EN

COP29 Azərbaycanın nüfuzunu daha da artıracaq

“Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq”. 

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxışında deyib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək.

Qeyd edək ki, təxminən 200 ölkənin yekdil dəstəyi ilə bu il COP29-a Azərbaycan ev sahibliyi edəcək. Bu mötəbər tədbir payızda paytaxt Bakıda keçiriləcək. COP29 çərçivəsində təqribən 70-80 min xarici qonağın ölkəmizə gəlməsi gözlənilir. Azərbaycanın bu beynəlxalq tədbiri də yüksək səviyyədə keçirəcəyi hamıya məlumdur. Hətta indidən COP29-dan sonra ölkəmizin nüfuzunun qlobal miqyasda daha da artacağını deyə bilərik. Çünki Azərbaycan indiyə kimi bütün belə beynəlxalq tədbirlərin öhdəsindən məharətlə gəlməyi bacarıb. 

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Azərbaycanın COP29-a sədrlik etməsi ölkəmiz adına uğurlu bir addım və möhtəşəm hadisədir:

“Ölkəmizin beynəlxalq miqyasda fəallığı indiki narahat, ədalətsizliyin cövlan etdiyi dünyamız üçün haqsızlığa məruz qalan ölkələrin, xalqların müdafiəsi baxımından da faydalıdır. Dünyamız istər ekoloji, istər sülh və təhlükəsizlik, istər sağlamlıq, istərsə də digər istiqamətlərdə çox gərgin bir mərhələyə qədəm qoyub. Azərbaycanın belə bir mərhələdə fəallıq etməsi, COP29-a sədrliyi və Qoşulmama Hərəkatındakı rəhbərliyi qlobal problemlərin həlli baxımından faydalıdır”. 

Həmsöhbətimiz onu da əlavə edib ki, COP29-un Bakıda keçirilməsi tarixi hadisədir:

“Bu, xüsusən inkişaf etməkdə olan ölkələr, onların pozulan hüquqlarının müdafiəsi, qarşılaşdıqları haqsızlıqların beynəlxalq tribunalardan çatdırılması yönümündən də vacibdir. Azərbaycanın inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq cəhdləri təqdirəlayiqdir. Həddindən artıq kasıb, inkişafında çox ciddi problemlər olan ölkələrin legitim maraqlarının qorunması, onların səsinin bəşəriyyətə çatdırılması çox vacibdir. Azərbaycanın bu çətin və məsuliyyətli işin öhdəsindən gələcəyinə inanıram”.

Chosen
98
cebheinfo.az

1Sources