EN

Gürcüstanın Avropa qapıları bağlandı - kim uddu, kim uduzdu...

Qonşu ölkənin Aİ-yə inteqrasiya prosesi dayandırıldı, Rusiya kəşfiyyatı ABŞ-ın Tiflisdə inqilab planını açıqladı, Saakaşvilidən kritik anons - təhlil

Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi dayandırılıb. Məlumdur ki, bu barədə açıqlama verən Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski səbəbini də bəyan edib.

O, Tiflisdə Aİ-nin genişləndirilməsinə həsr edilmiş konfransda bildirib ki, Aİ tərəfindən Gürcüstanın müdafiə sahəsinə dəstək üçün nəzərdə tutulan 30 milyon avro məbləğindəki vəsaitin ayrılması da qeyri-müəyyən müddətə təxirə salınıb. Diplomat onu da bəyan edib ki, bu, sözügedən qurumun Gürcüstanla bağlı planlaşdırdığı tədbirlərin hələ hamısı deyil: “Biz Gürcüstan hökumətinə ayrılmalı olan vəsaiti bu ölkədə vətəndaş cəmiyyəti və mətbuatın inkişafına yönəldəcəyik. Bu barədə razılıq artıq əldə olunub”.

Pavel Herçinski onu da vurğulayıb ki, hazırda Gürcüstanın Avropa İttifaqına qəbulu dayandırılıb. Diplomat bunu iyunun 27-də Avropa İttifaqının liderlərinin çox aydın ifadə etdiklərini qeyd edib: “Oktyabrda bütün namizəd ölkələr üçün genişlənmə hesabatı dərc olunacaq və Aİ liderləri dekabrda növbəti addımlar barədə qərar qəbul edəcəklər. Lakin indiki vəziyyətdə Gürcüstanın bu il irəliləyəcəyini, növbəti mərhələyə keçəcəyini təsəvvür edə bilmirəm. Məhz ona görə ki, liderlər Gürcüstanın üzvlük prosesini dayandırmaq qərarına gəliblər”.

Faktiki olaraq Aİ səfirinin açıqlamasından belə başa düşülür ki, qurum Gürcüstan hökuməti ilə vidalaşıb və QHT, media sektoruna yatırımlar edəcək. Məqsəd isə sirr deyil. Bu arada belə iddia da yayılıb ki, Vaşinqton ötən il oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinə əsaslanaraq Gürcüstanda hakimiyyət dəyişikliyində qərarlıdır. Bu xəbərdarlığı Rusiyanın Xarici Kəşfiyyat Xidməti edib. Bildirilib ki, bu məqsədlə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının ölkə daxilində nüfuzdan salınması, daxildə baş verən bütün uğursuzluqlarda məhz Rusiyanın günahlandırılması istiqamətində plan hazırlanıb: “Seçilmiş taktikaya əsasən bu planın əsas hərəkətverici qüvvəsi olan Prezident Salome Zurabişvili ABŞ mətbuatına müsahibə verib ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin dondurulmasında Rusiyanı ittiham edəcək. O, müsahibəsində həmçinin hökumətin Rusiya ilə yaxınlaşmasının faciəvi nəticələri barədə də danışacaq”.

Qeyd edilib ki, ABŞ tərəfindən Gürcüstan müxalifətinə ölkədə etiraz aksiyalarının keçirilməsinə dair göstəriş verilib. “Gürcüstanın taleyi oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə həll olunacaq”. Ölkənin sabiq prezidenti Mixail Saakaşvili belə deyib. “Sizə bunları söyləmək istəyirəm: doqquz ildə apardığımız, Gürcüstanı 90-cı illərin qaranlığından, bataqlığından çıxartdığımız islahatları indi heç kim ləğv edə bilməz. İndi ən vacibi irəli getməkdir, çünki bu seçki təkcə keçmiş yox, bu seçki xüsusilə və müstəsna olaraq gələcəklə bağlıdır”, - Saakaşvili bildirib. Beləliklə, aydın olur ki, yaxın dönəmdə Gürcüstanı sürprizlər gözləyir. Qərb QHT və əlaltı mediası vasitəsilə Gürcüstanda hakimiyyət dəyişikliyi planını reallaşdıra bilər. Sözsüz ki, Qərb və Rusiya Cənubi Qafqazda strateji rəqabət aparır. Ermənistanı öz çətiri altına almağa çalışan ABŞ Gürcüstanda itirdiyi mövqeyini də bərpa etməyə çalışır. O baxımdan ABŞ Gürcüstanla hərbi təlimləri təxirə salır, Aİ inteqraisya prosesini dayandırır və nəticədə gürcü iqtidarı sıxışdırılır. Prezident Salome Zurabişvili qeyd edib ki, Aİ-nın atdığı addım hökumətin anti-Avropa və anti-Qərb ritorikasına və hərəkətlərinə, hakim partiyanın yarıtmaz və düşmənçilik siyasətinə cavabdır.

Natiq

Natiq Cəfərli

ReAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli bugünlərdə Gürcüstandan qayıdıb və onun “Yeni Müsavat”a bildirdiyinə görə, hazırda maraqlı bir situasiya yaranıb. N.Cəfərli bildirir ki, Gürcüstan hökuməti Avrointeqrasiyadan imtina etmədiyini dəfələrlə açıqlayıb, Avrointeqasiya naziri də bunu bəyan edib: “Sadəcə, Brüsseldən və Vaşinqtondan olan reaksiyalar seçiciyə hesablanıb. Qərb mesaj verir ki, indiki hökumətə yox, müxalifətə səs verin, onlar sizi Aİ-yə daha sürətli inteqrasiya edə bilər. Amma "Gürcü arzusu" mövqeləri möhkəmləndirib, ölkədə ciddi iqtisadi inkişaf, ümumdaxili məhsulda artım var, inflyasiya aşağı düşüb, işsizlik sıfıra düşməkdədir. Ona görə yeganə məsələ Avrointeqrasiya ilə bağlıdır. Açığı, bu təzyiqlərin də effekt verəcəyini gözləmirəm. Eyni zamanda hökumət Rusiya ilə münasibətləri yaxşı saxlayır. Rus turistlər hesabına Gürcüstana 2 milyard pul daxil olub". N.Cəfərlinin dediyinə görə, bu il seçkidə limit olmayacaq, koalisiya hökuməti də qurula bilər, lakin hakim partiya seçkilərdə qalib gəlsə, ABŞ və Aİ hazırkı mövqeyini dəyişəcək, Gürcüstanın Avrointeqrasiyasını dəstəkləməyə davam edəcəklər. İndiki qərarlar sırf seçkiyə görə atılan addımlardır.

N.Cəfərli müşahidə edib ki, Gürcüstan iqtisadiyyatında vəziyyət kifayət qədər yaxşıdır: “2022-ci ildə ÜDM 10,4%, 2023-də 7%, 2024-cü ilin 1-ci rübündə isə 8,4% artıb. İşsizlik yox dərəcəsindədir, hətta hamı işçi axtarır, maaşlar yüksəlib. Doğrudur, son 3-4 ildə qiymətlər də artıb, artıq Gürcüstan Azərbaycandan ucuz deyil, hətta bir çox sahələrdə daha baha ölkədir, amma maaşların yüksəlməsi, inflyasiyanın son ildə 1% civarında olması ölkədə iqtisadi vəziyyətə xeyli müsbət təsir göstərib. Gürcülər AB ölkələrinə vizasız gedə bilir deyə, işçi qüvvəsinin bir hissəsi AB ölkələrinə gediblər - ev tikən və təmir edənlər, maşın və telefon ustaları, TİR sürücüləri və bir çox başqa peşə sahibləri Polşa, Almaniya və s. ölkələrdə yüksək qazanc əldə edirlər, Gürcüstanda isə işçi çatışmır. Ona görə də əvvəllər iş tapa bilməyən soydaşlarımızın hamısı indi Tiflis və digər şəhərlərdə 1500-2000 lari arası maaşı olan işi rahatlıqla tapa bilirlər. Hətta 1500 maaş artıq cəlbedici deyil, hamı 2000 və daha yuxarı maaşlı iş axtarır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
107
50
musavat.com

10Sources