EN

COP29 ərəfəsində təxribat cəhdi?- Xəzər 1,2 metr qalxıb?

Image

Əmir Əliyev: “Keçən ilə nisbətən Xəzərin səviyyəsi təxminən 15-16 sm azalıb, artım yoxdur, artım 1995-ci ildən kəsilib”

Xəzər dənizi nəinki region ölkələrinin, eləcə də beynəlxalq enerji şirkətlərinin diqqətində olan strateji bir enerji mənbəyidir. Elə bu səbəbdən də Xəzərlə bağlı müxtəlif fikirlər var, hətta onun haqda  dezinformasiyalar belə yayılır.

Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi ilə baş tutacaq COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı) ərəfəsində Xəzərlə bağlı müəyyən təxribatçı məlumatlar, həqiqəti əks etdirməyən informasiyalar yayılır. 

NUR.KZ-in yaydığı məlumata görə, Xəzərdə suyun səviyyəsi bir metrdən çox qalxıb. 

Sayt Su Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Atırau vilayətində Xəzər dənizində suyun səviyyəsi qalxıb və nəticədə güclü daşqınlar baş verib. “Departamentin məlumatına görə, 2024-cü ildə Xəzər dənizinin şimal-şərq hissəsinin (Atırau vilayəti) səviyyəsi 119 santimetr artıb. Buna aprel-may aylarında Jayk çayı boyunca sel sularının bol axması, həmçinin Su Təsərrüfatı Nazirliyinin yerli hökumətlə birgə çəkdiyi əlavə kanallar kömək edib”.

Qeyd olunur ki, daşqınlar zamanı Xəzər dənizinə 7,4 milyard kubmetrə yaxın su Jayk çayı vasitəsilə daxil olub. Bildirilir ki, sel sularını dənizə yönəltmək üçün Atırau vilayətindəki Kazvodxoz filialı əlavə kanallardan istifadə edib. Onların vasitəsilə Xəzər dənizinə 350 milyon kubmetr su gəlib. Bu kanalların hər birində “Kazvodxoz”un mütəxəssisləri təmizlik, bərkitmə və digər işlər görüb. “Məsələn, Sokolok kanalı boyunca əlavə olaraq 14,5 km uzunluğunda kanal qazılıb, onun vasitəsilə su Xəzər dənizinə göndərilib. Sel suları təkcə su anbarlarına yığılmayıb, mənsəblərə və çəmənliklərə 12,4 milyard kubmetr su göndərilib, bundan əlavə, Balxaş gölünə 3,3 milyard kubmetr su göndərilib Şimal Aral dənizinin doldurulması davam edir, ilin əvvəlindən buraya 1,1 milyard kubmetrdən çox su daxil olub”, - deyə su təsərrüfatı və irriqasiya nazirinin müavini Nurlan Əldəmcərov bildirib. Qeyd edirlər ki, 2023-cü ilin iyununda Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün Aktauda təbii fövqəladə vəziyyət elan edilib. 

Bildirirlər ki, bu, layihələndirmə və tədqiqat işlərinin aparılması üçün lazım idi. Bundan əvvəl də Ekologiya Nazirliyinin nümayəndələri Xəzər dənizinin niyə dayazlaşdığını izah ediblər. Sayt yazır ki, ekoloqların fikrincə, son 120 ildə Xəzər dənizinin səviyyəsi Baltik sistemində mənfi 25 metrdən mənfi 29-a qədər dəyişib. 

“Hazırda Xəzər dənizinin səviyyəsi Baltikyanı sistemə görə mənfi 28,6 metrdir. ”, - deyə Ekologiya Siyasəti və Davamlı İnkişaf Departamentinin direktoru Akzan Şiranov bildirib. O bildirib ki, dəniz səviyyəsinin azalması üçün ilkin şərtlər var. “İqlim dəyişikliyi, su axınının azalması kimi problemlər var - bu, Xəzər dənizindəki suyun demək olar ki, 95%-ni təşkil edən Volqa, Ural çayı boyunca suyun azalması, yağıntının azalması illikdir”.

Sayt yazır ki,  Qazaxıstanda Xəzərin tədqiqi üçün elmi institut yaradılacaq.

Doğrudanmı Xəzərin suyu 1 metrdən çox qalxıb? 

“Bizim proqnozlarımıza görə, təxminən 2050-ci ilə qədər Xəzərin səviyyəsi indikindən 1 metr, 1 metr yarım aşağı düşə bilər” 

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, professor Əmir Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, Xəzərin səviyyəsinin artması ilə bağlı məlumat həqiqəti əks etdirmir. Professorun sözlərinə görə, uzun illərdir ki, Xəzərdə suyun səviyyəsi enir. “Xəzərin suyu 1996-cı ildən bu yana azalır. Bu azalma təxminən 2 metrdir. Bu azalma ildə 10-15 santmetr təşkil edir. Ona görə də artımdan söhbət gedə bilməz. Bu, yalan və təxribatçı məlumatdan baş bir şey deyil. Xəzər dənizinin səviyyəsi hazırda 28,75 metrdir. Keçən ilə nisbətən Xəzərin səviyyəsi təxminən 15-16 sm azalıb, artım yoxdur, artım 1995-ci ildən kəsilib”. 

Xəzər dənizində suyun səviyyəsinin atdığına dair yayılan məlumatların məqsədinə gəlincə, Ə.Əliyev bildirdi ki, Azərbaycan çox mötəbər bir tədbirə hazırlaşır və belə xəbərlər də, çox güman, gözügötürməzlikdən irəli gəlir. “Azərbaycanda COP29 kimi mötəbər bir tədbir keçirilməsini çoxlarının gözü götürmür və bu səbəbdən də əks təbliğatlar aparırlar. Mən özüm srağagün Xəzərin sahilindən gəlmişəm və ölçmüşəm ki, görüm nə qədər azalıb. Sahildə elə yerlər var su 200, elə yerlər də var 150 metr çəkilib. O, sahilin relyefindən aslıdır. Su çəkilib və çəkilməkdə də davam edir. Bizim proqnozlarımıza görə, təxminən 2050-ci ilə qədər Xəzərin səviyyəsi indikindən 1 metr, 1 metr yarım aşağı düşə bilər. Çəkilmə baş verəcək, düzən yerlərdə çox, dik yerlərdə az olacaq. Getdikcə çəkilir. Artımdan söhbət gedə bilməz. Xəzərdə artım 1978-ci ildən 1995-ci ilə qədər olan dövrdə baş verdi və həmin dövrdə suyun səviyyəsi  2,5 metrə qalxdı. 1995-ci ildən bugünə qədər dənizin səviyyəsi təxminən 2 metr aşağı düşüb.   Bu aşağı düşmə də təxminən 2050-ci ilə qədər davam edəcək. Ondan sonra geriyə dönüş başlayacaq və Xəzərin səviyyəsində artma olacaq”. 

Xəzərin tarixində suyun səviyyəsinin aşağı düşmə və qalxma dövrlərinin olduğunu deyən professorun sözlərinə görə, Xəzərin səviyyəsində ən böyük qalxma 1805-ci ildə baş verib, o dövrdən bugünə qədər isə əsasən azalma prosesi gedir. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources