EN

ABŞ NATO-nun yeni baş katibini qiymətləndirib

Payızda NATO-nun baş katibi vəzifəsini icra edəcək Hollandiyanın keçmiş baş naziri Mark Rutte hərbi blokun üzləşdiyi problemlərin öhdəsindən gəlməyə qadirdir. "Yeni Azərbaycan" "Bloomberg" ə istinadən  xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş ali komandanı Ceyms Stavridis deyib.

“Rutte iddiasız siyasətçidir. O, yüksək mütəşəkkildir, məlumatlara əsaslanır, seçiciləri tərəfindən sevilir və həmişə hadisələrə nəzarət etmək istəyir. Bütün bunlar onun NATO-nun üzləşdiyi ən mühüm çağırışların öhdəsindən gəlmək bacarığının yaxşı əlamətləridir”, - deyə  alyansın keçmiş baş komandanı bildirib.

Stavridis onu da xatırladıb ki, Rutteni 2010-cu ildən tanıyır. Onun sözlərinə görə, siyasətçi özünü Şimali Atlantika Alyansına üzvlüyə sadiq olan məsuliyyətli lider kimi təsdiqləyib.

Alyansın hazırkı baş katibi Yens Stoltenberqin səlahiyyətləri 2024-cü il oktyabrın 1-də başa çatır. Ruttenin oktyabrın 2-də sələfini əvəz edəcəyi və vəzifəsinin icrasına başlayacağı gözlənilir. Məlumat üçün bildirək ki, alyansın bütün 32 ölkəsi bu təyinata razılıq verib.


Havar Şəfiyeva

1Sources