EN

"Qanun qüvvəyə minənə qədər maarifləndirmək lazımdır ki, molla kəbini ilə qohum evliliyi artmasın" - ÇAĞIRIŞ

Bir müddət əvvəl Milli Məclis qohum evliliklərinin məhdudlaşdırılması ilə bağlı qanunda dəyişiklikləri müzakirə etdi. Qərar verildi ki, qohum evliliklərinə məhdudiyyət qoyulsun. Deputatlar bu mövzunun genefondun qorunması məqsədilə müzakirə edildiyini və gündəmə gətirildiyini qeyd etdi. Amma qanun gələn ildən qüvvəyə minəcək. Bu da o deməkdir ki, qalan aylar ərzində nişanlı olan qohumlar evlənə bilər.


Sosioloq Əhməd Qəşəmoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hansı adətdən gəlməyinə baxmayaraq Azərbaycanda bu qohum evliliyi çox ayıb və çox ziyanlı bir məsələdir. Hər kəs bilir ki, qan qohumları arasındakı evliliklərdə, xüsusilə əmi qızı ilə evlənəndə onların uşaqlarında xəstəliklər yaranır.

“Bu xəstəliklər anadan olanda olmur. Uşaq 5-10 yaşına çatanda özünü biruzə verməyə başlayır. Ölkəmizdə çox məşhur bir xanım var, onun qardaşı gedib əmisi qızını almışdı. Onların bir uşağı olmuşdu. Uşaq 26-27 yaşında evlənmişdi. Oğlan uşağı idi, 30 yaşında böyrəkləri çürüməyə başladı. Onu müxtəlif ölkələrdə müayinə etdilər. Sonra məlum oldu ki, uşaq qohum evliliyindən olduğu üçün erkən yaşda böyrəkləri çürüyür. Xilas da edə bilmədilər”-deyə Əhməd Qəşəmoğlu danışıb.

Sosioloqun sözlərinə görə, qohum evlilikləri təhlükəlidir.

“Qədim dövrlərdə bu kimi addımları hakimiyyətin başqa tayfaya keçməməsi üçün atırdılar. Çünki əhali də az olub. Bu adəti belə saxlamaq, "bunun kəbini göydə kəsilib" kimi əsassız və gələcəyi olmayan iddiaların nəticəsi göz önündədir.

İslamın mahiyyətini başa düşən alimlər bunu çoxdan qadağan etməli idilər. Çünki İslamda murdar və haram terminləri var. Məsələn; su və çörək müqəddəsdir. Amma belə bir şey var ki, çox yemək haramdır. Ona görə haramdır ki, çox yeyəndə təhlükə gəlir. Nədən ki, çox təhlükə gəlir İslam dinində haram buyrulub. Bu məntiqlə götürsək, təbii ki, qan qohumu ilə evlənmək haramdır. Bunun əksinə mollalar da təbliğ edir ki, “peyğəmbərimiz bunu deyib, filan şəxs belə deyib, filankəs elə deyib”. Konkret fakt ortadadır. Əsrlər boyu da bu statistika mövcud olub. Bunu biraz real həyatda da nəzərə almaq lazımdır”-deyən sosioloq qanunu yüksək qiymətləndirdiyini dilə gətirib.

Əhməd Qəşəmoğlu qeyd edib ki, bu qanunun qəbul edilməsində onun da əməyi var.

“Sağ olsunlar ki, bu qanunu qəbul ediblər. Belə bir məsələ var ki, kəskin olaraq, dərhal qanun qüvvəyə minə bilməz. Çünki elə adamlar var ki, hansısa əmiqızı və əmioğlu bu qüvvənin təsiri altında 5 ildir bir-birini sevir, bir-biri ilə görüşür. Birdən-birə bunu qadağan etməyin özü də, ayrı bir problemdir. Buna tədricən keçməliyik. Sonra bu vəziyyət VVAQ şöbələrində qadağan edilməlidir. Ətraflı şəkildə maarifləndirmək lazımdır. Əks halda gedib, hansısa molla vasitəsilə kəbin kəsdirib yenə ailə quracaqlar”-deyən sosioloq bildirib ki, bu məsələyə qarşı diqqətli olmaq lazımdır.

Əhməd Qəşəmoğlu hesab edir ki, digər xalqlar bu vəziyyəti vəhşilik kimi qiymətləndirir.

“Rusa desən ki, əmin qızınla evlən, gör sənə nə deyir. Bizə və bu prosesə vəhşilik əlaməti kimi baxırlar. Buna görə istər sosial tərəfdən, istər psixoloji tərəfdən ,istər tibbi cəhətdən yaxın qohumla evlənmək doğru məsələ deyil. Əxlaq və mənəvi cəhətdən səhv addımdır”-deyə Əhməd Qəşəmoğlu bildirib.

Chosen
89
paytaxt.org

1Sources