Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) tikintisində və istismarında fəal iştirak etməyə hazırdır.
Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb.
Bildirilir ki, Çin tərəfi həmçinin Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazırdır.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ildən fəaliyyət göstərir və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2,8 milyon tona yaxın yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü ildə yükdaşımaların həcmi 4 milyon tonu keçəcək. Bu ilin sonuna qədər Orta Dəhliz vasitəsilə 250-yə yaxın konteyner bloku qatarının göndərilməsi planlaşdırılır. Bununla yanaşı, iyun ayından etibarən Lyanyunqan limanından, eləcə də Sian limanından Bakıya konteyner bloku qatarları göndərilir.