EN

Müsavatdan 10 nəfərə vəzifə veriləcək - ŞOK PLAN 

Ölkənin əsas müxalifət partiyalarının birinin sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı dəqiqləşib. 

Müsavat Partiyasının Məclisi ötən gün bununla bağlı müvafiq qərar qəbul edib. 

Yenisabah.az xəbər verir ki, Ali Məclisin iclası gərgin müzakirə şəraitində keçsə də, partiya rəhbərliyi seçkilərdə iştirakla bağlı mövqeyini əsaslandırmağı bacarıb. 

Nəticədə, Məclis üzvlərindən 51-i lehinə, 19-u əleyhinə olmaqla növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edilib. 

“Yeni Sabah” bu qərarın arxasında dayanan səbəbləri öyrənə bilib. Partiyanın aparıcı simalarından biri bizimlə söhbət zamanı İsa Qəmbərin yenidən sədr seçilməsindən sonra qarşısına qoyduğu hədəfləri açıqlayıb. Onun sözlərinə görə, yeni başqan Müsavatı silkələmək, partiyanı çoxillik ətalətdən xilas etməyi qarşısına əsas vəzifə qoyub. Mənbə deyib ki, Müsavat Partiyasının sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı qərarının arxasında da ilk növbədə bu amil dayanır. 

Onun sözlərinə görə, Müsavat rəhbərliyi seçki marafonunun partiyada əməlli-başlı canlanma yaradacağını düşünür. Bu kampaniya həm də Müsavat sıralarına yeni üzvlərin cəlb edilməsi ilə nəticələnə bilər. 

İsa Qəmbərin müxalif düşərgədə ən təcrübəli siyasətçi olduğuna diqqət çəkən həmsöhbətimiz onun “kiçik hesablarla” kifayətlənməyəcəyini iddia edib. Qeyd edib ki, başqanın əsas hədəfi Müsavatı parlament partiyasına çevirməkdir. Onun sözlərinə görə, Qəmbər sentyabrın 1-də ən azı 4-5 Müsavat funksionerinin mandat qazanacağına inanır. Hətta seçki dönəmində hakimiyyətlə münasibətləri gərginləşdirməmək və qarşılıqlı ittihamlardan yayınmaq üçün namizədlik iddiasından imtina etməyi düşünür.

Müsavat funksioneri təmsil etdiyi təşkilatın 4-5 mandatla Milli Məclisdə təmsil olunacağı təqdirdə, parlament partiyasına çevriləcəklərini bildirib. Bu isə Müsavata dairə və məntəqə seçki komissiyalarında təmsil olunmaq hüququ verəcək. 

Nəticədə, ən azı 10 müsavatçı Dairə Seçki Komissiyalarında (DSK) katib olaraq daimi, 100-dən çox müsavatçı isə məntəqə seçki komissiyalarında müvəqqəti işlə təmin olunacaq. 

Bu isə növbəti seçkilərdə Müsavat Partiyasına digər müxalif partiyalarla müqayisədə mübarizəyə bir addım öndə başlamaq imkanı verəcək. 

Sonda mənbə bildirib ki, hadisələrin inkişafı seçkinin gedişindən asılı olacaq. İsa Qəmbər səsverməyə bir neçə gün qalmış hiss etsə ki, hakimiyyət Müsavatı bu dəfə də qapı arxasında qoyacaq, o zaman sürpriz varianta - boykot taktikasına əl atılacaq. 

 Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources