EN

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları hansılardır?



İşçi ilə işəgötürən arasındakı bütün münasibətlər əmək müqaviləsi ilə tənzimlənir

Hər bir insan öz əməyinin bəhrəsini görməli, layiq olduğu qiyməti almalıdır. Söhbət işçidən gedirsə, təbii, onunla bağlı bütün məsələlər qanunvericiliyə uyğun olmalıdır ki, bundan nə o ziyan çəksin, nə də dövlət büdcəsinə daxil olmalı olan vəsait kənara axsın. Bunun qarşısının alınması üçün əmək müqaviləsi məsələsi aktuallaşıb. İşçilərlə əmək müqaviləsi bağlanması son illər gərəkli bir tələb kimi işəgötürən təşkilatların qarşısına qoyulub.
Əlbəttə, bu müqavilənin bağlanması işçilərin əmək hüququnun rəsmi qaydada tanınmasına, qorunmasına, eləcə də onların gələcəyinin etibarlı təminatçısı rolu oynamasına dəlalət edir.

İşçi ilə işəgötürən arasındakı bütün münasibətlər əmək müqaviləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində ümumi hüquqi təmİnatlar öz əksini tapıb. Bəs əmək müqaviləsi üzrə işçinin əsas hüquqları hansılardır?

Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:

a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq;
b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;
c) iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq;
ç) həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək;
d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq;
e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək;
ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək;
f) mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq;
g) qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq;
ğ) müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq;
h) qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək;
x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək;
ı) peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq;
i) əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək;
j) işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək;
k) qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək;
q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;
l) sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək;
m) işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq;
n) iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq;
o) elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək.

Əmək müqaviləsi üzrə işçinin hansı əsas vəzifələri var?

a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
c) əməyin təhlükəsizliyi normalarına əməl etmək;
ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

Aydın məsələdir ki, əmək müqaviləsinin bağlanmaması təkcə dövlət büdcəsinə ödənilməli olan gəlir vergisinin gizlədilməsi deyil, həm də vətəndaşın özü üçün yaratdığı ciddi sosial problemdir. Hər bir vətəndaş bilməlidir ki, onun sosial təminatının gələcəyi öz əlindədir və bu prosesdə fəal iştirak etmək gələcəkdə sosial hüquqların tam təmin olunması ilə nəticələnir. Pensiya - müavinət təminatında işçilərlə əmək müqaviləsinin bağlanması, əməkhaqlarının leqallaşdırılması, məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməsi mühüm rol oynayır. Azərbaycanda əmək pensiyaları vətəndaşın ödədiyi sosial sığorta haqları əsasında hesablanır. Bu isə o deməkdir ki, işləyən vətəndaşlar iş yerində əmək müqavilələrinin bağlanmasına, sosial sığorta haqlarının ödənməsinə son dərəcə diqqətlə yanaşmalı və sosial sığorta şəhadətnaməsi almalıdır. Gələcəkdə normal pensiya almaq istəyən hər bir kəs daha çox sosial sığorta haqqının ödənilməsinə çalışmalıdır.

Beynəlxalq Sosial Təminat Assosiasiyasının qənaətinə görə, əməyin təhlükəsizliyinin yüksək səviyyədə təşkili və sağlamlığın qorunması mədəniyyətinin artırılması ilə bu itkilərin qarşısını almaq mümkündür. Ancaq bu istiqamətdə geniş təbliğat-təşviqat işləri, məlumatlandırma və maarifləndirici tədbirlərin həyata keçirilməsi də vacib hesab olunur. Bu mənada gələcəyini etibarlı, dayanıqlı müdafiənin əhatəsində görmək istəyən hər bir işçi Azərbaycan Respublikasının qanununa uyğun olaraq əmək müqaviləsi bağlayaraq çalışmalıdır. Bu olarsa, vətəndaşın gələcəyə ümidləri də parlaq olar.

Cavid

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Əmək hüquqları üzrə maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
newscenter.az

1Sources