EN

Söz azadlığı və jurnalist ləyaqəti - Tel­man Oru­covdan yeni yazı

Telman ORUCOV


Söz azadlığı fundamental azadlıqlardan biridir. Ümumiyyətlə isə "azadlıq" termini əsasən Yeni Tarixlə əlaqədardır. Orta əsrlərdə mahiyyətinə məhəl qoyulmaığına görə bu ifadə nadir hallarda işlədilirdi. XVI əsrdən sonra azadlığın mənası "azad seçim, mümkün seçimlərdən birinə üstünlük vermək və günah köləliyindən azad olmaq" kimi başa düşünülürdü. Köhnə fransız azadlığı isə "azad iradə" mənasını verirdi, deməli, ona heç bir təzyiq göstərilmirdi. Latın sözü olan "libertas" "mülki, siyasi azadlıq, azad insanın həyat şəraitinin məhdudlaşdırılmasına icazə verilməməsi və onun ümumiyyətlə yoxluğu" kimi başa düşülürdü.

Əvvəlcə bu, icma üzvləri üçün nəzərdə tutulurdusa, XV əsrdən başlayaraq azadlıq, dövlətin, arbitr rolunu oynamasından, fanatizm və avtoritarizm qaydasında cəmiyyəti idarə etməsindən və ya ona nəzarət etməsindən uzaq olması kimi nəzərdə tutulurdu.

XVI və XVII əsrlərdə isə artıq liberalizmə xüsusilə ehtiyac duyulur, bu da adamın etdiyi çıxışda və ya hərəkətində, başqa sözlə, bütün fəaliyyətində məhdudiyyətdən azad olmaq mənasını verirdi. Maarifçilik Epoxası isə bunu pozitiv düşüncədə "əvvəldən olan əminlikdən azad olmaq, tolerantlıq, fanatik və ya dar düşüncəli olmamaq" kimi üzə çıxardı.

İngilis dilindəki "liberty" latın sözü olan "liber"dən yaranmışdır. Azad cəmiyyətdə hər kəs əminliklə öz düşündüklərini yaza bilər. Burada söz azadlığı, sarsılmaz bir hüquq olduğunu göstərir.

Azad olmaq "onun keyfiyyətinə və ya vəziyyətinə malik olmaq, özünə xoş olan şeyi etmək istəyidir, fiziki cəhətdən məhdudlaşdırılmamağın azadlığıdır, arbitr qaydasında olan və ya despotik nəzarətdən azad olmaqdır, müxtəlif sosial, siyasi və ya iqtisadi hüquqlardan və imtiyazlardan pozitiv şəkildə istifadə etməkdir, həm də sərbəst seçim etmək imkanıdır".

Plyural azadlıq, müstəqil və azad olanların malik olduğu bir şəraitdir, özünə xoş olanı etmək imkanıdır, buna normal həddən uzağa getməklə edilən hərəkət daxildir. Azadlıq həm də hökmən həqiqətə uyğun olaraq, başqa sözlə, tam düzgün qaydada həyata keçirilməlidir.

Söz azadlığının gur inkişafında bütün media iştirak edir. Buna nəşr mətbuatı olan qəzetlər və jurnallar, elektron vasitələri - televiziya və radio, İnternet və onun bilavasitə iştirakı ilə yaranan blogerlər ordusu daxildir. Blogerlər də yaradıcılıqlarına görə çox hallarda jurnalist kimi qiymətləndirilir. Bütövlükdə jurnalistika xəbərlərin yığılması, hazırlanması və paylanması ilə məşğul olur, onlara həm də, lazım gəldikdə müvafiq izahlar əlavə edir

Media, çap və elektron növlərinə bölünməklə, qəzetlərdən, jurnallardan, kitablardan, bloqlardan, sosial şəbəkələrdəki bəzi aktual yazılardan ibarətdir. "Jurnalist" sözü bünövrədən cari hadisələri çap şəklində, xüsusən qəzet formasında reportaj kimi ifadə etməklə məşğul olan adamı nəzərdə tuturdu. Lakin xəbərlərin istehsalına həm də radio, televiziya, XX əsrin son onilliklərindən başlayaraq İnternet də qoşulmuşdur.

İlkin jurnalistika məhsulu Qədim Romada parçalarda yazılmış xəbərlərdən ibarət idi. Bu, "Acta Durina" adlanırdı, onun bizim eradan əvvəl 59-cu ildə meydana çıxdığı məlumdur. Çində Tan sülaləsi dövründə hökumət rəsmiləri "bao" adlanan xəbərlər dərc edirdilər. XVI əsrdə Venetsiyada xəbərlər adətən "qazetta" adlanan xırda pula satılırdı, buradan da bir çox dillərdəki "qəzet" kəlməsi əmələ gəlmişdir. Alman şəhərlərində də çap olunan qəzetlər meydana çıxdı, 1609-cu ildə belə qəzet Antpervendə (müasir Belçikadakı şəhərdir) də var idi

Jurnalist, məlumatları toplayıb, mətnə çevirən bir şəxsdir. Jurnalist geniş əhatəli fəaliyyət göstərə bilər, çap məhsulu ilə yanaşı, reklam da hazırlaya bilər. Bu peşənin sahibləri ictimai sahədə çalışan şəxslərlə əlaqə qurmaqla yanaşı, bir qayda olaraq, baş verən proseslərdə fəal iştirak edirlər. Reportajları, müxbir yazılarını hazırlayanlar, naşirlər, redaktə ilə məşğul olanlar, yazıçılar, köşə yazarları və fotoqraf kimi vizual jurnalistlər mətbuatın əməkdaşları hesab olunurlar.

Reportyor elə bir növə aid edilən jurnalistdir ki, baş verən hadisələrdən istifadə etməklə, onları araşdırır və bu məlumatları xəbər kimi çap etdirir. Reportyor hadisənin şahidi kimi çıxış edir, ona görə də özünü hadisə, qəza yerinə çatdırır, məqalə yazmaq üçün o, lazım olan materialları toplayır. Ona görə də jurnalistlər arasında kişi cinsindən olanlar çoxluq təşkil edir.

Jurnalist bəzi hallarda özünü təhlükəyə də salır, bu, xüsusən silahlı münaqişələr araşdırıldıqda, həm də mətbuata hörmət edilməyəndə baş verir. Bizdə inzibati orqan işçiləri daha operativ hərəkət etdiklərindən, jurnalistin normal həddən çıxan məişət münaqişələrinə müdaxiləsinə ehtiyac qalmır və o, əsasən elə bir təhlükə ilə də üzləşmir.

Professional jurnalistlə informasiya mənbəyi arasında yaranan münasibət mürəkkəbliyi ilə seçilir, bunu çox vaxt, iki rəqqasın iştirakı vacib olan tanqo rəqsi ilə müqayisə edirlər.

Jurnalistika dinamik və daim çağırışa hazır olan bir karyeradır, çünki həyatda müxtəlif şəraitlərlə üzləşməli olur. Yeni növ jurnalist və ya xəbər reportyoru mövcud hadisələrə dair əhvalatları araşdırır və çapa vermək üçün hazırlayır. Televiziya studiyalarında isə bu işi xəbər hazırlayan xüsusi komanda həyata keçirir.

Təhqiqat jurnalistikası daha çətin işdir, bu sahədə çalışanlar adətən cinayətləri və korrupsiya kimi, kənar adamlara sadə görünən, ancaq çətinliyi ilə seçilən xüsusi maraqları çözməklə məşğul olurlar. Köşə yazısı yazan jurnalistlər biliklərinə və yaradıcılıq qabiliyyətlərinə görə digər həmkarlarından fərqlənirlər. Onlar çalışdıqları qəzetlərdə hadisələrə münasibəti obyektiv şəkildə ümumiləşdirmək yolu ilə əks etdirməyə çalışırlar.  

Ümumiyyətlə, jurnalist işi olduqca əziyyətlidir, onlar üzərində işlədikləri məqalənin operativ qaydada hazır olmasına görə gecəni yuxusuz da keçirə bilirlər. Onların aclığa dözümlülüyünü isə hətta məməlilərdən dəvə ilə müqayisə etmək olar. Çox hallarda səfərdə olanda, onlar işin xatirinə gündə  bircə dəfə də qidalanmaqla kifayətlənirlər. Bəziləri heç vaxt yorğunluqdan şikayət etmir, taqətdən düşənə qədər işləməyi bacarır. Keçən əsrdə belə bir fikir yayılmışdı ki, şaxtaçılar kimi, jurnalistlər də başqaları ilə müqayisədə əsasən həyatla daha tez vidalaşırlar, bu da hər iki peşənin ağır zəhmət çəkməsi ilə əlaqədardır. Moskvalı bir jurnalist isə süfrə arxasında etiraf etdi ki, onun metabolizmi də başqalarından fərqlidir. Ona görə də o, daha çox spirtli içkiləri içməyi bacarır və heç vaxt sərxoş olmur, bu da onun bədənində spirtin çox tez parçalanması ilə əlaqədardır. Bu sözləri o, bəlkə də nisbətən çox içdiyini ört-basdır etmək üçün orqanizminin xüsusiyyətinin üstünə yıxmaq xatirinə söylədi. Ciddi arqumentlərə söykənən bəhanəni də mən içkibazlığa aludəçilik hesab etdiyimdən, ona cavab kimi, bu asılılığa mənfi münasibət bəslədiyimi bildirdim. Çünki içkinin adamların səhhətinə və taleyinə pis təsir göstərməsi barədə misallar saysız-hesabsızdır. Qrenlandiya eskimosları hətta kiçik dozada içki qəbul etdikdə, ağır şəkildə sərxoş olurlar, onların mədəsindəki fermentlər spirti parçalaya bilmir. Proses çox ləng getdiyindən mənfi təsir daha güclü olur. Ruslar Şimali-Şərqdə yaşayan azsaylı xalqlara mədəniyyət və təhsil gətirməklə yanaşı, onları spirtli içkilərə də öyrətmişlər. Sərxoşluq həmin xalqların genefonduna da olduqca pis təsir göstərmişdir. Cənubdakı türkdilli xalqların süfrəsinə arağın müdaxiləsi ilə, içkiyə həvəs meydana gəldi və bu, islam dininin həmin sahədəki qadağalarını əsasən ləğv etdt. Təəssüf ki, yaradıcı ziyalılar içkini ilhamı coşdurmaq vasitəsi, hətta mənbəyi adlandıraraq, ona olan həvəslərinə bəraət qazandırmaq istəyirlər. Belələrinin jurnalistlər arasında çox olduğunu da deyə bilmərəm, ancaq tanıdığım qələm sahiblərinin əksəriyyətini öz müşahidələrimə və onların müsbət saydığım bir sıra cəhətlərinə görə fərqli məxluqlar adlandırsam, güman edirəm ki, səhvə yol vermərəm.

Jurnalistika yazıçılıqla müqayisədə qısa və az ömürlü yaradıcılıq növü olsa da, özünə məxsus canlı tarixə malikdir. Ona həyatını sərf edənlər bir şeylə təskinlik tapa bilərlər ki, onlar müəyyən zaman kəsiyində xalqına ximət göstərmişdir və qədirbilən oxucu kütləsi onun əməyinə daim özünün minnətdarlıq qiymətini verir.

Bəziləri medianı gözdən salmaq üçün "fake news" - "saxta xəbər" ifadəsindən geniş istifadə edir, buna özlərini qoruyan bir immunitet kimi baxırlar. ABŞ-da hamının yaxşı tanıdığı bir milyarder siyasi həyata atıldıqda, özü barədə olan yazılara və televiziya xəbərlərinə münasibətini bildirdikdə, "saxta xəbər" termini ilə vəziyyətdən çıxmağa üstünlük verirdi. Vəzifə isə yalnız özü haqqındakı neqativ informasiyanı təkzib etmək və ya onun təsirini azaltmaq idi. Bu mübarizədə amerikan mətbuatı da öz mövqeyini zərbə altında saxlamaq istəmirdi. Demokratik ölkə olan Amerikada siyasi xadimlərin bir-birinə qarşılıqlı hücumları heç də səngimək bilmir, buna media da cəlb edilir, buradakı seçkiqabağı kampaniyalar isə, mübarizənin şiddətinə görə daha çox samuray döyüşünü xatırladır.

Azərbaycanda məmurlar da tənqid olunduqda hər şeyə əl atır, öz faktiki davranış qüsurları üçün məsuliyyətdən qaçmağa çalışırlar. Obyektivliyə əməl etməyən jurnalist isə öz səhvinə görə, ifşa etmək istədiyi məmuru, əslində özünə qarşı silahlandırır. O, təhqiqatında təmanna güdməklə, əvvəldən özünü, başladığı çətin mübarizədə məğlubiyyətə məhkum edir. Məmurun üzərinə "yüngül süvari" hücumu acınacaqlı nəticə verir və jurnalist sadəlövhlüyünə, daha doğrusu, yolverilməz səhlənkarlığına, xətasına, bəlkə də qanunsuz şəkildə olan şəxsi məqsədinə görə məhkəmədə, deməli, qanun qarşısında cavab verməli olur.

Qeyd etmək lazım gəlir ki, bütövlükdə jurnalistlərə, xüsusən də cəzaya məhkum edilmişlərə münasibət heç də birmənalı deyildir. Çünki son dövrlərdə meydana gələn qəzetlərin, elektron kütləvi informasiya vasitələrinin bolluğu onların məhsullarının keyfiyyət göstəricilərinin yaxşılaşması ilə müşayiət olunmadı, əksinə, təəssüf ki, mətbuatdan nüəyyən şübhəli məqsədlər naminə ayrı-ayrı şəxslərə qarşı hücum üçün istifadə edilməsi kimi xoşagəlməz üsullara da əl atıldı. Bədnam "reket jurnalistlər" məfhumu adı altındakı biabırçı gildiyaya daxil olanlar, qatı söz terrorunun, mənəvi zərbə vurmaqdan istifadə etmənin, qorxutmaq məqsədi güdən hərəkətlərin birbaşa nümunələri və hədə şəklini alması geniş ayaq açmağa başladı, bu üzdəniraq yolu, təkzibdən xali olan arqumentə çevirmək həvəsi böyüdü. Mətbuat Şurası mediaya ləkə gətirən bu "mübarizə" üsuluna biganə qalmadı və onların açıq qınağa cəlb edilməsi müəyyən müsbət nəticələr verir.

(Ardı var)























Bizi Facebookda izləyin

Chosen
212
525.az

1Sources