EN

Vətənpərvərlik hisslərinin tərbiyəsi "mən”in mürəkkəb formada tərbiyə üsuludur

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır

Heydər Əliyev

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin aşılanmasında hər kəsin üzərinə böyük vəzifə düşür.

Azərbaycan dövlətində də milli mənlik şüuru, vətənpərvərlik hisslərinin gənclərə aşılanması hər zaman diqqət mərkəzində olub və gənclərin bu istiqamətdə formalaşması üçün əsaslı addımlar atılıb. Bu, Qarabağın tamamilə düşmən işğalından azad edilməsi ilə sübut olundu. Ancaq bununla kifayətlənməməli və gələcək nəsillərin də bu ruhda böyüməsi üçün hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, gənc nəslin milli mənlik şüurunun inkişafı müasir dünyanın həmçinin xalqımızın vacib məsələlərindən hesab olunur və bu mövzu ilə bağlı Ümummilli Liderimiz Heydər Əliyevin “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır” sözləri daim xalqın, gənc nəslin mənlik şüurunun formalaşmasında işıq olub.

Onun sözlərinə görə, milli mənlik şüuru sayəsində milllət, xalq və etnik qruplar tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətləri bütün dolğunluğu ilə dərk edirlər və milli mənlik şüuru, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa xas olan keyfiyyətdir.

Vətənpərvərlik hisslərinin aşılanmasının və bu milli dəyərlərin davam etdirilməsinin hər bir dövlətin və bizlərin əsas vəzifələrindən olduğunu deyən E.Rüstəmov qeyd edib ki, hər bir tərbiyənin əsası ailədə qoyulur:

“Növbəti mərhələdə bu proses məktəbəqədər tərbiyə müəssisələrində, məktəblərdə və daha sonralar ail təhsil müəssisələrində davam etdirilir. Ailədən sonra məktəb və ali təhsil müəssisələrinin uşağın milli mənlik şüurunun inkişafındə rolu çox böyükdür. Bu nöqtədə təhsil ocaqlarında fəaliyyət göstərən hər bir şəxs, əsasən də müəllimlər, habelə psixoloqlar, pedaqoqlar uşaqların vətənpərvərlik hisslərinin tərbiyəsinə xüsusi diqqət etməlidirlər”.

Müsahibiz həmçinin nəzərə çatdırıb ki, ölkəmizin bu sahədə qəbul etdiyi qanunlar mənəvi əxlaqi dəyərləri və zənginliyi özündə birləşdirən mənlik şüurunun inkişafı üzrə mühüm məsələləri vəzifə kimi qarşıya qoyur və bu baxımdan, fiziki cəhətdən möhkəm, sağlam uşaqların tərbiyə edilməsi, onlara milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin aşılanması təhsil müəssisələrindən böyük məsuliyyət tələb edir.

Elnur Rüstəmov: Vətənpərvərlik hisslərinin aşılanması hər bir dövlətin və bizlərin əsas vəzifələrindən biridir

Psixoloq bildirib ki, pedoqoqların gəldikləri nəticələrə görə, əsasən məktəbəqədər tərbiyə müəssisələrində və orta məktəblərdə ölkənin tarixi, keçmişi haqqında qəhrəmanlarla görüşlərin keçirilməsi, viktorinaların təşkili uşaqlarda mənəvi-əxlaqi keyfiyyətlərin, elmi biliklərin təkmilləşməsinə, vətənə məhəbbət hisslərinin formalaşmasına müsbət təsir göstərir, orta məktəb proqramı çərçivəsində şagirdlərin tarixi muzeylərlə tanışlığı, müxtəlif ekskursiyaların təşkil edilməsi bu baxımdan çox faydalıdır:

“Azərbaycan Respublikasının uğurla həyata keçirdiyi müharibələrdən sonra isə bu tarixi məlumatların uşaqlara ötürülməsi olduqca vacib nüansdır. Uşaqların psixi sağlamlığının qorunması üçün onların vətən və müharibələr haqqında verdiyi suallara həssas yanaşılmalıdır. Uşaq psixoloqları məktəbəqədər uşaqlar, şagirdlərə, abituriyentlərə əsasən də müharibə şəraitində böyüyən uşaqlara ölkəmizin tarixində baş verən hadisələri, müharibələri, dost və düşmən mövqeyində olan ölkələri onun psixikasına mənfi təsir etməyəcək şəkildə izah etməyi bacarmalıdır”.

E.Rüstəmov vətəndaşlığın insanın cəmiyyətlə sosial-psixoloji, əxlaqi-etik, o cümlədən pedoqoji əlaqəsi olduğunu nəzərə çatdırıraq vurğulayıb ki, doğma yurda, doğma dilə məhəbbət insan üçün kiçik məfhumlardan - öz ailəsinə, evinə məhəbbətdən başlayır və bünövrəsi möhkəm qoyulan bu məhəbbətin dayaqları da möhkəm olur, get-gedə daha böyük məfhumlara - vətənə, xalqa, onun tarixinə, mədəniyyətinə sevgiyə aparıb çıxarır.

Onun sözlərinə görə, uşaqların və gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsində bəzi meyarlar böyük əhəmiyyət kəsb edir:

“Məsələn, öz kökünə bağlı olan meyarlar vətəninin, xalqının tarixini dərindən bilməyi, öz soykökünə bağlılığı özündə birləşdirir. Emosional meyarlar isə digər insanlara hörmət, ana yurda, doğma təbiətə məhəbbət, təbii sərvətlərə qayğını ifadə edir”.

Psixoloq diqqətə çatdırıb ki, uşaqlıq illəri, hər şeydən əvvəl, insan ürəyinin tərbiyə olunmasıdır. Vətənpərvərlik isə, elə bir hissdir ki, ürəyi tərbiyə etmədən bu hisslərə sahib olmaq qeyri-mümkündür və vətənpərvərlik ifadəsi öz məzmununa görə çoxşaxəlidir, onu heç bir sözlə ifadə etmək mümkün deyil:

“Bu hiss insanda tədricən formalaşır və müxtəlif psixoloji və siyasi müdaxilələr nəticəsində inkişaf etdirilir. Dünyanı, insanları tanıdıqca, elmi biliklərə yiyələndikcə vətənpərvərlik hissləri də möhkəmlənir. İnsan dünyanı dərk etdikcə, onun yaxınlarına, doğmalarına, vətəninə, torpağına məhəbbəti, sevgisi də artır”.

E.Rüstəmov söyləyib ki, psixoloji baxımdan, insanlarda vətənpərvərlik hisslərinin tərbiyəsi "mən”in mürəkkəb formada tərbiyə üsuludur və burada məqsəd öz vətəninə, xalqına məhəbbət hisslərinin aşılanmasıdır.

Müsahibimizin dediyinə görə, tədqiqatçılar hesab edirlər ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Milli şüur insanın hisslərinin, duyğularının milli səviyyədə əxz olunmasıdır. Burada psixoloji aspektdən vicdan duyğusu və milli mənlik önəmli rol oynayır. Vicdanı olan hər bir vətəndaş öz doğulduğu torpağın qədrini bilməli, onun təbii sərvətlərini qorumalı və mühafizə etməlidir:

“Heç kimə sirr deyil ki, mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Bu gün hamımız övladlarımızın taleyi üçün məsuliyyət daşıyırıq”.

O, Azərbaycan dövlətinin milli mənlik şüurunun və vətənpərlik hisslərinin tərbiyəsi istiqamətində məqsədyönlü siyasət apardığını diqqətə çatdırıb və söyləyib ki, bu gün milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz yüksək səviyyədə qorunur, tariximiz dərindən öyrənilir:

“Gələcəyinə qiymət verən millətlər gənclərin yetişməsinə böyük diqqət göstərməli və bunun üçün əlindən gələni əsirgəməməlidir. Daha uğurlu nəticələr əldə etmək üçün bu mövzuya kompleks şəkildə yanaşılmalı və buna görə fəaliyyət planı ortaya qoyulmalıdır”.

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Chosen
131
bakivaxti.az

1Sources