EN

14 nəfər xilas edilib— Çimərlikdə hansı təhlükəsizlik qaydalarını bilməliyik?

Ötən həftəsonu xilasetmə məntəqələrindən kənarda çimərkən batma təhlükəsi ilə üzləşən 10-dan çox insan xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mingəçevir” “Şüvəlan” “Mərdəkan” “Bilgəh” “Şıx” və “Tağıyev” sularda xilasetmə məntəqələrindən kənarda çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas olunub.

Çimərliklər yayda istirahət etmək və əylənmək istəyənlərin sevimli məkanıdır. Amma təhlükəsizlik qaydalarına riayət etmək burada ən vacib məsələdir. Dənizdə olarkən bir anlıq diqqətsizlik, arxayınlıq insana həyatı bahasına başa gələ bilər.

Təhlükəsizlik eksperti Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında dənizdə təhlükəsizlik qaydalarına əməl etməyin vacib olduğunu deyib:



“Dənizdə batma halları ən çox üzmək üçün nəzərdə tutulmayan yerlərdə baş verir. Bəzi insanlar özlərinə güvənərək xilasetmə məntəqələrindən kənarda çimirlər. Fövqəladə Hallar Nazirliyi hər mövsüm dəfələrlə bu barədə əhaliyə xəbərdarlıq edir. Təəssüf ki, bəzi insanlar buna məhəl qoymurlar. Çimməyin qadağan olunduğu ərazilərdə çimmək, üzmək olmaz. Bu yerlər ona görə qadağan olunur ki, suyun tərkibi sanitariya normalarına cavab vermir, gigiyenik deyil. Belə yerdə çimən insan infeksion xəstəliklərə tutula bilər. Bundan əlavə bəzi yerlərdə suyun dibinin relyefi çimmək üçün əlverişli deyil. Suyun dərinliyi çoxdur. İnsanlar bilmədən belə yerlərə istirahatə gedirlər. Hündür qayalıqlardan suya baş vururlar, bu hərəkət faciəvi sonluqla bitə bilər. Hündürlükdən suya tullanan insan suyun altında nəyin olduğunu bilmir. Suyun altında qaya parçası, daş, metal parçası ola bilər və insan yaralana, hətta ölə bilər. Bundan başqa, çimməyin qadağan olunduğu yerlərdə su sahildən başlayaraq dərinləşir, suyun axın sürəti yüksək olur. Dalğaya qarşı üzmək olmaz, sahilə paralel üzmək lazımdır. Az dalğalı olan günlərdə belə çox uzağa üzmək olmaz. Su qəfil dərinləşə bilər və insan bata bilər. Əlverişsiz havalarda, küləkli vaxtlarda dənizə getmək olmaz. Gecə vaxtı qaranlıqda suya girmək qəti şəkildə olmaz. Həmçinin spirtli içki içib suya girmək həyat üçün risklidir”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
115
demokrat.az

1Sources