EN

Oğlanlar niyə məzun günündə evlilik təklifi edir? - MARAQLI CAVAB

“Qızlar balaca vaxtlarından ayaqyalın gəzəndə belə “ayağına corab geyin, sabah gəlin olacaqsan, dünyaya uşaq gətirəcəksən” kimi fikirləri biz çox eşitmişik. Bu halda belə, cəmiyyət üçün həm yararlı peşəkarlar, həm də sağlam valideynlər yetişib”. 

Bu fikirləri “Yeni Sabah”a açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib. O, indiki gənclərdən danışıb və qeyd edib ki, çox çətin gəncliyin olduğu zamandayıq: 

“Biz qız uşağının dünyaya göz açdığı gündən cehiz sandığını yığan bir millətik. Analarımız, nənələrimiz onlara verilən cehiz dəsmalları belə işlətməyib qızıma saxlayıram deyə bizi böyüdüblər. Bəlkə də əvvəllər informasiya bu qədər çox olmadığından boşanmaların sayı az idi. Çox təəssüflər olsun ki, sanki maariflənmə işlərini apardıqca, daha çox xaosa rast gəlirik. Hətta bəzən belə məsələlərə elmi aspektən də yanaşmaq istəmirik. Ancaq elmi aspektdə psixoloji xidmət və yanaşmanın işlənib-hazırlanmasında belə, bu istiqamətdə aparılan elmi araşdırmalar, psixodiaqnostika, psixokorreksiya və inkişafedici üsullar var. Heyf ki, bu üsulları yerinə yetirməkdə çətinlik yaşayan gəncliyin əlindəyik. Bəlkə də bunun ən böyük səbəbi müxtəlif fikirlərdən irəli gəlir. “Öz həyatındır, yaşa” düşüncəsi ilə irəliləyirlər. Hansı ki, öz həyatını yaşa deyərkən, kariyeranı başqa yollarla qur deyə bir fikir nəzərdə tutulmur. Bunu elmi cəhətdən öz üzərində işləyərək, peşəni sevdirərək edə bilərsən. Bu gün öz peşəsini sevərək, ona sadiq qalan biri sabah da həyat yoldaşına bu sadiqliyi göstərəcək”. 

Psixoloq həmçinin əlavə edib ki, hər şey ailədən irəli gəlir: 

“Hazırda sağlam ailədə doğulan, normal tərbiyə görən uşaqlar belə hər hansı yolla bir balaca nüfuzu olan, fikrini qışqır-bağırla ifadə edən adam görəndə düşünür ki, onun etdiyi doğrudur. İstər sosial şəbəkələr, istərsə də efirlərdə səsləndirilən qalmaqallı fikirlər normal gəncləri də korlayır və onlar düşünür ki, belə daha doğrudur. Əvvəllər ailə içində hər hansı mübahisə yaşandığı zaman o evdən çıxıb məktəbə gedən uşaqlar çalışırdı ki, heç kimi görməsin. Bir həyəcan, bir məsuliyyət var idi. Lakin indi açıq-aşkar bağıran, səs-küylü gəncliyin içərisində biz sadəcə olaraq evliliyin bu qədər də önəmsənmədiyini görürüksə, niyə məhz ali məktəblərin məzun günlərində evlilik təklifləri olur? Bunun cavabı çox sadədir. Oğlanlar düşünür ki, sevdiyim qız normal olmayan cəmiyyətə adaptasiya olmadan öz ailəmi qurum. Beləliklə, gənclər “mənim övladımın atası, anası bu olsun” deyə bu addımı atırlar. Həmin düşüncələrlə gözəl ailə sahibi olurlar. Oxşar psixoloji araşdırmalarda bu kimi hallar çoxdur. Sözügedən evlilik təkliflərini önyarğı ilə də qarşılayanlar var. Bildirilir ki, əgər gənclər diz çökərək bir üzük təklif etməklə, bunu qəbul etməklə ailə quracaqsa, bəs ata-ana xeyir-duası harada qaldı? Bütün bu kimi fikirlərdən sonra indiki gəncliyin içərisində bir yumruğa sığışdığımız məqam olur: Hər şey ailədən irəli gəlir. Əgər ailə sağlam olarsa, düzgün psixoloji xəritəni çəkərsə, dediyimiz natamamlıqların yerini doldura bilərik. Şəxsiyyət və xasiyyət qüsurundan əziyyət çəkənləri nümunə olaraq göstərib, bizim cəmiyyətimiz budur demək isə doğru deyil”. 

Aytac Şahin 


Telegram kanalımız
Chosen
124
17
yenisabah.az

10Sources