EN

Məhkəmə Mehdiyevin kürəkəninin əleyhinə qərar verdi – 52 hektar torpaq sahəsi əlindən alındı

Şabran sakini Mansur İbrahimov keçmiş deputat İlham Əliyevin ona aid torpaq sahələrini – meyvə bağlarını zəbt etdiyini deyir. Müxtəlif məhkəmələrdə onların arasındakı mübahisə ilə bağlı bir neçə proses gedir. Bu məhkəmə çəkişmələrindən biri iyulun 5-də Sumqayıt Kommersiya Məhkəməsində yekunlaşıb. Hakim İ.Əliyevin əleyhinə qərar verib.

Keçmiş deputat İ.Əliyev həm də Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkənidir. M.İbrahimov da iddia edir ki, o, həm qayınatasının vəzifəsindən, həm də özünün deputat olmasından yararlanaraq Şabranda torpaqları ələ keçirib.

Sumqayıt Kommersiya Məhkəməsində keçirilən prosesdə M.İbrahimovun iddia tələbi 52 hektar torpaq sahəsi ilə bağlı idi.

İddiaçının sözlərinə görə, İ.Əliyevin "Turaz" şirkətinin 400 hektarlıq bağ-torpaq sahəsinin 52 hektarı sənəd-sübutla ona məxsusdur və geri qaytarılmalıdır. Məhkəmə İ.Əliyevə qarşı iddianı təmin edərək 52 hektar ərazinin boşaldılması və M.İbrahimova qaytarılmasına qərar verib.

M.İbrahimovla İ.Əliyev Şabran rayonunun Gəndov, Aygünlü və başqa kəndlərində yerləşən meyvə bağlarındakı məhsulun toplanıb satılması məsələsində ortaq olublar. 2011-ci ildə başlanan ortaqlıq çox çəkməyib və aralarında narazılıq doğub: "O vaxt bəzi problemlər vardı, İlham Əliyevin təklifi ilə razılaşmalı oldum və o, "Turaz" şirkətinə 50 faiz ortaq oldu. Razılaşma belə idi ki, o, maliyyə qoyacaq, mən də idarə edəcəyəm. Amma vədinə əməl etmədi. Əksinə, məni uzaqlaşdırdı, sıfırdan qurduğum şirkəti ələ keçirdi".

M.İbrahimov bunu da deyib ki, İ.Əliyevin deputat, qayınatasınınsa vəzifədə olduğu müddətdə şikayətin mənasız olduğunu düşündüyündən o vaxt şikayət etməyib.

Tərəflər arasında mülkiyyət davasına daha öncə - 2020-ci ildə Şabran rayon Məhkəməsində baxılıb. O qərar da sabiq deputatın əleyhinə olub. İ.Əliyev o zaman qərarla razılaşmayaraq apellyasiya şikayəti verib. Şikayətində də göstərib ki, meyvə bağları qanuni şəkildə onun mülkiyyətindədir. Ancaq Sumqayıt Apellyasiya Məhkəməsi aşağı instansiyanın qərarını dəyişməyib.

İndiki məhkəmə mübahisəsində də İ.Əliyev ünvanına səslənən iddiaları qəbul etməyib. Onun vəkili məhkəmədə vəsatətlər qaldırıb ki, mübahisə predmeti olan torpaq sahələrinin yerləşdiyi ərazinin bələdiyyə sədri məhkəməyə çağrılıb dindirilsin.

M.İbrahimovun şikayətlərindən sonra Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsində araşdırmalar gedib, cinayət işi başlanıb. İ.Əliyevin vəkilinin daha bir vəsatəti həmin araşdırma materiallarının alınıb məhkəmədə baxılması olub. Ancaq hakim vəsatətlərin heç birini təmin etməyib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
197
1
azpolitika.info

2Sources