EN

®Həkim-pediatr: Uşaqları çimərliyə aparanda müəyyən qaydalara ciddi riayət edilməlidir

İsti yay günlərini yaşayırıq. Sərinləmək və təmiz hava qəbul etmək üçün dəniz sahillərinə - çimərliklərə üz tutanlar da çoxdur. Xəzər sahillərinə üz tutmaq, uşaqlarının dəniz suyunda çimməsi, sahildəki qum üzərində oynaması hər bir valideynin arzusudur. Dəniz suyunun və qumun faydası haqqında çox eşitmişik. Bəs çimərliklərdə uşaqların həm yaxşı dincəlməsi, həm də bunun onların sağlamlığına faydalı olması üçün ən çox nəyə diqqət etmək lazımdır?

Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Təranə Göyüşova bu barədə suallarımıza aydınlıq gətirib.

-Həkim, uşaqları çimərliyə apararkən ən çox nəyə diqqət yetirilməlidir?

-Valideynlər hər zaman isti yay aylarında uşaqların mümkün qədər çox günəş şüaları altında olmasını və D vitamini qəbul etməsini istəyirlər. Çimərliklər uşaqların fiziki və ruhi inkişafında mühüm rol oynayır. Lakin uşaqları çimərliyə aparan zaman müəyyən qaydalara ciddi riayət edilməlidir.

Uşaqları səhər saat 10:00-a qədər və axşam saat 17:00-dan sonra çimərliyə aparmaq lazımdır. Saat 11:00-16:00 arasında günəş şüaları çox təsirli olduğu üçün bu zaman kəsiyində uşaqları çimərliyə aparmaq olmaz.Yay aylarında günün isti vaxtında günəş şüaları altında qalmaq və dəniz kənarında olmaq uşaqlara məsləhət görülmür. Valideynlər uşaqları daha çox günəşin zərərli şüalarından qorumalıdırlar. Belə ki, günəş şüaları altında uzun müddət qalmaq onlarda bir çox xəstəliklərə səbəb ola bilər.

-Uşaqları hansı yaşdan çimərliyə aparmaq olar?

-Altı ayı tamam olmamış körpələri dənizə aparmaq məsləhət deyil, həmin vaxt ötəndən sonra aparmaq olar. Bu zaman çimərliyin təmiz olmasına diqqət etmək lazımdır. Belə ki, natəmiz olan yerdən uşaqlara infeksiya keçə bilər və bu, onların səhhətində problemlər yarada bilər. Uşağı dəniz suyunda 20 dəqiqədən çox saxlamaq olmaz. Sudan çıxaran kimi uşağı təmiz su ilə yuyub qurulamaq lazımdır.

Dənizə gedən uşaqlara mütləq günəşdən qoruyucu kremlər çəkmək lazımdır. Həmin kremlər uşaqları ultrabənövşəyi şüaların təsirindən qoruyur və yanıqların yaranmasının qarşısını alır. Bu, çox vacib şərtdir. Həm də bu zaman keyfiyyətli kremlər çəkmək lazımdır.

-Orqanizmin kifayət qədər D vitamini alması üçün günəşin şüaları altında nə qədər qalmaq məsləhət görülür?

-D vitamini almaq üçün bir neçə dəqiqə gün altında gəzmək kifayət edir. D vitamini sintezi saat 11:00-dan 15:00-a qədər getdiyi üçün uşaqları həmin müddətdə kölgəli yerdə saxlamaq məsləhətdir. Günəş altında çıxarkən onlar kepka, şlyapa geyinməli və gün altına çıxmamışdan 30 dəqiqə əvvəl onların bədəninə qoruyucu krem çəkilməlidir. Hər dəfə dənizdə çiməndən sonra gün kremi yenidən vurulmalı, uşaq dənizdə çimirsə gün kremi hər 2 saatdan bir yenidən vurulmalıdır. Dərisinin rəngi açıq olan uşaqlar daha çox risk altında olur.

-Dənizdən çıxandan sonra uşaqlar yaş çimərlik geyimində günəş şüalrı altında oynamağı xoşlayır. Buna icazə vermək olarmı?

-Dənizdən və ya hovuzdan çıxandan sonra uşaqların yaş geyimləri dərhal dəyişilməlidir, çünki yaş geyimlə gəzmək onların sağlamlığını təhlükə altına alır. Gün altında qorunmadan uzun müddət qalanda hərarətin artması, baş ağrısı, bəzən də ürəkbulanması, qusma kimi əlamətlər müşahidə edilə bilər. Yüngül yanma zamanı dəridə qızartı, ağrı və yanma hissi, ağır yanıqlar zamanı isə su dolu qabarcıqlar və hüceyrə zədələnməsi halları yaranır.

-Əgər uşağın dərisi günəş şüalarından yanıbsa, nə etmək lazımdır? İlk yardım necə olmalıdır və sonradan müalicə tələb olunurmu?

-Uşağın dərisi böyüklərin dərisindən daha incə olduğu üçün yanıqlara daha çox məruz qalır. Dəri həssas olduğu üçün günəş şüaları onların dərilərini asanlıqla yandıra bilir. Uşaqlıq çağındakı günəş yanıqları sonrakı yaşlarda dəri xərçənginə tutulma riskini artırır. Günəş yanığı yaranan uşaqlara əvvəlcə buz müalicəsi tətbiq olunmalı və sonra yanıqlar mütləq həkim tərəfindən yoxlanmalıdır.

Müsahibəni apardı: Dilarə Zamanova,

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

Chosen
45
azertag.az

1Sources