EN

HƏMAS: İsrail fələstinli qaçqınların qaldığı məktəbi bombalayıb

İDF: Bombalanan yer İDF əsgərlərinə qarşı hücumların həyata keçirildiyi əməliyyat qərargahı və sığınacaq kimi istifadə edilib

HƏMAS Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nusayrat bölgəsindəki əl-Cauni məktəbinin İsrail ordusunun döyüş təyyarələri tərəfindən bombalandığı ilə bağlı məlumat yayıb.

Bildirilib ki, minlərlə mülki şəxsin qaldığı məktəbə edilən bu hücum nəticəsində, əksəriyyəti uşaq və qadın olan 16 fələstinli həlak olub: “Günahsız köçkün mülki şəxslərin qaldığı UNRWA məktəbləri və sığınacaq mərkəzlərinin təkrar və sistemli şəkildə hədəfə alınması, orada dəhşətli qırğınlar törədilməsi o deməkdir ki, hökumət mülki əhalinin müdafiəsini tənzimləyən bütün qanunlara qarşı çıxır”.

Bəyanatda beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər Təşkilatından (BMT) Qəzzada törədilən müharibə cinayətləri və qanun pozuntularına son qoymaq üçün təcili tədbirlər görərək təsirli addımlar atması istənilib.

Bildirilib ki, İsrail Qəzza zolağına hücumlara başladığı 7 oktyabrdan bəri Ən-Nusayrat Qaçqınlar Düşərgəsində məcburi köçkünlərin qaldığı 17 məktəb və sığınacaq mərkəzini bombalayıb.

İsrail Müdafiə Qüvvələri (İDF) isə məlumat yayaraq bildirib ki, hava hücumunun Şin Bet (İsrail Təhlükəsizlik Agentliyi) ilə koordinasiyalı şəkildə, kəşfiyyat məlumatlarına əsasən həyata keçirildiyini, bir neçə terrorçunun zərərsizləşdirildiyi bildirib: “Zərbədən əvvəl mülki əhaliyə dəyən zərər riskini azaltmaq, o cümlədən dəqiq hava müşahidəsi və kəşfiyyat məlumatlarından istifadə etməklə addımlar atılıb”.

İsrail tərəfi qeyd edib ki, bombalanan yer İDF əsgərlərinə qarşı hücumların həyata keçirildiyi əməliyyat qərargahı və sığınacaq kimi istifadə edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
84
ikisahil.az

1Sources