EN

Dünya bazarında çaxnaşma: Azərbaycana necə təsir edəcək?

Düyü ixracı üzrə dünya lideri hesab edilən Hindistan cari təqvim ilində xarici bazarlara 21,47 milyon ton düyü ixrac etməyi planlaşdırır.

Bu barədə “S&P Global Commodity Insights” məlumat yayıb.

Bildirilir ki, bu, ötən ilin göstəricisindən 14 % çoxdur və ölkə tarixində ən yüksək göstərici ola bilər.

Məlumata  əsasən, Hindistan düyü ixracatçıları regionda kəskin konteyner çatışmazlığı fonunda yüklərin təsadüfi və qəfil ləğvi ilə üzləşirlər ki, bu da yaxın həftələrdə yük göndərmə həcmlərinin azalmasına səbəb ola bilər:

"Konteynerlərin kəskin çatışmazlığına bir çox amillər, o cümlədən Çindən ABŞ-a yük daşımalarına tələbatın kəskin artması və tranzit marşrutlarının uzanmasına səbəb olan Qırmızı dənizdəki münaqişə səbəb olub".

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, son bir neçə ayda daşınma tariflərinin artması çox ciddi təlatüma səbəb olub:

"Ötən il düyü bazarında təlatüm Hindistanın qoyduğu qadağalarla bağlı olub. Bu il isə daşınma tariflərinin artması təlatümə səbəb olub. Hesab edirəm ki, bu ötəri bir təsirə sahib olacaq. Bildirim ki, Rusiya-Ukrayna müharibəsi zamanı taxıl qıtlığı yaranmışdı, nəticədə ərzaq tədarükü zənciri qırılmışdır. Bunun bərpası üçün 1 il zamana ehtiyac yarandı. 

Lakin düyü dünya üçün buğda, taxıl qədər vacib qida məhsulu deyil. Amma bunun da əhəmiyyəti var. Demək olar ki, qarşıdakı aylarda konteyner şirkətləri çox sürətlə konteyner istehsalına başlayacaqlar.

Çünki konteynerlərin istehsalı şirkətlərə böyük məbləğdə pul qazandırır, buna görə hər kəs konteynerləri artıracaq. Buna görə də narahat olmağa ehtiyac yoxdur. Hesab edirəm ki, düyünün qiymətinin artımı dünya bazarına 1 ay çəkəcək. Bu müddətdən sonra məsələ öz həllini tapacaq və düyünün qiyməti də normallaşacaq".

Chosen
82
50
cebheinfo.az

10Sources