EN

İranda seçkinin dəyəri: namizədlər təbliğata öz cibindən pul xərcləyir?

İranda

14-cü prezident seçkiləri İrana 12 milyard tümənə başa gəlib. Möhləti bitmiş 13-cü hökumətin bununla bağlı qərarı ictimaiyyətə təqdim olunub. Vəsaitin 10 milyardı seçkinin keçirilməsinə birbaşa cavabdeh olan Daxili İşlər Nazirliyi, 2 milyardı isə Nəzarətçilər Şurası boğazından aşağı enib. Seçki marafonunda iştirak etmiş namizədlərin təbliğat-təşviqat xərclərinə gəlincə, bu hesabat açıqlanmayacaq.

Bunun “niyə”si çox sadədir: İranda prezident, şəhər və kənd şuraları seçkilərində iştirak edən namizəd və siyasi partiyalardan, eləcə də Ekspertlər Şurasına seçkilərə qatılan ruhanilərdən maliyyə mənbələrini açıqlaması tələb olunmur. Konkret maliyyə monitorinqi qurumunun yoxluğu seçkilərin bu tərəfini ən mübahisəli məsələlərdən birinə çevirir. Bu, bir çox problemlərlə bərabər, rəqiblərin bir-birini əliəyrilikdə və oğurluqda ittiham etməsi üçün şərait yaradır. (Məhəmməd Tağı Əkbərinin “İran İslam Respublikasının seçki maliyyə sisteminin patologiyası” araşdırmasında bu məsələlər geniş şərh olunub).

Tutalım, islahatçı namizədin vəkili olmuş Cavad Zərifin ittihamları. Yəni Səid Cəlili tərəfdarlarının kənd sakinlərinə 300 min tümənlik alış-veriş kartı verməsi. Yaxud dini mədrəsələrdə təhsil alan tələbələrə reklam SMS-i göndərmək müqabilində 2 milyon tümənlik ödəniş, habelə ərzaq səbətləri və insanlara lazım olan digər əşyaların paylanması və s.

Bütün bunlar seçki dövründə mediada dolaşmış xəbərlərdə əksini tapıb. Söhbət puldan düşdükdə, həm islahatçı namizəd, həm də onun mühafizəkar rəqibləri mələk donuna girib. Məsələn, Məsud Pezeşkianın seki qərargahının rəhbəri Əli Əbdüləlizadə deyib ki, onun dəstəklədiyi namizədin əyalətlərdə çəkdiyi xərclər yerli fəalların ianəsidir.

Səid Cəlilinin seçki qərargahı da eyni iddiadadır. Məsələn, Zəncanda 15 seçki qərargahı reklam plakatlarının ödənişsiz qurulduğunu iddia edib.

Seçki kampaniyasında maliyyə hesabatına dair yeganə açıqlama Səid Cəliliyə aid “Twitter” hesabında olub: ilk 24 saatda 2303 saylı depozitdə 1 milyard 128 milyon tümən keçirilib.

“Tabnak” informasiya xəbər agentliyi Səid Cəlilinin seçki qərargahının açıqladığı hesab nömrəsinin Hüseyn Kamili və Abbas Rəncbər Kiuca adlı şəxslərə məxsus və “Toseyeye Təavon” Bankında (Kooperativ İnkişaf Bankı) olduğunu iddia edib.

Əleyhdarlar deyir ki, 100-dən çox əməliyyata cəlb olunan və 35 milyon tüməndən çox əmanət vergiyə cəlb olunmalıdır. Üstəlik, kartdan karta fiziki şəxslərə ayda 1 milyard tüməndən artıq məbləğ köçürülməsi də qanunla qadağandır; Kooperativ İnkişaf Bankı bununla bağlı qanun pozuntusuna yol verib, hesab sahibinə bank xidmətləri göstərilməməli idi...

Bu vəziyyət digər namizədlərə də şamil oluna bilər. Xüsusən, Əlirza Zakani və Əmir Hüseyn Qazizadə Haşiminin təbliğat-təşviqat xərclərinin dövlət vəsaitləri hesabına olmasına ödəməsinə dair şayiələr mövcuddur.

Fakt budur ki, İranda namizədlərin çəkəcəyi xərclərin bir qismi həqiqətən dövlət büdcəsi hesabına ödənilir. Bariz nümunə dövlət tele-radiosunda (“Səda vo sima”) namizədlərin təbliğat kampaniyası. Yəni onların hər biri haqqında sənədli filmlərlə yanaşı, müxtəlif proqramlarda müsahibələr. O cümlədən iqtisadi “dəyirmi masalar” (75 dəqiqə), mədəni “dəyirmi masalar” (90 dəqiqə), siyasi “dəyirmi masalar” (90 dəqiqə), üstəlik, 5 seçki debatı.

Seçkilərin birinci mərhələsində namizədlərin reklam vaxtı ilə bağlı “Iranwire” saytının hesablamaları göstərir ki, hər bir namizəd televiziya və radioda verilişlərinin təkrarı ilə, 1030 dəqiqəlik reklam vaxtına malik olub. Dövlət tele-radiosunda reklam yayımının orta tarifi 1 saniyə üçün 175 milyon tümən olduğundan bu hər bir namizədin üçün təxminən 10 milyard 815 milyon tümənə başa gəlib. Lakin 21 milyard 630 milyon tümən olduğu iddiası da var.

İkinci turda debatlar, çıxışlar (ən bahalı saatlarda 1380 dəqiqə TV vaxtı, saniyədə orta hesabla 175 milyon tümən reklam xərcləri) və s. 14 milyard 490 milyon tümənə başa gəlib.

Bu, dövlətin prezidentliyə namizədlər üçün boynuna götürdüyü yükdür, bəs yerdə qalan?

Xülasə, İslam Respublikasında seçkinin maliyyə tərəfi ciddi qanunverici çərçivələr müəyyən etməyənə qədər, dövlət informasiya agentliyi olan IRNA-nın hələ 2024-cü ilin fevralında parlament seçkilərinə dair yazdığı kimi, “siyasi korrupsiyanın yayılması, namizədlərin və ya siyasi partiyaların səs toplamaq üçün qeyri-qanuni prosedurlara əl atması, qeyri-qanuni resurslardan, o cümlədən cinayət əməllərindən və çirkli pulların yuyulmasından istifadə etməklə, maliyyə imkanları zəif olan partiya və namizədlərin sıradan çıxarılması, iqtidar partiyasının dövlət resurslarından qeyri-qanuni istifadə etməsi” mənzərəsi qalacaq.

Əziz RZAZADƏ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
reyting.az

1Sources