EN

“Kimin adamı varsa, o, işə götürülür” — Dövlət qulluğu imtahanından narazılıq artır

Dövlət qullluğuna qəbulla bağlı keçirilən sonuncu imtahan əksəriyyətin narazılığına səbəb olub. Belə ki BA sertifkatı üzrə 450-yə yaxın şəxsin iştirak etdiyi imtahanda cəmi 38 nəfər uğurlu nəticə göstərə bilib.

Məsələyə münasibət bildirən təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında deyib ki, son dövrlərdə dövlət qulluğu imtahanından şikayətlər artır. 

Onun sözlərinə görə, imtahan sualları nəzərdən keçirilməlidir:

“Son dövlət qulluğu imtahanında 2557 nəfər qeydiyyatdan keçdi, onlardan 57 nəfəri imtahana gəlməmişdi. 2500 nəfərdən də 408 nəfər sertifikat alıb. Bu, çox aşağı göstəricidir. Dövlət qulluğu imtahanına güvən yoxdur, artıq böyük əksəriyyət bu imtahanların doğruluğuna inanmır. Bu da Dövlət İmtahan Mərkəzinin nüfuzuna xələl gətirir. Problem ondadır ki, suallar son vaxtlar hədsiz çətin salınır, xüsusilə də qanunvericilikdən. 

Suallar söz oyunu üzərində qurulub, kimin əzbərçilik qabiliyyəti güclüdürsə, o, yüksək bal yığır. Məntiq və informatika fənlərinə bu qədər köklənmək bizə heç nə vermir. Dövlət qulluğu imtahanının müsahibə mərhələsi ümumiyyətlə bərbaddır, köhnə yanaşmalar tətbiq olunur. Ölçü meyarı sıfırdır, daha çox şəxs amili rol oynayır. Dövlət qurumları əvvəlcədən müəyyyənləşdirdiyi şəxsi işə qəbul etmək üçün sanki oyun qurub. Yenə də əvvəlki dövrə gedib çıxırıq, kimin adamı varsa, o, işə götürülür”. 

Ekspert Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı problemlərin hədsiz çox olduğunu söyləyib: 

“Çox adam müsahibə mərhələsinə görə dövlət qulluğunu seçmir, düşünür ki, onsuz da vakant yerlərin əvvəldən “sahib”i var . Müqaviləli şəxsləri işdə saxlamaq üçün namizədi çaşdırırlar, obyektivlik yoxdur. Ümumiyyətlə, hər ay niyə imtahan keçiriməlidir? 

DİM dövlət qulluğuna ildə iki dəfə imtahan keçirsə, yetərlidir. Hesabatlılıq yoxdur. Bu qədər narazılıq var, amma səbəbini soruşan, problemi həll etmək istəyən yoxdur”.


Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
demokrat.az

1Sources