EN

“Araz-Naxçıvan”ın kapitanı püşk barədə: Geridə qalan oyunları unudaraq özümüz üçün hədəf qoymalıyıq

“Araz-Naxçıvan”ın

Bakı, 4 iyul, AZƏRTAC

Hədəfimiz qrup mərhələsini lider bitirməkdir. Rəhbərlik də komandanın qarşısına bunu qoyub.

Bu fikri AZƏRTAC-a müsahibəsində “Araz-Naxçıvan” futzal komandasının qapıçısı Emin Kürdov Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.

Təcrübəli qolkiper rəqibləri arasında yalnız Estoniyanın “Sillamae” komandası barədə məlumatlı olduğunu bildirib: “Son illər Estoniyada futzal inkişaf edir. Bu komandanın heyətində də keyfiyyətli braziliyalı oyunçular var. Düşünürəm ki, onlar qrup mərhələsinin iddialı kollektivlərindən biri olacaq”.

Kapitan yeni mövsümə hazırlıqlarına başladıqlarını bildirsə də, heyətlərinin komplektləşmədiyini söyləyib: “Bir neçə oyunçu komandanı tərk edib. Hələlik tam heyətlə toplanış keçmirik. Qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcək. Bilirsiniz ki, Çempionlar Liqasının qrup mərhələsində çətinlik çəkirdik. İndi geridə qalan oyunları unudub, özümüz üçün hədəf qoymalıyıq. İnanıram ki, uğurlu nəticə əldə edəcəyik”.

Qeyd edək ki, “Araz-Naxçıvan” H qrupunda “Uddevalla” (İsveç), “Sparta” ( Belfast, Şimali İrlandiya) və “Sillamae” (Estoniya) klubları ilə qarşılaşacaq. Matçlar avqustun 20-25-də keçiriləcək. Hər qrupun oyunu bir ölkədə təşkil olunacaq. Reqlamentə əsasən, yalnız qrup qalibləri əsas mərhələyə vəsiqə qazanacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
1
azertag.az

2Sources