EN

Azərbaycanın peşə təhsili müəssisələrinin rəhbərləri Türkiyədə təlim keçiblər

İstanbul, 3 iyul, Günel Karatepe, AZƏRTAC

Azərbaycanın peşə təhsili müəssisələrinin rəhbər şəxslərindən ibarət heyət Türkiyənin İzmir şəhərində təlim keçib.

Bununla bağlı AZƏRTAC-a Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki təhsil müşavirliyindən məlumat verilib.

Bildirilib ki, doqquz nəfərdən ibarət nümayəndə heyətimizin iştirak etdiyi təlim proqramı 2021-ci il fevralın 19-da Ankarada imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində hər il mütəmadi olaraq təşkil edilir.

Bu il ilk dəfə keçirilən təlimdə iştirak edənlərə İzmir Şəhər Milli Təhsil İdarəsinin müdiri Ömer Yahşi tərəfindən xüsusi sertifikatlar təqdim olunub.

Təqdimetmə mərasimində çıxış edən Türkiyədəki səfirliyimizin təhsil məsələləri üzrə müşaviri, dosent Nəcibə Nəsibova Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sektorunun inkişafı istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə iştirakçılara geniş məlumat verib.

Hökumətlərarası protokol çərçivəsində həyata keçirilən bu təlimin ölkəmizdə peşə təhsili sahəsinin inkişafı üçün əhəmiyyətini vurğulayan müşavir iştirakçılara uğurlar diləyib. O, təlimin təşkilində göstərdikləri dəstəyə görə Türkiyə milli təhsil naziri, İzmir Şəhər Milli Təhsil İdarəsinin müdiri başda olmaqla əməyi keçən hər kəsə təşəkkürünü ifadə edib.

Qeyd edək ki, qarşıdan gələn aylarda müəllimlər üçün növbəti təlimin keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
1
azertag.az

2Sources