EN

Quterreşdən əvvəl bunu İlham Əliyev deyib- ancaq məsələnin həll yolu nədir?..

Image

BMT-nin Baş katibi Antoniu Quterreş bildirib ki, bu il COP29 keçiriləcək, qlobal iqlim dəyişikliyinin qarşısını almaq üçün indidən addımlar atılmalıdır. Quterreş deyib ki, iqlim dəyişikliyi ilə mübarizə üçün daha böyük vəsait ayrılmalıdır: 

“COP29 maliyyə məsələləri ilə bağlı aydın strategiyaya ehtiyac duyur. İkinci məsələ süni intellektlə bağlıdır. Süni intellektlə bağlı risqlərin azaldılması üçün texnologiya şirkətləri, vətəndaş cəmiyyəti institutları ilə birgə çalışmalıyıq. Bizə vahid bazar, vahid internet kimi yanaşmalar lazımdır. Qlobal Rəqəmsal Razılaşma bizim üçün çox vacibdir”.

Qeyd   edək ki, Quterreşdən əvvəl bənzər mövzuya Prezident İlham Əliyev toxunub. İyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində Prezident bildirib ki, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq: “Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik”.

Qeyd edək ki, biz dəfələrlə Prezident İlham Əliyevin bəşəriyyəti narahat edən ciddi problemlərlə bağlı təşəbbüslə çıxış etdiyinə və əməli nəticəyə nail olduğuna şahidlik etmişik. Biz bunu pandemiyanın qızğın dönəmində yaranan vaksin problemi ilə bağlı da görmüşük. Məhz İlham Əliyev  bəzi ölkələrin yürütdüyü “vaksin milliyyətçiliyi” siyasətinə səssiz qalmadı və vaksinlərin ədalətli şəkildə bölüşdürülməsini təşviq etdi. Humanist dəyərləri əsas götürərək Azərbaycan, əksəriyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla, 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bununla yanaşı,  Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul etdi.

Qlobal qəza baş verdiyi vaxt Prezident İlham Əliyev ön plana çıxdı və koronavirusa qarşı mübarizənin yolunu göstərdi. Bu, həmrəylik idi. Azərbaycan Prezidenti əvvəlcə həmrəyliyi ölkə daxilində yaratdı. Daha sonra türkdilli ölkələr arasında həmrəyliyin yaradılması ilə bu modeli regional müstəviyə çıxardı. 

Növbəti mərhələ bu modelin beynəlxalq müstəviyə daşınması idi. Qoşulmama Hərəkatının sədri kimi Prezidentin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilən koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü pandemiyaya qarşı beynəlxalq müstəvidə ilk həmrəylik addımı idi. 

Prezident İlham Əliyev göstərir ki, bir ölkə üçün ərazi və əhali sayı çox da önəmli deyil, önəmli olan düzgün siyasət və siyasi iradədir. Azərbaycan ərazi və əhalisi böyük olan, dünya siyasətinə yön verən ölkələrin edə bilmədiyini edir. Dünyaya göstərdi ki, bütün bəşəri bəlalara qarşı birgə mübarizə mümkündür, bunlara qalib gəlmək üçün siyasi maraqları və toqquşmaları kənara qoymaq lazımdır.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
101
baki-xeber.com

1Sources