Qarşıda bizi güləş üzrə dünya çempionatı gözləyir. Çalışacağıq ki, idmançılarımız həmin çempionatda daha yaxşı nəticələr əldə etsinlər, xalqımızı sevindirsinlər.
Bunu “Far.Az”a açıqlamasında Azərbaycanın güləş üzrə U-20 millisinin böyük məşqçisi Arif Abdullayev deyib.
O, vurğulayıb ki, sərbəst güləş üzrə gənclərdən ibarət yığma üçüncü dəfədir komanda hesabında Avropa çempionu olur: “Azərbaycan millisi 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu oldu. Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutdu.
Yarışda olduqca gərgin mübarizə getdi. Rusiya və Belarus komandaları ötən il yarışda iştirak etmirdilər. Lakin bu il yarışa qatıldılar”.
“Turnirdə çox güclü rəqiblər vardı. 65-60 klioqram çəkidə mübarizə aparan idmançılardan daha çox gözləntilər var idi. Eləcə də 57-61 kiloqram çəkidə mübarizə aparan güləşçilərin qızıl medallar qazanacaqlarını gözləyirdik. Amma elə oldu ki, fiziki hazırlıqlarının azacıq zəifliyi və taktiki gedişlərdə səhvlər etdilər. Çalışacağıq ki, idmançılarımız gələcək yarışlarda bu səhvləri etməsinlər”, - Arif Abdullayev deyib.
O, Gənclər və İdman Nazirliyinə, eləcə də digər qurumlara idmançılara göstərdikləri diqqət və qayğıya görə təşəkkür edib. Bildirib ki, Azərbaycan Güləş Federasiyasının diqqət və qayğısından milli üçüncü dəfə komanda hesabında Avropa çempionu olub.