EN

Biləsuvar sözü necə yaranıb? - Adları müzakirə doğuran RAYONLAR 

Modern.az saytı adları müzakirə doğuran bəzi rayonlarla bağlı tanınmış şəxslərin fikirlərinin təqdimatına davam edir.

Bu dəfə mövzumuz Biləsuvar rayonudur.

Biləsuvar rayonu Azərbaycanın qədim tarixi olan ərazilərdən biridir. Rayonun adının mnənası ilə bağlı müxtəlif fərziyyələr var. Qeyd edək ki, Sovet İmperiyası Azərbaycanı işğal edəndən sonra Biləsuvarın adını dəyişərək Puşkin qoymuşdu. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra -  Ali Sovetinin qərarı ilə rayonun tarixi adı özünə qaytarılıb və  yenidən Biləsuvar adlandırılıb.

Bəzi tarixçilər qeyd edirlər ki, Biləsuvar qədimdə iki tayfanın – bilyər və suvarların cəmlənib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer mənasını verir. 

Xalq etimologiyasına görə isə ərazi öz adını "belə", "su", "var" sözlərinin birləşməsindən alıb. 

Bəs əslən Biləsuvardan olan ziyalılar bununla bağlı nə fikirləşirlər?

VI çağırış Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun sözlərinə görə, Biləsuvar Azərbaycanın ən qədim bölgələrindən və dövlətçilik tariximizdə şəhər mədəniyyətinin formalaşdığı ilk yaşayış məskənlərindən biridir:

“Böyük ehtimalla demək mümkündür ki, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı, bilyər, yaxud bileh və suvar tayfaları da yaşamış, Biləsuvar toponimi də məhz bu iki tayfanın - Bileh (yaxud bolqar) və Suvarların adından əmələ gəlmişdir. Təsadüfi deyil ki, rayondan keçən kiçik çay da hələ də Bolqarçay adlanır. Nəzərə alaq ki, Bileh və Suvar tayfalarının izləri yalnız Azərbaycanı əhatələmir. Tarixin ən qüdrətli dövlətlərindən olan İdil Bulqar (Volqa Bulqarı) türk dövlətinin inkişaf etmiş şəhərləri sırasında Bulqar, Bilyar (Bileh) və Suvar şəhərlərinin adı sənətkarlıq və ticarət mərkəzləri kimi çəkilmişdir. Bundan başqa, hələ erkən orta əsrlərdə Sasani şahı Xosrov Ənuşirəvanın səfərlərinə dair qeydlərdə Biləsuvarın adından bəhs edilir və mənbələrə görə, o, Kür-Araz ovalığına 10 min "suvar" yerləşdirmişdi. Məhz bu kontekstdən mənbələrə görə "bilə" komponenti toponimiyada düzənlik, çöl, səhra deməkdir. Lakin birinci arqumentlə müqayisədə toponimin bu cür izahı ağlabatan deyil.
Digər bir mənbədə 1288-1290-cı illərdə Qızıl Ordu qoşunlarının Azərbaycana hücumu zamanı Elxani hökmdarı Arqun xanın hərbi düşərgəsinin Biləsuvarda olmasına dair yazılı qeyd var. Azərbaycan Sovet Ensiklopediyasının ikinci cildində Biləsuvar rayonu haqqında verilmiş məlumatda isə qeyd edilir ki, Biləsuvar, Piləsuvar - Azərbaycanda şəhər tipli orta əsr yaşayış məntəqəsidir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə "Biləsuvarı X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır". Lakin Bileh və Suvar tayfalarının tarixi ilə müqayisədə X əsr çox sonralara təsadüf edən dövrdür. Çox güman ki, adıçəkilən şəxs sadəcə məhz Biləsuvarda yeni şəhər saldırıb və bu yaşayış məskəni də XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayıb. Sonrakı dövrlərdə, 1828-ci ildə Biləsuvar şəhəri Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüş, inzibati mərkəzin bir hissəsi İranda qalmış, şimaldakı hissə isə boşaldılmışdır. 1914-cü ildə Rusiya imperiyası cənub sərhədlərini bağladıqdan sonra qədim Biləsuvarın əhalisi sərhəddən 20-40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür”.
 

Qafqazinfo.az saytının baş direktoru Elbrus Ərud bildirib ki, rayonun adı ilə bağlı bir neçə fərqli versiya var:
 

“Mənim bildiyim versiyaya görə rayonun adı "belə su var" ifadəsindən götürülüb. Ərazidə su mövcudluğunu bildirir”.
 

Rəşid Qarayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
5
modern.az

6Sources