkün qədər tez çıxarılmalıdır.
Bu davranış həm də Ermənistanın elan etdiyi sülh gündəliyi ilə konkret addım atmaması arasındakı uyğunsuzluğu daha da qabarıq göstərir.
 
Xanım Prezident,
 
Sonda icazə verin, ATƏT daxilində köhnəlmiş bəzi strukturlara da qısaca toxunum. 
 
Minsk Qrupu, ATƏT-in fəaliyyətdə olan Sədrliyinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupu münaqişədən sonrakı reallıqda getdikcə əhəmiyyətsiz görünür. 
 
Bu cür qeyri-funksional qurumların saxlanması üçün hər il təxminən 2 milyon avronun ayrılmasını əsaslandırmaq çətindir və ciddi suallar doğurur.
 
Ona görə də mən ATƏT-in Daimi və Nazirlər Şuralarını bu aidiyyatı olmayan və köhnəlmiş strukturların ləğvi məsələsini rəsmi şəkildə nəzərdən keçirməyə çağırıram.
Çox sağ olun.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources