EN

II qrup əlili idmançıdan baş məşqçisinə narazılıq: "Sağlam idmançıları götürürlər" – VİDEO

II qrup əlili, diskatma üzrə ikiqat dünya mükafatçısı, IV İslam Həmrəylik Oyunlarının qalibi Samir Nəbiyev Milli Paralimpiya Komitəsində haqsızlıqla üzləşdiyini iddia edir. "Neftçi" İdman Klubunun paraatleti videomüraciətində millinin baş məşqçisi Oleq Panyutinin onun hüquqlarını pozduğunu, mayda Yaponiyanın Kobe şəhərində keçirilmiş dünya çempionatında normativləri yerinə yetirsə də, ondan Paris Paralimpiya Oyunlarına getməyi üçün yenidən normativ istənildiyini bildirib. O, Komitədə əlilliyi olmayan sağlam idmançılara üstünlük verildiyini vurğulayıb və bu səbəbdən əlilliyi olan şəxsləri idmana yazılmamağa çağırıb.

Prosport.Az məsələ ilə bağlı Milli Paralimpiya Komitəsinin mövqeyini öyrənməyə çalışıb. Verdiyimiz sorğuya cavab olaraq bildirilib ki, sabah sınaq xarakterli əlavə yarış keçiriləcək və bundan sonra Paralimpiya Oyunlarına gedəcək sonuncu – 5-ci idmançının kimliyinə aydınlıq gələcək:

"Milli Paralimpiya Komitəsinin sorğusuna əsasən, Dünya Paraatletika Federasiyası tərəfindən paraaetlika üzrə milli komandamızın 1 idmançısına "Paris-2024" Paralimpiya Oyunlarında iştirak hüququ verilib. Bununla da Paris Paralimpiadasında mübarizə aparacaq paraatletlərimizin sayı 5-ə çatıb.

Paris Paralimpiadasına gedəcək paraatletimizi müəyyənləşdirmək üçün milli komandamızın baş məşqçisi tərəfindən idmançıların son hazırlığını nəzərdən keçirmək məqsədilə 5 iyulda Samir Nəbiyev ilə Rüfət Rəfiyev arasında hər biri öz kateqoriyası üzrə (müvafiq olaraq F-57, F-36) sınaq xarakterli yarış keçirilməsi qərara alınıb.

Qeyd edək ki, sınaq xarakterli yarışda daha yaxşı nəticə göstərən idmançı Paris Paralimpiadasında iştirak etmək imkanı əldə edəcək.

"Paris-2024" Paralimpiya Oyunlarına lisenziya qazanmış 4 paraatletimiz – Oloxan Musayev, Orxan Aslanov, Səid Nəcəfzadə və Lamiyə Vəliyeva yarışa ən yaxşı formada hazırlığını davam etdirir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
107
prosport.az

1Sources