EN

Xəstəliyinə baxmayaraq Ələsgər Məmmədlinin həbs müddəti daha üç ay uzadıldı

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin səhhətindəki ciddi problemlərə baxmayaraq, məhkəmə istintaqın onun ilkin həbs müddətinin daha üç ay uzadılması haqqında təqdimatını və vəsatətini təmin edib. Vəkili Aqil Layıc bildirib ki, Ə.Məmmədlinin səhhəti stabil-ağır olaraq qalır. Onun qalxanabənzər vəzində şişlərlə əlaqədar yalnız boğazının sol tərəfindən biopsiya götürülüb. Ancaq böyük şiş sağ tərəfdə yerləşir. Vəkil deyib ki, məhkəmə qərarına baxmayaraq, Ələsgər Məmmədlinin ailə həkimləri biopsiya proseduruna buraxılmayıb. Həkimlərinin təyin etdiyi komponentlər üzrə analiz də götürülməyib. Vəkilin sözlərinə görə, bu, biopsiyanın və analizlərin yaxın günlərdə açıqlanacaq nəticələrinə etimadı sarsıdır. Müdafiə tərəfi sağ tərəfdəki şişin biopsiyasının keçirilməsində də israr edəcək. Bundan başqa, Ə.Məmmədlinin həbs müddətinin uzadılması haqqında məhkəmə qərarından apellyasiya şikayəti veriləcək. İyulun 3-də Ə.Məmmədlidən başqa “Toplum işi”üzrə daha üç nəfərin – Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayevin, İlkin Əmrahovun və Əli Zeynalovun həbs qətimkan tədbiri 3 ay uzadılıb. Müdafiə tərəfi məhkəmənin qərarını əsassız sayır. Ötən ilin noyabrından Azərbaycanda aralarında “ToplumTV”, “Abzas Media” nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər deyirlər ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
xural.com

1Sources