EN

Mərkəzi Seçki Komissiyasının iclası

İyulun 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. 

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildi­riblər ki, əvvəlcə MSK-nın iyulun 6-da keçi­rilən iclasının protokolu təsdiq edilib. Sonra bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair məsələyə baxılıb. 

Diqqətə çatdırılıb ki, 2024-cü il sentyab­rın 1-nə təyin edilmiş Azərbaycan Respubli­kasının Milli Məclisinə növbədənkənar seç­kilərlə əlaqədar olaraq, işğaldan azad edilmiş ərazilərdə məskunlaşan, eləcə də uzunmüd­dətli bərpa, tikinti-quruculuq və abadlıq işlə­rində çalışan çoxsaylı seçicilərin seçki hüquq­larının təmin edilməsi üçün həmin ərazilərdə yeni seçki məntəqələrinin yaradılması zə­rurətə çevrilib. Komissiya üzvlərinin məsələ ətrafında müzakirələrinin ardınca yerli və digər şərait nəzərə alınmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının va­cibliyi əsas götürülərək, 84 saylı Füzuli, 118 saylı Ağdam–Xocalı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 124 saylı Şuşa–Ağdam–Xo­cavənd və 125 saylı Zəngilan–Qubadlı seçki dairələrinin hüdudları daxilində Seçki Məcəl­ləsinin tələblərinə uyğun qaydada yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissiyalarının təşkili müvafiq dairə seçki komissiyalarına həvalə edilib.

Daha sonra VI çağırış Azərbaycan Res­publikası Milli Məclisinin deputatı Adil Abış oğlu Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Bildirilib ki, Milli Məclisin deputatı Adil Əliyev Azərbay­can Respublikası Prezidentinin sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyə­tinin başçısı təyin edildiyinə görə ölkə Kons­titusiyasının və Seçki Məcəlləsinin tələblərinə əsasən deputat səlahiyyətlərinə xitam veril­məlidir. MSK qeyd olunanları nəzərə alaraq qanunvericiliyə uyğun qaydada Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi barə­də qərar qəbul edib.

Komissiyanın iclasında Milli Məclisə növbədənkənar seçkilərdə Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Cəbhə Partiyası, Ədalət, Hüquq, De­mokratiya (ƏHD) Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası və Ağ Partiyasının səlahiyyətli nümayəndələ­rinin qeydə alınması məsələsinə də baxılıb. Sözügedən partiyalar tərəfindən təqdim olu­nan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.

Xarici qurum və media subyektləri nü­mayəndələrinin iştirak etdiyi iclasda, həmçi­nin cari məsələlərə də baxılıb. 

XQ

Chosen
63
9
xalqqazeti.az

10Sources