EN

Afinaya ifrat turist axını: Meriya problemin həlli yollarını axtarır

Afinaya

Bakı, 8 iyul, AZƏRTAC

Keçən il Afina yeddi milyondan çox turisti qarşılayıb və ekspertlər 2024-cü ildə bu sahədə ən az 20 faiz artım olacağını proqnozlaşdırır. Lakin Yunanıstan paytaxtının meriyası turizm gəlirlərinin böyük hissəsinin şəhər büdcəsindən yan keçərək dövlət xəzinəsinə daxil olmasından şikayətlənir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Athes News” informasiya-analitik saytı “Euronews” nəşrinə istinadla məlumat yayıb.

Avropa ölkələri Yunanıstan paytaxtını da narahat edən problemə çevrilmiş ifrat sayda turizmlə mübarizə üçün tədbirlər görür. Bir vaxtlar şəhər rəhbərliyi Afinanı bərə terminalı deyil, son təyinat yerinə çevirmək üçün çox səy göstərirdi, çox sayda turist Parfenonda selfi çəkdirdikdən sonra yunan adalarına yollanırdı.

Bəs nəticə nədən ibarətdir? Qərbi Attika Universitetinin turizm menecmenti professoru Katerina Kikilianın fikrincə, turist sayının ifrat dərəcədə artması artıq paytaxtın mənzil bazarını tanınmaz dərəcədə dəyişib; şəhərin hər yerində kirayə qiymətləri kəskin şəkildə artıb, xüsusən də mənzil əsas nəqliyyat növü olan metroya yaxındırsa, daha çox bahalaşma müşahidə olunur.

Məqalədə qeyd olunur ki, Barselona bu yaxınlarda qısamüddətli kirayələrə qarşı tədbir görüb, lakin Afina daha da irəli getmək istəyir və ondan da əhatəli yanaşmanı nəzərdən keçirir.

“Bütün bu turizm səyləri şəhər üçün iqtisadi baxımdan çox az əhəmiyyətə malikdir. Hər turist şəhərə 40 avro senti gətirir, amma iyul ayı olmasına baxmayaraq, biz bu pulu hələ də görməmişik. Demək istədiyim odur ki, biz turizmi davamlı etmək üçün bir yol tapmalıyıq ki, bu, daha böyük bərabərsizliyə səbəb olmasın”, –deyə Afina meri Haris Dukas “Euronews”a bildirib.

O qeyd edib ki, hazırda şəhərin turizm potensialı ilə bağlı araşdırma aparılır və onun nəticələri əsasında tədbirlər həyata keçiriləcək. Bunlardan birinin bələdiyyə tərəfindən təklif edildiyini deyən mer bildirib ki, həmin ideya beşulduzlu otellərdə 10 avroya qədər olan turizm rüsumu tətbiq etmək və demək olar ki, bütün Avropada olduğu kimi, onu şəhərin infrastrukturunun inkişafına yönəltməkdən ibarətdir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
88
azertag.az

1Sources